İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qəbələ"dən möhtəşəm iki qol- FOTOLAR

5450 09.07.2015 22:47 İdman A A
İyulun 9-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qəbələ"- "Dinamo" (Tiflis, Gürcüstan) oyunu keçirilib. Musavat.com xəbər verir ki, Qəbələdə, şəhər stadionunda, saat 21.00-da başlanan oyun bir sıra məqamlarla yadda qalıb. 

Tiflisdə keçirilən görüşdə gürcü azarkeşlər stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar. Bu səbəbdən Qəbələ görüşündə azərbaycanlı fanatlar tərəfindən onlara cavab veriləcəyi ehtimal edilirdi. Bu səbəbdən polis oyuna baxmaq üçün stadiona gələn azarkeşləri diqqətlə yoxlamadan keçirir və uzun-uzadı yoxlama narazılıq yaradırdı.

Həmçinin, “Qəbələ” rəhbərliyi ilk matçda azarkeşlər arasında baş verən insidenti nəzərə alaraq, ehtiyatlı davranıb. Meydanda qapılardan birinin arxasındakı sektor boş saxlanılıb. Həmin sektora fanatlar buraxılmayıb. Gürcü azarkeşlər həmin sektorun sol tərəfində, azərbaycanlı azarkeşlərdən xeyli aralıda yerləşdiriliblər. 

Oyunun 25-ci dəqiqəsində “Dinamo” (Tiflis) fanatları Abxaziyanın Gürcüstanın ərazisi olduğunu göstərən plakat gətiriblər. Bundan sonra isə azərbaycanlı azarkeşlər Bütöv Azərbaycanın xəritəsi və “Borçalı Azərbaycan torpağıdır” kimi şüarlar qaldırıblar. Yaranan qarşıdurmaya polis müdaxilə edib və şüarlar dərhal polis tərəfindən götürülüb.  
 
Oyunun ilk hissəsində isə hesab açılmayıb.

İkinci hissənin onuncu dəqiqəsində azərbaycanlı azarkeşlər yenidən şüarlar səsləndirib və plakatlar qaldırıblar. Azarkeşlər Azərbaycan xəritəsini özündə əks etdirən plakat qaldırıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır” pankartını açıblar. Pankartda həmçinin “Sarvan no Marneuli” yazısı olub. Həmçinin, “Bostandere No Rustavi” və “Choruk Gemerli! No Bolnisi!” pankartları da qaldırılıb. Oyunun sonuna yaxın isə Gürüstan bayrağı yerə atılaraq tapdalanıb və yandırılıb.

Xatırladaq ki, komandaların Tiflisdə keçirilən birinci qarşılaşmasında “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayaraq, təhqir etmişdilər. Eyni zamanda, onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar.  

Qəbələdə keçirilən oyunun  yalnız 87-ci dəqiqəsində "Qəbələ" hesabı açıb- 1:0. Oyunun 90-cı dəqiqəsində "Qəbələ" daha bir qol vurub və hesab 2-0 olub. Qolları Sergey Zeynov və Aleksey Antonov vurublar.  Bununla da “Qəbələ” klubu tarixində ilkə imza atıb. İndiyədək avrokuboklarda  3 oyun keçirən klub qazandığı ilk qələbə sayəsində II təsnifat mərhələsinə də adlayıb.

Röya 
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR