"Qəbələ" Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü matçında qalib gələ bilməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna yekun vurulub. "Report"un məlumatına görə, turun son oyunu Qəbələdə keçirilib.
Eyniadlı komanda doğma azarkeşlər önündə Bakının "İnter" klubunu qəbul edib. İlk qol 30-cu dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Aleksey Antonov hesab açıb. Lakin "bankirlər"in cavab qolu gecikməyib. Dieqo Martins 5 dəqiqə sonra tablodakı rəqəmləri eyniləşdirib. İkinci hissədə stadiona toplaşan azsaylı azarkeşlər qol görməyib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, bu, "Qəbələ"nin ardıcıl 4-cü, "İnter"in isə ardıcıl 3-cü heç-heçəsi olub. 12 turdan sonra "Qəbələ" 22 xalla turnir cədvəlinin 2-ci, "İnter" isə 20 xalla 4-cü pilləsində qərarlaşıb. Turun digər oyunlarında "Xəzər Lənkəran" evdə "Qarabağ"a 0:1, "Neftçi" "Rəvan"a 2:3 hesabı ilə uduzub. "Zirə" Sumqayıt"ı 3:2 hesabı ilə yenib.AZAL - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib - 1:1.