İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra hakimiyyətləri erkən nikaha xeyir-dua verir - İDDİA

1077 29.12.2023 17:07 Sosial A A

Məlum olduğu kimi, Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a məlumat verilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

1703831952_photo1703831786.jpeg (779 KB)

Məsələyə Ombusdman Aparatı da reaksiya verib. Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb.
Bildirilib ki, azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.

Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Musavat.com-a şərhində qeyd etdi ki, erkən nişan və erkən nikah arasında o qədər ciddi fərq yoxdur, belə ki, uşağın fikri yayınır, o yalnız ailə qurmaq haqqında düşünür. M.Zeylanova qeyd etdi ki, erkən nikah məsuliyyət yaratsa da, erkən nişanlama yaratmır. Ekspert hesab edir ki, davranış dəyişmirsə, hüquqi məsuliyyət yükü qoymaq lazımdır: “Ailəni 5 min AZN cərimə etmək olar. Hər kəsi həbs etmək olmaz. Əgər cərimə də bu kimi hadisələrin qarşısını almağa kömək etməsə, cinayət məsuliyyəti həyata keçirilə bilər, həm də hər iki tərəfi cəlb etməklə”.

M.Zeynalova regionlara tez-tez səfər etdiyi üçün erkən nikaha cəlbə cəhdlə bağlı müşahidələrini paylaşdı:

16778490225533943653_1200x630.jpg (230 KB)

“Regionlarda erkən nikah, yaxud erkən nikaha hazırlıq bir çox səbəbdən yaranır. Bəzi ailələr uğurlu namizədə “yox” demək istəmirlər. Yaxud elə bölgə var ki, erkən ərə verilən qızlar yaxşı qız statusuna malik olurlar. Televiziya kanallarında göstərilənlərin təsiri ilə qızının evdən qaçmasının qarşısını almaq üçün, təhsilə meylin azalması ilə əlaqədar, müəyyən hadisələri eşidib namusunu qorumaq üçün və s. onlarla amili nəzərə alaraq valideynlər bu kimi addımlar atırlar. Çevrə, mühit çox önəmlidir. Köhnə qaydaları aradan qaldırmaq üçün yalnız qanunları sərtləşdirmək olar. Məsələn, qanun sərtləşdikdən sonra qızqaçırtma hadisələrinin sayında xeyli azalma var. Erkən nikahın da qarşısı nisbətən alınıb. Lakin bu dəfə də erkən nişanlayaraq uşağı belə demək olarsa, zəncirləyirlər...Adətən hüquq-mühafizə orqanları, sosial xidmətlər ailənin nəzarətə götürüldüyünü bildirirlər, amma bəzi hallarda xeyir-dua verən elə icra hakimiyyəti orqanı olur. Qızı ər evinə yola salırlar, sonra da hamilə olduğu üçün razılıq verildiyi deyilir. Bəzən evində xəstəsi var bəhanəsi gətirilir. Xəstələr üçün sosial xidmətçilərdən istifadə oluna bilər. Mən anlamıram, qız xidmətçidi, nökərdir, nədir? Erkən nikahla qızların istismarı insan alveri ilə nəticələnir. Mən bununla bağlı tədqiqat hazırlamışam. Çox zaman erkən ailə qurmağın qızların öz istəyi ilə olduğu bildirilir. Uşaqların ailə qurduqdan sonra nəzarətə götürülməsi üçün nəzərdə tutulmuş proqram yoxdur. Hətta ərdə olsa belə, ona peşə bacarıqları öyrədilməlidir. 3-4 uşaqla hər kəsin imtina etdiyi gənc qadınlar var...Uşaqların sənədi olmur, erkən ərə verildiyi üçün gənc qadınların sağlamlığında müxtəlif problemlər yaranır. Bütün bunları nəzərə alaraq nəzarət proqramı olmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Sabirabadda uşaq evliliyinə cəhd olunması ilə bağlı məlumat mediada və sosial şəbəkələrdə yaylmadan öncə rayondan daxil olan məlumat əsasında aidiyyatı qurumların əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın həmçinin Polis əməkdaşlarının və Komitənin Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə ailəyə səfər olunub.

Onun sözlərinə görə, ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onların diqqətinə çatdırılıb:

290555284_763354624821647_1946436409762477552_n (1) (3) (1) (1).jpg (36 KB)

“Yekun olaraq valideynlərdən azyaşlı qızın 18 yaşı tamam olana qədər toy mərasiminin baş tutmayacağına dair yazılı izahat alınıb”.

Bildirilib ki, əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə, Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Baş verənlər qızın psixoloji durumuna mənfi təsir göstərməsin deyə Komissiyanın və mərkəzin psixoloqları onunla tez-tez görüş də təşkil edəcəklər".

Xatırladaq ki, bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edən zaman bildirmişdi ki, Azərbaycan erkən nikahların sayı artır. Komitə sədri qeyd etmişdi ki, erkən nikahların dinamikasında nisbi artım var: “Keçən il 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik”, deyə B.Muradova əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR