İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçıları iş adamlarını talayır

2530 13.06.2013 09:55 Ölkə A A

2012-ci ildə İlham Əliyevin sərəncamı ilə Füzulidə kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kənd təsərrüfatının inkişafı üçün 1 milyon 600 min manat pul ayrılıb. Həmin pulun 41 min hektar sahəyə xərclənməsi nəzərdə tutulub. Sonradan bəlli olub ki, sənədlərdə göstərilən 41 min hektar sahənin 7 min hektarının saxtadır. “Azadlıq” qəzeti bu saxtakarlıqdan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin 800 min manat əldə etdiyini yazmışdı.
İmişlinin icra başçısı Vilyam Hacıyevin əməlləri isə dillər əzbəridir. V.Hacıyev Göygöl rayon icra hakimiyyətinin başçısı işlədiyi dövrdə «Kapitalbank»ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma sonradan onun pulunu verməyib. E.Hacıyev deyib ki, 2004-2006-cı illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı vaxt qardaşını yanına çağırıb: “Dedi ki, pul tap. Xərclədiyin vəsait rayona ayrılacaq puldan geri ödənəcək. Mən də qardaş kimi, ona dəstək olmaq üçün təklifi qəbul elədim və ərazidə abadlıq, təmir işləri apardım. Bu iş təxminən 32 min manata başa gəldi. O da bildirdi ki, hazırda pulum yoxdur, prezident rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma ilə bağlı pul ayıranda sənin vəsaitini qaytaracam. Düzü, mənim o qədər pulum yox idi. Sadəcə, qardaşımın sözünü yerə salmamaq üçün borc götürüb, həmin işləri həyata keçirdim. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədim”.
V.Hacıyevin qardaşından savayı bir neçə sahibkara da iş gördürməsi və sonradan pulunu verməməsi haqda da məlumatlar var.
Bugünlərdə Ağdamın icra başçısı Nizami Sadıqovun da sahibkarlardan pul yığımına start verməsi xəbəri yayılıb. Rayon sakini Gülhüseyn Səmədov “bizimdovr” saytına bildirib ki, N.Sadıqov rayondakı sahibkarlara rəsmən divan tutmaqla məşğuldur: “Ağdam camaatı hər zaman işə meylli olub. Hətta qaçqınçılıq dönəmində də bu camaat öz dolanışığını qurmağı bacardı. Amma indi Ağdamda biz özümüzə həyat qura bilmirik. Rayonun yarısını ermənilər, yarısını da Nizami Sadıqov işğal edib. Hər addım başında müxtəlif bəhanələrlə pul tələb edir”.
Sahibkarlar bildirir ki, icra başçısı indi də bəzi iş adamlarından “Qurtuluş günü” ilə bağlı pul vermələrini tələb edib: “Biz onsuz da dövlətin tədbirlərindən kənarda qalmırıq. Amma belə də olmaz. Sanki borcumuz var imiş kimi davranaraq, min bir əziyyətlə qazandıqlarımızı bəhanə ilə alıb, mənimsəyir. Bilsək ki, verdiyimiz pul həqiqətən də tədbirlərə xərclənir, canımız rahat olar”.
Qubanın icra başçısı Mübariz Ağayevin isə rayon mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkını yenidən qurmaq adı ilə sahibkarlardan töycü yığması da yeni xəbər deyil. Maraqlıdır ki, icra başçısının “maliyyə mənbəyi”nə həm də idarə-təşkilatların və məktəb müdirləri də çevriliblər. Yığılan pullar görüləcək işlərin həyata keçirilməsi üçün tələb olunan məbləğdən xeyli artıq olması da gizli deyil. Gizli qalan isə dövlət büdcəsindən ayrılan milyonları M.Ağayevin hansı bankdakı hesabına köçürməsidir.
Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) başçısı, nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğlu Mansur Məmmədovun rayondakı pul mənbələri də aşkardır.

Rayonun 20 milyon manatlıq büdcəsinin 7 milyonu  M.Məmmədovun cibinə “axıb”. 55 kəndi olan rayonda M.Məmmədovun ondan xəbərsiz Qaz İdarəsinə rəis təyin olunan Katib Qədiməliyevdən hansı üsullarla 20 min manat istəməsini və sonucda 25 min manat almasını bilməyən yoxdur. Kəndlərin suvarma suyu ilə təminatı bu gün də pis vəziyyətdədir.

Büdcədən bu məqsədlə ayrılan pulların “suya verilməsi” də M.Məmmədovun işidir. O, rayonu talan etməklə ildə azı 10 milyon manat qazanır. İcra başçılarının yarıtmaz, cinayət xarakterli fəaliyyətlərini isə araşdıran yoxdur. Sanki bu ölkədə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətdə deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR