İnsanlara hürriyət, millətlərə istiqlal!

Humanitar məqsədlərlə çox arvad almaq məsələsi

2361 15.12.2023 11:11 Yazarlar A A

 

Belə məlum olur ki, Şərq insanının əsasən üç dərdi var: 1. Arvad almaq; 2. Çox arvad almaq; 3.Arvadları saxlamaq...

Söz yox, başqa dərdlər də var, amma onlar dördüncü, beşinci dərəcəli məsələlərdir.

Bu qənaətə gəlmək üçün ərəb mədəniyyətinin güclü sirayət etdiyi ölkələrin siyasət və din adamlarının, eləcə də bir qism ziyalılarının açıqlamalarına diqqət etmək kifayətdir. İllərdir, onların söhbətləri dönüb-dolaşıb yuxarıda dediyim məsələnin, əsasən də ikinci bəndin üstünə gəlir.

Sonuncu dəfə bu söhbəti Çeçenistanın fironu Ramzan Kadırov xırdalayıb. Yayda böyrəyi işləmədiyi üçün komaya girdiyi, öldüyü deyilən Ramzan bu günlərdə yerli sakinlərlə görüşündə, ona verilən suala cavab olaraq deyib: “İki arvad sənin əsl kişi olduğunun tərifidir. Üç yaxşıdır. Dördü xoşbəxtlikdir. Peyğəmbərimiz belə buyurub”.

Heç demə, 4 il əvvəl Moskvanın müftisi İldar Alyautdinov bildiribmiş ki, Rusiyada qadınlar üçün əlavə sosial müdafiə yaratmaq və cəmiyyətdə əxlaqın tənəzzülünü dayandırmaq üçün ölkə çoxarvadlılığı mütləq qanuniləşdirməlidir.

Arealımızda çoxarvadlılığa qarşı çıxan din xadimi olmadığı üçün İldar hocanın bu açıqlamasına təəccüblənmək doğru olmaz.

Ancaq siz söhbətə baxın: “əlavə sosial müdafiə yaratmaq üçün”. Bu, həvəsli adamların öz manyaklıqlarına qanuni don geydirmək, bu işi sırf sosial motivlərlə bağlamaq cəhdidir. Yəni bunlar iki və daha çox arvadı məhz ona görə alırlar ki, onlara baxsınlar, ehtiyac çəkməyə qoymasınlar. Humanizm aktıdır, ağlınıza pis şey gəlməsin.

Neçə vaxtddır, din adamları Özbəkistanda, Qırğızıstanda da qımıldanır, altdan-altdan çoxarvadlılığı qanuniləşdirmək çağırışları edirlər. Amma hökumət hələlik dirəşib, deyir, fas-farağat yerinizdə oturun. Arada müvafiq qanunun qəbul edilməsini gözləməyə hövsələsi çatmayan, məsələni öz şəxsi imkanlarıyla həll edənlər də olur, amma çox ağ edənlər ilişirlər. Ona görə də bir çoxları çalışır ki, hələlik məşuqə institutu ilə kifayətlənsinlər, münasibətləri hər saat sənədləşdirməsinlər. “İmam nikahı” deyilən bir şey də karlarına gəlir - “3 manat pul, bir kəllə qənd, bir molla” məsələsi... İntəhası, məzənnə 3 manatdan çox-çox yuxarılara çıxıb.

Bu xüsusda kəndçimiz Musa kişinin bir söhbəti var. SSRİ-ni çökhaçök illərində Horadiz şəhərində mədəniyyət evinin müdiri olan Musa bəyin yolu bir gün İrana düşmüşdü. Qayıdıb gələndən sonra danışırdı: “Məni apardılar kəndin ən varlı, ən hörmətli adamının evinə. Yaşı 60-ı keçmiş kişi idi. Evin böyük zalında 15-20 kişi pərdənin bu tayında, bir o qədər qadın da pərdənin o üzündə oturub mənə qulaq asırdılar. Şuravidən gəlmiş adamın söhbətləri onlara maraqlıydı. Söhbətin şirin yerində ərbab soruşdu ki, doğrudurmu sizdə kişilər yalnız bir arvad alırlar və ona qane olurlar. Dedim ki, bəli, bizdə hər kişinin bir arvadı olur, hər arvadın da bir əri. İki arvadı olanı isə cəzalandırırlar. Hamısı başını buladı. Sanki qəbahət iş görürmüşük. Ev yiyəsi dedi ki, məsələn, mənim 4 arvadım var. Artist damarım tutdu, dedim, ağsaqqal, bu düzgün deyil axı, bax, özün də torpaq sahibisən, bilirsən, tutaq ki, arxında dörd tarlanın birinə yetəcək qədər su var, birini suvarırsan, üçü qalır axı. Ağsaqqal razılaşmadı, özünü elə göstərdi ki, guya o, hələ çox gümrahdır, canı və arxı suludur. O birilər də etiraz elədilər. Söhbət böyüdü. Qonaq olduğum üçün mən də çox dirəşmədim, razılaşdım ki, çoxarvadlılıq yaxşı şeydir, amma nə edək ki, sovet hökuməti qoymur. Ertəsi gün kəndin dükanında xurma, xına, kişmiş-filan aldığım vaxt gördüm, başıörtülü bir qadın yavaşca xısıldadı ki, şuravə qardaş, qurban sənə, buralara tez-tez gəl, bu eşşəkləri başa sal”.

İndi Musa əminin sözü olmasın, nə edək ki, bəzi ölkələrdə hökumət imkan vermir ki, kişilər dörd arvad alıb xoşbəxt olsunlar.

Ən maraqlısı odur ki, əyninə şalvar almağa pulu olmayan gənc də bu işə qarşı deyil, fikirləşir ki, gələcəkdə pulu olsa, o imkandan yararlansın. Ta bilmir ki, bu ölkənin kişilərinin tam əksəriyyəti bir arvadı düz-əməlli saxlayıb xoşbəxt edə bilmir, bütün günü dava-qırğındadırlar.

Məhkəmələrdə boşanmaq üçün növbəyə duran ər-arvad cütlüklərin əlindən iynə atsan, yerə düşməz. Hansı gününüzə çoxarvadlılıq dərdindəsiniz, a manyaklar? Başqa işiniz-gücünüz, dərd-səriniz, ən ümdəsi, hobbiniz yoxdurmu?

Dinəndə də deyirlər, peyğəmbər belə buyurub. Peyğəmbər onu imkanı olanlar üçün 1400 il öncə buyurub. Yəni o vaxtdan bəri heç dövran dəyişməyibmi? Yeni trendlər yaranmayıbmı? Allah gözünüzü doydursun, bir az hövsələ edin. Üstəlik, o tərəfdə 72 huri sizi gözləyir, onları da nəzərə alın.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR