İnsanlara hürriyət, millətlərə istiqlal!

Him-cimli yeyinti

1543 30.12.2023 09:51 Yazarlar A A

“Bu çevrələri əllə düzəltmək olmazdı, onlar çox idealdır”

(rejissor M.Nayt Şyamalan-ın “İşarələr” filmindən)

İlin axır-uxurunda çox maraqlı korrupsiya xəbəri aldıq, bütün zəhmətkeşlərimiz gülməkdən qarınları cırılana qədər güldülər, buna görə hökumətə yüksək səviyyədə minnətdarlığımızı bildiririk. Həqiqətən, türkün sözü, ilginc yeyintinin üstü açılıbdır: Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova 332 min manatı mənimsəməkdə ittiham olunur. Sitat: “Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsiylə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb”. Sitatın sonu. 

Haşiyə çıxaraq “həbsə alternativ tədbir” ifadəsinə zəhmətkeşlərimizin diqqətini yönəltmək istəyirəm. Görün hökumətimiz nə qədər humanistdir, zənən xeylağını türməyə salmayıb. (Doğrudur, ittiham edilən zənən jurnalist olanda nəsə bu humanizmi axtarıb tapa bilmirlər, lakin mövzumuz bu deyil, həmçinin, biz siyasətə qarışmırıq). Xəbərdə alternativin nədən ibarət olması yazılmamışdır, güman edirəm ev dustaqlığı, ayağına elektron qolbaq taxmaq, zaminlik və sairə tipində nəsə bir şey tətbiq edilibdir. Bütün hallarda ölkəmizdə alternativlərin olması sevindiricidir, yoxsa bəzən xarici düşmənlər və onların daxili əlaltıları Azərbaycanda hər zadın monopoliya altında olduğunu vurğulayırlar, cəmiyyət üçün seçim imkanının yoxluğunu qabardırlar. Buyurun, ən azı həbsin alternativi göz qabağındadır. 

Mövzuya qayıdaq. Pantomim teatrı, adından göründüyü kimi, söz və danışıqdan öz tamaşalarında istifadə eləməyən bir sənətkarlıq növüdür. Necə deyərlər, əlnən-qolnan “danışırlar”, tamaşa qoyurlar. Dövlətimizin bu teatr üsuluna rəğbəti böyükdür, “28 may” metrosundan yuxarıda bir əski sovet kinoteatrının zırpı binasını şəxsən pantomimçilərə ayırmışlar, statusu, büdcədən maliyyəsi də öz yerində. Məncə burada məhz teatrın stili hökumətin xoşuna gəlmişdir: qoy ağızlarını açmasınlar, eləcə atdanıb-düşsünlər. Söz xalqı poza bilər, pantomimi isə kimdir qanan... 

Ümumiyyətlə, bizdə xalq-hökumət münasibətləri həmişə işarələr üzərində qurulubdur. Bir-birimizi işarədən anlayırıq. Sözə ehtiyac qalmır. Bütün dövlətçilik strukturlarımız belədir. Məsələn, icra hakimi 200 mindən aşağı qiyməti olan maşında idarəyə gəlsə, camaat ona salam verməz. Polis rəisi asqıranda bütün rayon camaatı qrip olur. Prokuror qulağını qaşıyırsa, deməli havalar qızacaqdır və sairə. 

Bütün bunlara nəzərən (axır ki, bu axmaq ifadəni yazmağa imkan tapdım, məni təbrik eləyin), pantomim teatrında yeyinti simvolikdir. Səs-küy salmadan, sözsüz yeyintidir. Sovet vaxtı satirik “Kirpi” jurnalında elənçik karikaturalar olurdu, müəllif şəkilə ad tapmayanda altından belə də yazırdı: “Sözsüz”. Atalarımız demişkən, dövlətin malı dənizdir, onu yeməyən donuzdur. Malına düşdü talan, sən də bir yandan tala. 

Məzəlidir ki, teatrın zəhmətkeşləri yeyintinin miqdarından şok keçiriblər. Hardasa teatrın direktoru deyəsən, açıqlama vermişdi, deyir bizdə bu qədər pul olduğunu bilmirdim. 

Həqiqətən, mədəniyyət sferasında fırlanan pullar bəzən xalqın dodağını uçuqladır. Başqa vaxt aktyorlar acından ölür, avtobus pulu tapmadıqlarından şikayətlənir, ancaq bir buxaltır 330 mini yeyibdirsə, gör kassada nə qədər qalıb. Yazıçılar, kinoçəkənlər, muzıkantlar da vaxtaşırı ağlaşma qurur, təqaüd dilənirlər, birdən isə şairlərə tək qurultay pulu yarım milyonacan çıxır, kinoçular çəkilməmiş filmin milyonlarını yeyir, nə bilim, manıslar harınlıqdan saçyolduya çıxır və sairə. Adamın hökumətə yazığı gəlir. Mədəniyyətə pul ayrılır, lakin korrupsiyaya uğrayır. 

Sonda ümid edək Ali Məhkəmə general Çovdarovun 30 milyonluq mal-mülkünü qaytarsın, pantomimçilərin yeyintisinin yanında çox xırda məbləğdir, generalı incitməyin.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR