İnsanlara hürriyət, millətlərə istiqlal!

HİCAB QURANIN TƏLƏBİDİR

26780 15.07.2011 09:18 Gündəm A A
Sitat: “Azərbaycanda mən baş örtüyü ilə bağlı heç bir problem görmürəm, çünki vətəndaşlar baş örtüyündə gəzməkdə çox azaddırlar. O başqa məsələdir ki, dini qaydalarla idarə olunan ölkələrdə bu məsələlər dini qanunlarla tənzimlənir. Bizdə isə dünyəvi dövlət olduğundan dünyəviliyi irəli çəkirik, bu qaydalardan kənarıq. Başqa baxımdan, baş örtüsünün İslam dinində, Quran məntiqində tələb kimi qoyulmadığı məqam da var. Bax, bu da maarifçilik tələb edən məsələdir”.
Eyni zamanda hörmətli N.Qasımoğlu iddia edib ki, müsəlmanların müqəddəs kitabı Qurani-Kərimdə hicabla bağlı konkret göstəriş yoxdur: “Qurani-Kərimdə ayə var ki, örtüklərinizi vurun sinələrinizin üstünə. Amma bunu təfsir edirlər ki, baş örtüyünüzü sallayın sinələrinizin üstünə. Hərfi tərcümədə örtüklərinizi sinələrinizin üstünə vurun yazılıb. Qurani-Kərimdə “başınızı örtün” deyə heç bir imperativ qaydada təlqin, İlahi buyruq yoxdur".
Hörmətli şərqşünas alimin hicabla bağlı iddiası bizə də maraqlı gəldiyindən dini mənbələrə müraciət etmək qərarına gəldik. Qeyd edək ki, Qurani Kərimdə ümumilikdə 7 ayədə “hicab” haqqında bəhs olunur. Ancaq bu ayələrin bəzisində hicab ümumi mənada, yəni örtük kimi qeyd olunur. Ancaq hicabın konkret olaraq örtünmə mənasını verən ayələri də var.
Bunlardan ən məşhuru Nur surəsinin 31-ci ayəsidir: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar - görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”.
Daha bir aşkar hicab ayəsi Əhzab surəsi 59-cu ayədir: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”
Göründüyü kimi, sadəcə, iki ayə hicabın örtünmə olduğu və baş örtüyünün İslam dininə görə vacib olduğunu təsdiqləyir. Eyni zamanda hicab həm də mənəvi anlam daşıyır. Müsəlmanların öz iffətini qorumasını simvolizə edir. İslamiyyətin yayıldığı ilk gündən bu yana olan yekdil rəyə əsasən, Quran qadına sifət, topuqdan aşağı ayaq və biləkdən aşağı əl istisna olmaqla, bədənini - saçları da daxil olmaqla - doğma olmayan (istilahda “naməhrəm”) insanlardan gizlətməsini vacib buyurur. Buna əsaslanan İslam alimləri müsəlman qadına onu başdan ayağa örtən çadra və ya üzü örtən niqabı vacib hesab etmirlər.
Hicab tərcümədə pərdə mənasını versə də, istilah olaraq qadınların Quranda “zinət” adlandırılan bədən üzvlərinin yad insanlardan gizlətməsidir. Hicab bu mənada forma yox, mahiyyətdir. Yəni baş örtüyü çadra və ya üz niqabı, yaxud ümumiyyətlə, konkret olaraq götürülən bir geyim forması deyil, örtünmədir. İslamın ilk illərindən bu günə qədər müsəlman alimlərinin, təfsirçilərin ortaq nəzərinə əsasən Qurani Kərimin bu ayələri müsəlman qadınlara naməhrəm qarşısında örtünməyi əmr edir. Məşhur rəvayətə əsasən Qurani Kərimdə qadının bədəninin hansı hissələrini örtməsi ilə bağlı əmr olduğunu İmam Cəfər Sadiqdən (ə) soruşublar. İmamın (ə) cavabı o olub ki, Quran ayələrinə əsasən qadının dəstəmazda yuyulan qədər üzü, biləyə qədər əllərini və topuğa qədər örtməsi vacibdir. Bu baxımdan, bütün İslam cərəyanlarında hicab və ya başörtüyü ilə bağlı ixtilaf olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR