İnsanlara hürriyət, millətlərə istiqlal!

Hay-küylüməhkəmələrdə üzə çıxan şok faktlar siyasətçilərin gözündə

1961 15.05.2017 08:05 Siyasət A A

İqbal Ağazadə: “Faktların bu şəkildə gündəmə ötürülməsi dövlətin imicinə zərbə vurur”; Mirmahmud Mirəlioğlu: “Bu məhkəmələrin istənilən halda təsirləri olacaq”; Sərdar Cəlaloğlu: “Açıqlanan faktlara hakimiyyətin reaksiyası adekvat deyil”

Hazırda Azərbaycanda aylar öncədən başlayan və bitmək bilməyən ciddi məhkəmə prosesləri gedir. İstər “MTN işi”, istərsə də “Rabitə işi” üzrə məhkəmələrdə çox ciddi faktlar üzə çıxır. “Beynəlxalq Bank işi” üzrə gedən prosesi də bu sıraya daxil etmək olar.


Hər üç məhkəmədə üzə çıxan faktlar ölkə gündəmini zəbt edib, cəmiyyətin proseslərə olan marağı açıq şəkildə görünür. Xüsusilə “MTN işi” üzrə həbs edilənlərdən bir qrupun son məhkəmə prosesində vaxtı ilə MTN-ə çalışmış bəzi şəxslərin adlarının açıqlanması, onların hər birinin ölkənin tanınmış simalarından biri olması Azərbaycan gündəmini qarışdırıb. Bəziləri belə faktların üzə çıxmasının əleyhinə olsa da, bunu dəstəkləyənlərin sayı da kifayət qədər yüksəkdir.


Ümid Partiyasının sədri İqbal Ağazadə məhkəmədə aşkar olunan bəzi faktların bu şəkildə üzə çıxarılmasının əleyhinədir: “Dövlətin informasiya siyasəti elə qurulmalıdır ki, dövlət ondan əziyyət çəkməsin, zərbə görməsin. Ordu içərisində də, xüsusi xidmət orqanlarında da xəyanətkarlar ola bilər. Burada dövlətin məsuliyyəti bunların hər birini ayrı-ayrılıqda yerinə qoymaq, informasiyanı düzgün çatdırmaqdır. Düşünürlər ki, arxivlər açılsın, o zaman açılmalıdır. Lakin istər ordu, istərsə də MTN-lə bağlı məhkəmələr olsun, faktların bu şəkildə gündəmə ötürülməsi qeyri-peşəkarlıq, dövlətin imicinə zərbə vuran məsələdir. Daxildən tutmuş, xaricə kimi dövlətin agentura şəbəkəsinin dövlət üçün çalışması çox çətin olacaq. Çünki insanlar zərbə altında qalırsa, burada söhbət sovet KQB-indən getmirsə, dövlətin təhlükəsizliyindən gedirsə, bu tipli məsələlərə ciddi önəm vermək lazımdır. Ya birdəfəlik arxivlər açılmalı, hər şey sıfırdan başlamalı, ya da bunların hamısında informasiya siyasəti düzgün qurulmalıdır. Lakin elə məlumatlar var ki, onlar düzgün ölçülüb-biçilib verilməlidir. Siyasət xətrinə hansısa məhkəmə prosesindəki faktları bu şəkildə açıqlamaq olmaz. Məsələn, konkret adlar çəkilir, burada QHT sədri, siyasətçi və başqa adlar var. Axı bunlar keçmiş SSRİ-nin KQB-sinə, yaxud başqa dövlətin kəşfiyyat və xüsusi xidmət orqanına çalışmayıblar. Hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq, xüsusi xidmət orqanı bu tipli insanlardan istifadə etməyə çalışacaq. Bunların hər biri dövləti baxımından ziyanlı deyil. Dövlət bundan ötrüdür və onun üçün də bundan istifadə edir. Amma cinayət varsa, hökmən araşdırılmalı və layiqli cəza verilməlidir”.

Image result for KXCP sədri Mirmahmud Mirəlioğlu


KXCP sədri Mirmahmud Mirəlioğlu bu məhkəmələrin iqtidarın siyasətini ortaya qoyduğunu söylədi: “Bunlar iqtidarda uzun illər yüksək vəzifələr tutmuş şəxslərin hansı işlərlə məşğul olduqlarını göstərir. Təhlükəsizliyimizə necə böyük təhdidlərin olduğunun bir daha şahidi olduq. Bunları zamanında dəfələrlə demişik, sadəcə, əhəmiyyət verilməyib. Şok açıqlama kimi deyilənlər əslində mövcud problemlərdən diqqəti yayındırmağa yönəlib. Onun üçün bu faktlar üzə çıxarılır. Bu, əslində ölkəmizdə yanlışlığın, harınlığın məhkəməsidir. Sözsüz ki, bu faktların bu şəkildə üzə çıxarılmasının müsbət tərəfləri var. Amma bunlardan hansısa nəticələrin çıxarılacağını düşünmürəm. Belə hadisələrdən ibrət dərsi götürməyəcəklər. Bu gün əminliklə demək olmur ki, təhlükəsizliyimiz tam təmin olunur, dünənki harınlardan əsər-əlamət qalmayıb. Vaxtilə Hacı Məmmədov məhkəməsində demişdir ki, akulalar bayırdadır. Sonradan bunlar sübut olundu. Təhlükəsizlik xidmətində olan peşəkarları sıradan çıxarmaq olmaz. Orada əsl mütəxəssislər var. Onlar qorunmalı, yeniləri yetişdirilməlidir. Bu məhkəmələrin istənilən halda təsirləri olacaq”.

Image result for ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, dövlətdə korrupsiyanın olmasının əsas səbəbi aşkarlığın olmamasıdır: “O yerdəki qaranlıq var, orada mikrob inkişaf edər. Azərbaycanda hakimiyyətin fəaliyyəti şəffaf deyil. Xalqa hesabatlılıq yoxdur. İcra hakimiyyəti üzərində nəzarət də mövcud deyil. Belə olan halda bu cür cinayətlər olur. Bu məhkəmələrdə üzə çıxan faktlara hakimiyyətin verdiyi reaksiya qeyri-adevkatdır. Dövlət bunlara yerində reaksiya verməlidir. Eldar Mahmudovla bağlı yüzlərlə faktlar üzə çıxıb, amma o hələ də məsuliyyətə cəlb olunmayıb. Cahangir Hacıyev məhkəməsində konkret nazirlərin adını çəkdi, amma heç bir nəticə olmadı. Söhbət konkret cinayətkarlara qarşı mübarizədən deyil, cinayətlərə qarşı mübarizədən gedir. Bütün bunlar onu göstərir ki, hakimiyyət çox ağır vəziyyətdədir. Bu məhkəmələr nəinki cəmiyyətə yol tapmalı, bu məhkəmələrin üzərində hətta ictimai nəzarət olmalıdır. Çünki istintaq və məhkəmədə hələ bir çox məsələlər gizlədilir. Vaxtilə bu tipli məhkəmələr az olmayıb, o zamanlar istintaq orqanlarının özləri bir çox cinayətlərə yol veriblər. Bir faktı da unutmaq olmaz ki, ölkəmizdə belə cinayətlər ən çox hüquq-mühafizə orqanlarının daxilindən başlayır. Bu da Azərbaycanda idarəetmənin aşağı keyfiyyətdə olması ilə bağlıdır. Ölkəmizdə kadrlar hakimiyyətə sədaqəti ilə seçilir, amma əslində dövlətə və xalqa sədaqətlərinə görə onlar seçilməlidir. Cahangir Hacıyev həbs edilir, Elman Rüstəmov kənarda qalır. Belə şəxslər o vaxt vəzifələrini itirirlər ki, hakimiyyətə sədaqətsizlik göstərirlər. Nə qədər zərbə almalıyıq ki, idarəetmə dəyişsin?”


Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR