İnsanlara hürriyət, millətlərə istiqlal!

Haqq səsimizi bütün dünyaya gənclər vasitəsilə çatdırırıq

842 17.08.2023 13:25 Media A A

Bəhruz Quliyev: “Qarabağın quruculuğu prosesində Azərbaycan gənci yaxından iştirak edir”

“Azərbaycançılıq ideologiyasının və gənclərin milli mənlik şüurunun formalaşdırılması prosesi Azərbaycanda dövlət tərəfindən düzgün aparılır.  İctimai fikirdə dövlət və cəmiyyət anlayışları var. Dövlət proqram xarakterli iş aparır. Hazırda Azərbaycan ailəsi dünyanın ən nümunəvi ailə modelidir. Çünki ailədə hər kəsin öz yeri var və Azərbaycan ailəsi mənəvi dəyərlərə söykənir”.

Bu fikirləri “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Yeni Müsavat”a  müasir dövrdə gənclərin vətənpərvərlik hisslərinin tərbiyəsi ilə bağlı danışarkən bildirib. O, dünyanın əksər ölkələrində olduğunu, müşahidələrinə əsasən həqiqətən də Azərbaycan ailə modeli qədər nümunəvi başqa bir ailə modelinin olmadığını qeyd edib: “Nəzərə alsaq ki, uşaqlar da bir ailədə dünyaya göz açır və bir gəncin formalaşdığı ailə onun həyatında mühüm rol oynayır. Buna görədir ki, əksər Azərbaycan gənci dövlət və cəmiyyətin müsbət tendensiyalarını özündə cəmləyib. Buna görə də gənclər arasında milli vətənpərvərlik ruhu çox yüksəkdir. Qarabağın, işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında Azərbaycan gənci yaxından iştirak edir. Hətta bu prosesin əsasını da məhz gənclər qoyub. Belə ki, hər şey 44 günlük Vətən müharibəsindən başladı və Azərbaycan gənci böyük bir tarix yazdı. Əgər dövlətin gənclər siyasəti yanlış olsaydı, bir əmrlə Ali Baş Komandanın ətrafında yüz minlərlə gənc, ordu birləşməzdi. 1990-cı illərin əvvəllərində Birinci Vətən müharibəsində boşluqlar çox idi. Həmin dövrdə bəzi nüanslar göstərdi ki, Azərbaycan gəncinin hələ yetkinləşməyə, onlara vətənpərvər ruhun aşılanmasına ehtihac var. Həmin dövrdə dövlətə və dövlət rəhbərliyinə inamsızlıq var idi.

Bəhruz Quliyev: ““SƏS” qəzeti qətiyyətli və şərəfli yol keçmış mətbuat  məktəbidir”

Bəhruz Quliyev

Lakin keçən illər ərzində dövlətin gənclər, ordu siyasəti olduqca inkişaf etdi. Cənab Prezident 2003-cü ildə prezident seçildikdən sonra çıxışlarından birində məqsədinin qara qızılı insan kapitalına çevirmək olduğunu qeyd etdi. Yəni neftdən gələn gəlir insan kapitalına çevriləcəkdi. Həqiqətən də dövlət başçısı prezidentliyi dövründə bu siyasətə sadiq qaldı. Azərbaycançılıq, milli ideologiyanın əsasını Ulu Öndər qoymuşdusa, bu siyasəti məhz cənab Prezident İlham Əliyev davam etdirdi. Aparılan siyasətin nəticəsidir ki, Azərbaycan gənci 90-ci illərdə ordu sıralarından qaçan gənclikdən, 44 günlük Vətən müharibəsində zəfər çalan gəncliyə çevrildi. Buna görə də Qarabağın quruculuğundan öncə gənclərimiz Qarabağın azad edilməsində böyük bir missiyanı yerinə yetirdilər. Quruculuq prosesi də elə buradan başladı. Azərbaycan gənci isə bu və ya digər formada quruculuq prosesində yaxından iştirak edir. Belə ki, gənclər quruculuq işlərində öz sahələri üzrə uğur qazanaraq da iştirak edirlər. Müxtəlif sahələr üzrə ölkəmizi təmsil edir, beynəlxalq səviyyədə diplomatik görüşlərə qoşulur. 1990-cı illərdə xaricə gedən gənclərimiz Azərbaycanı xəritədə göstərərək, tanıtmağa çalışırdılar. Bu gün isə bir kəlmə bəs edir və Azərbaycan gənci fəxarətlə öz ölkəsindən, qazanılan qələbədən və aparılan bərpa-quruculuq işlərindən danışır. Hazırda dövlət proqramlarının həyata keçirilməsində, yerli özünüidarəetmədə və bütünlüklə Azərbaycanın çiçəklənməsində gəncliyin böyük bir rolu var.

Digər bir tərəfdən, geyimləri, tərzləri, danışıqları ilə qınadığımız gənclər məhz 44 günlük Vətən müharibəsində bizi yaxşı mənada yanıltdılar. Məhz onların səyi və müasir dünya ilə ayaqlaşmaları nəticəsində biz sosial şəbəkələr vasitəsilə öz haqq səsimizi bütün dünyaya çatdırdıq. Gənclik sosial şəbəkələrdə dövlətçilik münasibətlərində və ümummilli münasibətlərdə öz fikirlərini bildirməli, vətəndaşlıq mövqeyini göstərməlidir. Çünki durmadan inkişaf edən dünyada lazım olduğu təqdirdə səsini çatdıra bilmək üçün sosial şəbəkələr böyük platformadır. Biz isə Vətən müharibəsində bunun yaxından şahidi olduq".

Yazını hazırladı:  Nigar HƏSƏNLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR