İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı ailə “uşaq çörəyi” yeyir

1137 24.08.2023 08:35 Media A A

Azərbaycanda işləyən uşaqların sayı dayanmadan artır

Dünyada uşaq əməyinin yarısı Afrikanın payına düşür. Məcburi uşaq əməyi Afrikanın bir çox regionunda geniş yayılıb və bu, uşaqları uzaq şəhərlərdə yaşayan qohumlara qəyyumluğa vermə kimi ənənəvi praktikaya əsaslanır. Valideynlərinə uşaqlarının təhsil almalarına dair vədlərin verilməsinə baxmayaraq, bir çox hallarda oğlanlar və qızlar ev qulluqçuları kimi kənd və balıqçılıq təsərrüfatında və ya digər sahələrdə istismar olunurlar. Amma məcburi uşaq əməyi təkcə Afrika üçün xarakterik deyil. Asiya və Sakit Okeanda isə hər 10 uşaqdan 9-nun əməyi istismar olunur. 2000-ci ildən bu yana dünyada uşaq əməyinin sayı 40 faiz azalsa da, 152 milyon (9.6%) uşaq  hələ də məcburi əməyin qurbanıdır. Bunun 73 milyonu (4.6) təhlükəli işlərdə işləyir.

Ən çox uşaq Afrikada işləyir, ən azı uşaq isə...

Svetoforda maşın şüşəsi silənlər, çimərlikdə qarğıdalı satanlar, mağazalarda satıcılıq edənlər... Siyahını uzatmaq da olar. Son illər Azərbaycanda uşaq əməyindən istifadə edilən sahələr o qədər artıb ki, bunun üçün bir siyahı bəs etməz. Xüsusən yay aylarında uşaqların işləməsi tendensiya halını alıb. Amma dünya üzrə də bu hal problem kimi özünü göstərməkdədir.

Küçədə işləyən uşaqlar əvvəllər böyük şəhərlərin bir problemi olaraq qəbul edilirdi. Amma indi qəsəbələri, ucqar rayonları da ağuşuna alıb. Uşaqların işləməsinə mane olmaq üçün bir çox beynəlxalq anlaşma və saziş imzalansa da, azyaşlı işçilər tarix boyu bilinən bir “mafiya”dır.

Dünya üzrə işləyən uşaq sayı 160 milyona yüksəlib. Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) son 4 ildə günəmuzd fəhlə kimi çalışan uşaq sayının 8,4 milyon artaraq dünya miqyasında 160 milyona çatdığını bildiriblər. Uşaq əməyi ilə bağlı 2020-ci ilin gələcəyə ünvanlı hesabatda “lazımi tədbirlər görülməzsə, 2022-ci ilin sonuna qədər uşaq işçilərin sayının 169 milyona çatacağı” yazılırdı. 160 milyon işləyən uşaq arasında təhlükəli işlərdə çalışan 5 - 17 yaş arasında olan 79 milyon uşaq var. 5-11 yaşlı uşaqların 28 faizi, 12-14 yaşlı uşaqların isə 35 faizi məktəbdən kənarda qalıb. Bütün uşaq işçilərin 72 faizi ailələri ilə çalışır. Uşaqlar ailələrlə işləsələr də, təhlükəli işlərə cəlb olunurlar.

Uşaq əməyi nisbəti Asiya və Sakit Okean bölgəsində 13,3-dən faizdən 5,6, Latın Amerikası və Karib dənizində isə 10 faizdən 6-ya düşsə də, Afrikanın Səhra bölgəsində 2008 - 2012-ci illər arasında azalsa da, 2012-ci ildə 21,4 olan nisbət 23.9 faiz yüksəlib. Uşaq işçilərin ən çox olduğu bölgə isə Səhraaltı Afrikadır.

Uşaqlar niyə işləyir - maraqlı səbəblər...

“Save the Children” təşkilatı isə müəyyən edib ki, erkən yaşda işləməyə məcbur qalanlar əsasən valideynləri ayrılan ailələrin uşaqlarıdır. Buradan qaynaqlanan ikinci bir səbəb yalnız bir valideyni ilə yaşayan uşaqların sosial qayğılardan və maddi imkansızlıqdan dolayı işləməyə məcbur qalmasıdır. Eyni zamanda, intervü götürülən 14 respondentdən yalnız 5-nin hər iki valideyni, 8-nin yalnız bir valideyni işləyir. Ata və anası işləyən 5 respondentdən 2-sinin valideyni ayrılıb və ümumiyyətlə uşaqlarına baxmır. Yalnız bir valideyni işləyən 8 respondentin 4-ü valideynləri ayrılan, 1-i isə atası vəfat etdiyi üçün anası ilə yaşayan uşaqlar təşkil edir. Bütövlükdə, erkən yaşda işləyən 8 respondent (7-nin valideyni ayrılıb, 1-nin atası vəfat edib) maddi və mənəvi cəhətdən ata qayğısından məhrumdur. Beləliklə, yetkinlik yaşına çatmayan uşaqların məcburi əməyin qurbanına çevrilməsinə təsir göstərən faktorlardan biri onların ailələrinin boşanması ilə bağlıdır. Valideynləri ayrılan azyaşlı uşaqların demək olar ki, hamısı yalnız anası ilə yaşadıqları və ümumiyyətlə maddi və mənəvi cəhətdən ata qayğısından məhrum olduqları üçün erkən yaşda ailə yükünü çiyinlərində daşımaq məcburiyyəti qarşısında qalıblar.

Küçədə işləyən uşaqların küçə problemləri

UNİSEF-in araşdırmalarında qeyd edilib ki, küçələrdə işləyən və yaşayan uşaqları gözləyən risklər aşağıdakı kimidir: a) istismara məruz qalma; b) içki, siqaret, müxtəlif növ narkotik maddələrdən asılılıq ehtimalı; c) zehni və fiziki inkişafdakı geriləmə; d) döyülmə, yaralama və ölümlə nəticələnən fiziki təzyiqlər; e) oğurluq, qəsbkarlar kimi cinayətləri həyata keçirməyə meyllilik; f) psixoloji problemlər; g) fiziki qəzalara uğrama ehtimalı.

Küçədə işləyən uşaqlar əsasən ailələrin yanında qalır, gündüz küçələrdə işləsələr də, axşam evlərinə qayıdırlar. Amma küçədə işləmə şərtləri onların psixi-sosial inkişaf və təhsil durumlarına mənfi təsir edir. Uşaqlar küçədə yaşamağa təhrik edilməsə, məktəbi atan və küçədə işləyən uşaqların da sayı azalacaq, onların cinsi istismara uğrama riski aşağı düşəcək, yüksək risk altındakı, aşağı gəlirli ailələrin ailədaxili münasibətlərində ümumi bir yaxşılaşma və yeniyetmələr üçün daha yaxşı, sosial inkişaf təmin ediləcək.

Afrikada 5 azyaşlıdan biri uşaq əməyinin qurbanıdır, digər regionlarda isə bu göstərici 3-7% arasında dəyişir. Belə ki, ərəb ölkələrində 35, Avropa və Mərkəzi Asiyada 25, Amerikada 19, Asiya və Sakit Okeanda isə 14 uşaqdan birinin əməyi istismar olunur. Aparılan araşdırmalara əsasən, dünyada işləyən uşaqların 48%-i 5-11, 28%-i 12-14, 24 %-i 15-17 yaş arasındadır. İşləyən uşaqların 88 milyonunu (58%) oğlan, 64 milyonunu isə (42%) qızlar təşkil edir. Uşaqların 70,9%-i kənd təsərrüfatında, 11,9%-i sənayedə, 17,2%-i isə xidmət sahələrində çalışır.

Bundan başqa, “Save the Children” təşkilatının 2018-ci il reytinqində də 175 ölkə arasında 841 xalla 89-cu yeri tutan Azərbaycanda 2012-2017 illərdə 5 yaşınadək uşaqlarda böyümənin ləngiməsi halları 18 faiz, məktəb yaşında uşaqlar arasında təhsildən yayınanlar 4,6 faiz, uşaq əməyi göstəricisi isə 6,5 faiz olub.

Qeyd edək ki, BƏT-in hesabatlarında Azərbaycanda uşaq əməyinin istismarı ilə bağlı ümumi göstəricilər Orta və Qərbi Asiya regionu daxilində göstərilib. Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Kipr, İsrail, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da orada yer alıb. Aparılan tədqiqatlarda Azərbaycanın da daxil olduğu region uşaq əməyinin istismarına görə 4-cü yerdə qərarlaşıb. Statiskalardan Azərbaycanda işləyən uşaqların əmək bölgüsü tam bəlli olmasa da, uşaq əməyindən daha çox kənd təsərrüfatı, sənaye və xidmət sahələrində, pambıq tarlalarında istifadə edildiyi qeyd edilir. Tədqiqatlar göstərir ki, Azərbaycanda uşaq əməyi daha çox 5-11 yaş arası uşaqlar arasında qeydə alınıb.

Yazını hazırladı: Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR