İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyətlə müxalifət arasında saziş təklifi - Türkiyə təcrübəsi...

1185 09.05.2024 10:35 Siyasət A A

“Dəyişikliklər təkamül və dinc yolla getməlidir. Mən şəxsən bunun tərəfdarıyam. Hakimiyyətlə cəmiyyət, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır. Media, vətəndaş cəmiyyəti, ziyalılar, siyasi qüvvələr birgə iradə ortaya qoymağı bacarmalıdırlar. Hesab edirəm ki, bu barədə düşünməyə dəyər”.

Bunu mayın 4-də Müsavat Partiyasının XI qurultayında partiyanın yeni başqanı seçilmiş İsa Qəmbər öz çıxışında deyib.

Bəs bu, necə bir saziş olmalıdır, ona ehtiyac varmı, faydası nə olar? Başqa partiyalar İ.Qəmbərin təklifini dəstəkləyirmi?    

Yeri gəlmişkən, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə 8 ildən sonra ilk dəfə görüşüb. Görüşdə yeni konstitusiya ilə bağlı müzakirələr aparılıb. Qeyd olunur ki, görüş hakim Ədalət və İnkişaf Partiyasının qərargahında baş tutub və saat yarım davam edib. CHP mənbələri Ərdoğanla Özəl arasındakı görüşün müsbət və məhsuldar keçdiyini bildirib. Məlumata görə, hər iki partiyanın lideri bir-birinə hədiyyələr də təqdim ediblər.

Maraqlıdır ki, görüş zamanı Ərdoğan daxildə siyasətin yumşaldılması prosesinə başlamaq istədiyini bildirib: “Cənab Özələ dedim ki, ilk fürsətdə cavab ziyarəti edəcəyəm... Mən ilk fürsətdəcə bu səfərlə Türkiyədə siyasətin yumşaldılması prosesinə başlamaq istərdim”. 

Türkiyə liderinə görə, ölkənin buna ehtiyacı var.

Azərbaycanda da bu formatda dialoq, yaxud görüş, siyasi yumşalma mümkünmü? Oxşar ənənə yarana bilərmi? Bundan ötrü nələr etməlidir? Qardaş ölkədəki daxili siyasi münasibətlər modelinin Azərbaycanda tətbiqi realdırmı?

Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…” Pravda.az

Elman Nəsirov: “İqtidar-müxalifət dialoqunun daha da dərinləşdirilməsi vacib məsələdir”

Mövzu ilə bağlı YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a danışıb. Deputat qeyd edib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə söhbəti, dialoqu oldu. Bu görüş  artıq iqtidar və müxalifət arasında həllini gözləyən məsələlərin tənzimlənməsi  baxımından çox mühüm hadisə idi və bir siyasi mədəniyyət nümunəsidir.

Beləliklə, bu dialoqun Türkiyə dövləti və dövlətçiliyi qarısında dayanan çox mühüm məsələlərin tənzimlənməsində çox mühüm mənası, əhəmiyyəti var, cəmiyyəti birləşdirir, parçalanmanın qarşısını alır, dövləti gücləndirir, beynəlxalq təzyiqlər qarşısında potensialını daha da artırır. 

Bəli, Müsavat Partiyasına yenidən başqan seçkisi keçirildi və İsa Qəmbər yenidən bu partiyanın başqanı oldu. İsa Qəmbər təcrübəli siyasətçidir və partiyanın rəhbəri olmadığı dövrdə hansı proseslərin getdiyinin fərqindədir. Fərqindədir ki, həmin dövrdə vaxtilə sədri olduğu partiya ümummilli məsələlərdə ortaq mövqedən çıxış edə, dövlətin yanında yer ala bilmədi. Belə ki, İkinci  Qarabağ müharibəsi və ondan əvvəlki dövrdə siyasi partiyalar ümummilli məsələlərlə bağlı yekdil mövqedə oldular və yekdil imzaları ilə Azərbaycanı, Azərbaycan dövlətini, onun prezidentini müdafiə etdilər, beynəlxalq qurumlara müraciət etdilər, bunu imzaları ilə təsdiqlədilər. Lakin bütün bu prosesdən AXCP, Milli  Şura və eyni zamanda Müsavat Partiyası kənarda qaldı. Amma indi İsa Qəmbərin son çıxışları onu göstərir ki, o, bütün bunları yanlış hesab edir hesab edir ki, müxalifət iqtidara  qarşı tənqidi mövqeyini ortaya qoymalıdır, amma tənqid konstruktiv olmalıdır. Tənqid etdiyi məsələlərlə bağlı təkliflər edilməli, ümummilli məsələlərdə ortaq  mövqe sərgiləməlidir və iqtidarın qazandığı tarixi uğurları təqdir etməli, bəyənməli və dövlətin, dövlətçiliyin yanında olmalıdır. Müxalifət iqtidara müxalif ola bilər, bu onun funksiyasıdır, amma dövlətə, dövlətçiliyə qarşı müxalif olmaq olmaz.

Bu baxımdan, bəli, iqtidarla müxalifət arasındakı dialoqun daha da dərinləşdirilməsi vacib məsələdir. Ona görə daha da dərindən ifadəsini işlədirəm ki, artıq bu istiqamətdə addımlar atılıb və məlum olduğu kimi, Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi yaradılıb, bu istiqamətdə çox ciddi fəaliyyət göstərir. Demək olar ki, bütün partiya sədrləri ilə şöbə rəhbərliyinin görüşləri olub, hətta saat məhdudiyyəti olmayıb. Yəni bəzən bu görüşlər 5-6 saat davam edib, partiya sədrlərini narahat edən məsələlər müzakirə olunub, partiyaların iş şəraitinin yaxşılaşdırılması məsələləri öz həllini tapıb, ümummilli məsələlər ətrafında ortaq mövqedən çıxış etmək ətrafında fikir mübadiləsi aparılıb. Yəni bu gün cənab Prezidentin müəyyən etdiyi kurs -  yəni  iqtidarla müxalifət arasında siyasi dialoqun yaranması və inkişafı kursu davam etdirilir. Ola bilsin ki, indiki məqamda bunun daha da dərinləşdirilməsinə xüsusi ehtiyac var. 

Beləliklə, hesab edirəm ki, İsa Qəmbər yenidən başqan seçiləndən sonra iqtidar-müxalifət danışıqları, bu istiqamətdə məsləhətləşmələr daha da intensiv xarakter ala bilər və bu, dövlətimiz, dövlətçiliyimiz üçün çox əhəmiyyətlidir. Biləndə ki, Müsavat Partiyası da bu məsələdə maraqlıdır, şübhəsiz ki, belə olan halda istəklər və maraqlar üst-üstə düşür ki, bu da çox müsbət hadisədir".

Tural Abbaslı kimə səs verəcəyini açıqladı - VİDEO | KONKRET

Tural Abbaslı: “Biz bu məsələdə geridə qalmışıq”

AĞ Partiya lideri Tural Abbaslı isə mövzuya bu cür şərh bildirdi: “Bu məsələ ilə bağlı indi saziş təklif edənlər vaxtilə Azərbaycanda yanlış ənənəni qoyub, siyasi münasibətlər sistemini "cəngəllik qanunları"na uyğunlaşdırıblar. Amma dünyanın bütün normal inkişaf etmiş, sivil ölkələrində iqtidar-müxalifət münasibətləri səmimidir və burada düşmənçilik yoxdur. Məsələn, sonuncu bələdiyyə seçkilərində CHP sədri Özgür Özəl qalib gəlmişdi, belə olan təqdirdə gərək Ərdoğan ona qarşı daha kinli olmalı idi, onunla görüşməli deyildi. Amma Ərdoğan görüşdə bu fikirləri səsləndirdi ki, “cəmiyyəti parçalamaq olmaz”. Seçkilərdə bu və digər tərəflər qalib ola bilər, amma bu məsələ cəmiyyəti parçalayan amilə çevrilməməlidir. Amma qeyd etdiyim kimi, indi özlərini böyük lider hesab edənlərin yanlış siyasəti nəticəsində ölkəmizdə siyasi rəqabət düşmənçilik səviyyəsinə enib. Nəticədə “vəhşi dönəm” yaranıb. 

Ümumiyyətlə, iqtidar və müxalifət hər ikisi birlikdə dövlətdir, onları ayırıb, “bu dövlətdir, o birisi düşməndir” demək olmaz. Bu gün sazişdən danışanlar zamanında işğaldan azad olunan ərazilərə gedən siyasilərə səviyyəsiz şəkildə ad, “ayama” qoşurdular, hansı ki, nəinki siyasətə, insanlığa yaraşmayan addım idi. Amma indi deyirlər ki, sazişə gələk. 

Biz siyasi münasibətlər sistemimizi Türkiyə modelinə uyğun qurmalıyıq. Qardaş ölkədə siyasi, rəqib  partiyalar var və onlar kəskin rəqabət aparırlar, amma bir-birilərini inkar etmirlər. Biz isə bu məsələdə geridə qalmışıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR