İnsanlara hürriyət, millətlərə istiqlal!

XALQ PARLAMENTİ YARADILMASI YÖNÜNDƏ MÜHÜM ADDIM

8596 24.11.2010 09:17 Gündəm A A

Öncə toplantının aparıcısı, Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış etdi. O, bildirdi ki, MSK srağagün öz biabırçı qərarını qəbul etməklə saxta seçkilərə növbəti möhürünü vurub: “Yəqin ki, yaxın günlərdə Konstitusiya Məhkəməsi də bu komediyada öz rolunu oynayacaq və seçki ilə bağlı son nöqtəni hakimiyyət qoyacaq. Amma əminəm ki, bu məsələdə son söz xalqın, xalqı təmsil edən qüvvələrin olacaq. Bu seçkilər barədə geniş danışmağa ehtiyac yoxdur, mənzərə hər kəsə aydındır. Azərbaycanda iki partiya formalaşır. Əliyev rejiminin özününkü saydığı qüvvələr bir tərəfdədir, digər tərəfdə isə rejimin qəbul etmədiyi, amma xalqın əksəriyyətinin qəbul etdiyi qüvvələr cəmləşir. Seçkilərdə təxminən 15 faizə qədər seçici iştirak edib. Bu 15 faizin 3-5 faizi hakimiyyətin müdafiə etdiyi namizədlərə, 10-12 faizi isə bizlərə (zaldakıları göstərərək - E.S.) səs verib. Beləliklə də hakimiyyətin təşəbbüsü ilə cəmiyyət iki yerə bölünüb. Biz vəziyyəti düzgün qiymətləndirməklə, məsuliyyətli qərarlar qəbul etməklə və həmin qərarları fədakarlıqla yerinə yetirməklə seçkiyə gəlməyən əhalini də ətrafımızda birləşdirməyə gücümüz çatar. Biz çoxsaylı namizədlərin müsahibələrini, açıqlamalarını, təkliflərini dəyərləndirərək hesab elədik ki, belə bir tədbirin keçirilməsi yerinə düşər. Tədbirdə birgə bəyanatla bu seçkilərin nəticələrini qəbul etmədiyimizi, saxta seçkilər nəticəsində yaranacaq parlamenti legitim saymadığımızı və yeni seçkilər keçirmək tələbimizi təsdiq eləmək istəyirik”.

AXCP sədri Əli Kərimli çıxışında forumu məsul toplantı adlandırdı: “Bu forumda seçkiyə gələn seçicilərin əksəriyyətinin səsini qazanan insanlar əyləşiblər. Xalq tərəfindən dəstəklənən insanların parlamentin legitimliyini qəbul etməməsi, hamılıqla seçkinin nəticələrinin ləğvi və yeni seçkilər keçirilməsi uğrunda mübarizəyə başlamasının özü artıq bir nəticədir. Bu, yeni mübarizənin başlanğıcıdır. İlk dəfədir ki, seçkidən sonra müxalifətin ən geniş spektrini əhatə edən insanlar bir araya gəlməyi və birgə mübarizə aparmağı əsas çıxış yolu kimi görürlər. Hakimiyyətin bu cür saxtakarlığa getməsi xalqa və dünya birliyinə meydan oxumaqdır. Əslində hakimiyyət bu cür seçkilər keçirməklə həm xalqdan qopdu, həm dünyaya qarşı getdi. Hakimiyyət bu gün ən zəif dövrünü yaşayır. Onlar elə bilir ki, böyük qələbə əldə ediblər. Amma hakimiyyət sonunun başlanğıcını yaşayır. Odur ki, biz cəmiyyətin bütün tərəqqipərvər, dəyişiklik istəyən insanlarını bir araya gətirməyin mexanizmlərini, formalarını tapmalıyıq. Biz keçmişdə aramızda münasibətlərin necə olmasından asılı olmayaraq hamılıqla bir məsələdə tam birləşə bilərik. Bu da azad seçkidir. Qarşılıqlı əməkdaşlıqla böyük hərəkat yarada bilərik, bu da Azərbaycanı azad seçkiyə apara bilər”.

KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında təklif etdi ki, forum iştirakçıları adından Konstitusiya Məhkəməsinə müraciət göndərilsin: “Biz bu müraciəti hazırlamışıq və artıq 140 nəfər keçmiş namizədin razılığı var. Forum adından bəyanatı və müraciəti qəbul edək. İnanıram ki, bu cür başlanğıc bizləri uğura gətirib çıxaracaq”.
AMİP sədri Yusif Bağırzadə çıxışında 7 noyabrda Azərbaycanda seçki keçirilmədiyini bildirdi: “Azərbaycanda yeni parlament seçkiləri keçirilməlidir. Biz hamımız birgə bir hüquqi forum təsis etməliyik. Bu forumun fəaliyyət istiqamətləri yeni seçkilərin keçirilməsi, Seçki Məcəlləsinin dəyişdirilməsi, sərbəst toplaşmaq azadlığının bərpa edilməsi olmalıdır. Biz beynəlxalq birliyə və Azərbaycan xalqına bəyan etməliyik ki, hakimiyyət seçki keçirmək iqtidarında deyil. Çünki xalq arasında nüfuzu yoxdur. Hakimiyyət əmindir ki, azacıq normal seçki keçirsə, məğlub olacaq. Hakimiyyət  hətta üzdəniraq siyasi şərhçilərə də mandat verdi. Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağla bağlı hansısa müəmmalı addım atmağa hazırlaşır. Biz ölkəni fəlakətdən xilas etmək üçün hamımız birgə fəaliyyət göstərməliyik”.

Deputatlığa keçmiş namizədlərin adından qəbul edilən bəyanatı Müsavat rəsmisi Arif Hacılı təqdim etdi. Bəyanatda deyilir: “Azərbaycan cəmiyyətinin azad və ədalətli seçkilərlə bağlı ümidləri Milli Məclisə 7 noyabr 2010-cu il seçkilərində növbəti dəfə doğrulmadı. Ölkədə azad və ədalətli seçkiləri təmin edəcək seçkiqabağı demokratik şərait yaradılmadı. Vətəndaşların fundamental hüquqları olan sərbəst toplaşmaq, söz və mətbuat, ifadə azadlıqları təmin edilmədi. Azad və ədalətli seçkilərin keçirilməsi üçün müvafiq qanunvericilik bazası yox idi. Ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatların, bir sıra beynəlxalq qurumların təkidli tələblərinə baxmayaraq, iddiaçı tərəflərin etimad göstərdiyi seçki komissiyaları yaradılmadı.

Nəticədə bütün seçki komissiyaları hakim siyasi qüvvənin nəzarəti altında olaraq qaldı. Depozit qoyulması yolu ilə namizədlərin qeydə alınması qaydasının ləğvi, təşviqat kampaniyası dövrünün 23 günə endirilməsi və digər müddəalar Seçki Məcəlləsini daha da mürtəceləşdirdi. Müxalifətin çoxsaylı nümayəndələrinin deputatlığa namizədliyinin qanun pozuntuları və bəhanələrlə qeydə alınmaması seçki dairələrinin təqribən yarısında müxalifət namizədlərinin olmaması ilə nəticələndi. Bu da seçkinin taleyini hələ səsvermədən əvvəl hakim siyasi qüvvənin xeyrinə həll etdi.

Təbliğat kampaniyası dövründə iddiaçı tərəflərə bərabərhüquqlu təbliğat imkanları verilmədi. Administrativ resurs hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldildi. İcra strukturları, hüquq-mühafizə orqanları qeyri-qanuni olaraq seçkilərin gedişinə zorakı müdaxilə etdi. Siyasi blokların televiziya debatlarına şərait yaradılmadı. Seçki prosesinin bütün mərhələləri kütləvi qanun pozuntuları ilə keçirildi. Seçki günü kütləvi qanun pozuntuları və saxtakarlıqlar davam etdirildi. Əksər seçki dairələrində ”karusel" əməliyyatının həyata keçirilməsi, seçki qutularına topa-topa bülletenlərin atılması kimi pozuntular aşkarlandı. Səs sayma zamanı müşahidəçilərin prosesi normal şəkildə işləməsinə imkan verilmədi. Bir çox seçki məntəqələrindən müşahidəçilər polis tərəfindən zorakılıqla çıxarıldı. Bütün bunlardan əlavə, səsvermənin həqiqi nəticələri kobud şəkildə saxtalaşdırıldı. Demək olar ki, bütün seçki dairələrində seçkidə iştirak edən seçicilərin sayı saxtakarlıq yolu ilə artırıldı. Seçkiqabağı demokratik şəraitin olmaması, normal siyasi rəqabət şəraitinin aradan qaldırılması, Seçki Məcəlləsinin mürtəceləşdirilməsi, təşviqat kampaniyası dövrünün cəmi 3 həftəyə endirilməsi, seçki günü yol verilən qanun pozuntuları və saxtakarlıqlar, deputatlığa namizədlərin, onların səlahiyyətli nümayəndələrinin çoxsaylı şikayətlərinə məhəl qoyulmaması, dairələrin təxminən yarısından saxtakarlıqla bağlı şikayətlərin heç birinin MSK tərəfindən təmin edilməməsi və digər amillər bu seçkiləri ölkəmizdə son 20 ildə keçirilən ən antidemokratik seçkilər kimi dəyərləndirməyə əsas verir".

Bəyanatda daha sonra deyilir: “7 noyabr seçkiləri cəmiyyətimizin tədricən demokratiyaya keçid edəcəyi ilə bağlı illüziyalara son qoydu. Ölkədə müxalifətsiz və müstəqil deputatların olmadığı parlament yaratmaqla İlham Əliyev və onun komandası demokratik islahatlara hazır olmadıqlarını, əksinə, ölkədə tam qapalı, avtoritar rejim qurmaq niyyətində olduqlarını bir daha nümayiş etdirdi. Qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, 7 noyabr seçkilərinin  rəsmən elan olunmuş nəticələri Azərbaycan xalqının iradəsini ifadə etmədiyi üçün bu seçkilər vasitəsilə formalaşdırılan parlament legitim sayıla bilməz. Bu bəyanatı imzalayan deputatlığa namizədlər 7 noyabr tarixli Milli Məclisə seçkilərin nəticələrini tanımadıqlarını bəyan edir, nəticələrin ləğvini, azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri demokratik islahatların aparılmasını, seçki qanunvericiliyinin demokratikləşməsini və yeni parlament seçkilərinin keçirilməsini tələb edir”.
Daha sonra deputatlığa keçmiş namizəd, AXP lideri Pənah Hüseyn çıxış etdi. O, foruma qatılan namizədlərin əksəriyyətinin seçkilərin əsl qalibi olduğunu bildirdi və təklif etdi ki, həmin namizədlərdən ibarət Xalq Parlamenti, Xalq Məclisi yaradılsın: “Bu bir ictimai xarakterli, ictimai orqan olmalıdır. Onun parlament funksiyaları rəmzi xarakter daşımalıdır. Bu forumdan Xalq Parlamentinin yaradılması üçün işçi qrupunun yaradılması haqda qərar çıxarılmasını təklif edirəm. Hakimiyyətin xalqa vurmaq istədiyi silləni onun özünə qaytarmağı təklif edirəm”.
Deputatlığa bitərəf namizəd olmuş şəxslər Sultanhəmid Məlikov, Bəyalı Əliyev, Vidadi İgəndərov, 123 saylı Kəlbəcər seçki dairəsindən YAP namizədinə qarşı mübarizə aparmış yeganə müstəqil namizəd İmamverdi Cəfərov, Gültəkin Həsənova çıxışlarında seçki prosesi zamanı üzləşdikləri qanunsuzluqlardan, seçki saxtakarlıqlarından, təzyiqlərdən danışdılar. Forum adından qəbul edilən bəyanatı dəstəklədilər və bildirdilər ki, bundan sonra atılacaq addımları da birgə atmağın tərəfdarıdırlar.
Deputatlığa siyasi partiya və bloklardan olan namizədlər, Nurəddin Məmmədli, Pərviz Həşimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Valeh Hümbətoğlu, Rahib Həşimov, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Oqtay Gülalıyev, Xaliq Bahadır, Yaqub Babalı, Nisəxanım Vəliyeva, Qubad İbadoğlu, Aydın Şükürov, Seymur Həziyev, Başxanım Abbasova, Səxavət Əlisoy, Əliyusif Məlikov, Ramazan Əliyev və digərləri də çıxışlarında ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb etdilər. Hakimiyyətin dəyişməsi üçün yeni Xalq Cəbhəsinin yaranması təklifləri də irəli sürüldü. Xalq hərəkatı modelində etirazlara başlanılmasının zəruriliyi bəyan edildi. 
Forumda xalq parlamenti adlı yeni qurumun yaradılması ideyasının partiyalarda müzakirəyə çıxarılması, qəbul olunmuş bəyanat və müraciətin Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alındı. Habelə qərara alındı ki, forum davamlı olsun. 
Sonda İsa Qəmbər 100-ə qədər şəxsin bəyanatı imzaladığını açıqladı. O, imzalamanın davam edəcəyini bildirdi. Bəyanat hər bir keçmiş namizədə imzalamaq üçün açıqdır.
Xatırladaq ki, sabah - noyabrın 26-da Konstitusiya Məhkəməsi MSK-nın son seçkilərlə bağlı ona təqdim etdiyi yekin protokolu müzakirə edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR