İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan qarışsa, Azərbaycana və kəmərlərə təhlükə yaranarmı - rəy

1429 07.05.2024 12:03 Siyasət A A

Elçin Mirzəbəyli: “Orada hakimiyyətin ölkənin müstəqilliyini və təhlükəsizliyini qorumaq üçün sərt qanuni tədbirlər həyata keçirməkdən başqa alternativi yoxdur”

Qonşu Gürcüstanda "Xarici agentlər haqda" qanun layihəsinin müzakirəsinin ölkədə yaratdığı siyasi böhran davam edir. Hələ ki hakim qüvvə öz mövqeyində qalır. ABŞ başda olmaqla, Qərb, eləcə də Avropa Birliyi rəsmiləri isə Gürcüstan hökumətinə qarşı artıq az qala açıq təhdidə, şantaja keçiblər.     

Bu arada amerikalı keçmiş kəşfiyyatçı Skott Ritter iddia edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Gürcüstanda dövlət çevrilişi etmək istəyir. O əmindir ki, Gürcüstanda iğtişaşlar tədricən inkişaf edəcək və payıza qədər davam edəcək.  Payızda keçiriləcək parlament seçkilərinə qədər hazırkı hökuməti mümkünü qədər zəiflədib seçkidə hakim partiyanın məğlubiyyətinə nail olmaq hədəflərdən biridir. 

"Hədəf hakim "Gürcü Arzusu" Partiyasını süquta sürükləməkdir ki, oktyabrdakı seçkilər zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin təxribatçıları uğur qazansınlar", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda Gürcüstanda ABŞ kəşfiyyatçılarının dövlət çevrilişi etmək cəhdini müşahidə etmək olar. Ekspert xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sərt cavab verməyə başlasa, bu, küçələrdə gərginliyin artmasına gətirə bilər. O əlavə edib ki, MKİ oxşar ssenarini Rusiya paytaxtında həyata keçirmək arzusundadır.

Bəs hökumət Qərbin təzyiqinə duruş gətirə biləcəkmi? Bu həftə nə gözlənilir? Payızda çevriliş mümkünmü? Moskvanın rusiyayanlı olduğu deyilən Bidzina İvanişvili hökumətini qorumaq üçün hansı gedişləri ola bilər? 

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli

Nəhayət, qonşu ölkədəki böhranın oradan keçən Azərbaycanın neft-qaz kəmərlərinin təhlükəsizliyinə yaxından-uzaqdan hər hansı neqativ təsiri mümkünmü? Bu bir Qərb-Rusiya davasımı? Azərbaycanın neft qaz kəmərlərinin Gürcüstandan keçdiyini nəzərə alsaq, gələcəkdə kəmərlərimizə hansısa təhlükələr meydana gəlməsi mümkünmü?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda cərəyan edən proseslər, hələ 1990-cı illərin sonlarında Qərbin qonşu ölkədə formalaşdırdığı təsir agentləri şəbəkəsinin, xaricdən verilən təlimatlar əsasında və daha açıq müstəvidə siyasi hakimiyyət uğrunda mübarizəsidir: “Qeyd edim ki, ABŞ Milli Demokratiya Fondunun (NED) prezidenti Deymon Vilsonun bu yaxınlarda Gürcüstanın qeyri-hökumət təşkilatlarına müraciət edərək onları hökumətə qarşı kütləvi etirazlara çağırması əslində prosesin mahiyyətini tamamilə açığa çıxarır. Xatırladım ki, bənzər bəyanatla Avropa Parlamentinin üzvü, ”Demokratiya uğrunda" Avropa Fondunun rəhbəri Devid MakAllister də çıxış edib. Bu isə açıq-aşkar Gürcüstanda baş verən proseslərin ABŞ-dan və Avropa İttifaqından, xarici kəşfiyyat strukturlarının “vətəndaş cəmiyyəti”ndəki təmsilçiləri tərəfindən idarə olunduğunu təsdiqləyir".

Elçin Mirzəbəyli vurğuladı ki, hazırda Gürcüstan hökumətinin ölkənin de-fakto dövlət müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü təşəbbüslərə qarşı çıxış edənlərin ön sırasında yer alanlar 2004-cü ildən sonra Amerikaya və bir sıra Qərb ölkələrinə “təhsil almaq” üçün göndərilən, Mixail Saakaşvilinin hakimiyyəti dönəmində müxtəlif vəzifələrdə təmsil olunan, yaxud Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nun, Milli Demokratiya Fondunun (NED) və digər təsisatların Cənubi Qafqaz üzrə layihələrinə koordinatorluq etmiş şəxslərdir: “Bu prosesin içərisində yer alan, yəni əsasən xaricdən maliyyələşən QHT-lərin sayı Gürcüstan kimi kiçik, 5 milyon əhalisi olan ölkədə 10 minə yaxındır. Bu, fantastik rəqəmdir və belə anlaşılır ki, Gürcüstanda fəaliyyətdə olan vətəndaş cəmiyyəti institutlarının az qala yarısı xarici təsir agentləridir”.

Ekspert qeyd etdi ki, hazırda aksiyalar “Qeyri-zorakı Münaqişələr üzrə Beynəlxalq Mərkəz”in rəhbəri, Qərbin “rəngli inqilab” layihələrinin strateqlərindən biri, sosioloq Peter Akermanın təlimatlarına uyğun olaraq həyata keçirilir və əgər Mixail Saakaşvilinin partiyasının, eləcə də aksiyaların liderlərindən olan Zurab Çiaberaşvilinin açıqlamalarını nəzərə alsaq, daha sərt müstəviyə qədəm qoya  bilər: “Qeyd edim ki, Peter Çiaberaşvili aksiyalar zamanı ölümlə nəticələnə bilən insidentlərin baş verə biləcəyini bildirib. Bu isə Gürcüstanda nəzarəti ələ almağa çalışan Qərb dairələrinin istənilən təxribata əl ata biləcəklərini göstərir. İndiki halda Gürcüstan hakimiyyətinin ölkənin müstəqilliyini və təhlükəsizliyini qorumaq üçün sərt qanuni tədbirlər həyata keçirməkdən başqa alternativi yoxdur. Hadisələrin inkişafını proqnozlaşdırmaq çətin olsa da, gürcü xalqının əhəmiyyətli hissəsinin Qərbin növbəti təxribatına dəstək verməyəcəyi qənaətindəyəm”.

Digər siyasi ekspertlər isə hesab edir ki, Gürcüstan ərazisindən keçən Azərbaycana aid neft və qaz kəmərlərinə yalnız qonşu ölkədə vətəndaş müharibəsi kimi təhlükəli vəziyyət yaşansa, hansısa təhlükə yarana gələ bilər. Ancaq hətta inqilabla hakimiyyət dəyişikliyi baş versə belə, hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq kəmərlərə təhlükə gözlənilmir. Ona görə ki, kəmərlərin təhlükəsizliyinə Gürcüstan dövləti təminat verib, öhdəlik götürüb. Eyni zamanda Gürcüstan dövləti tranzit ölkə kimi həmin kəmərlərin öz ərazisindən keçməsindən çox böyük miqdarda vəsait əldə edir.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR