İnsanlara hürriyət, millətlərə istiqlal!

Günel Səfərova: “Məktəblərdə uşaqların öyrənə biləcəyi metodları tətbiq etmək lazımdır”

740 20.04.2023 08:50 Media A A

 

 

 

 

 “Birinci sinifdən repetitor yanına getmək dərs yükünün çatdırılmamasının göstəricisidir”

 

 

 

“Əgər müəllim dərs müddətində mövzunu çatdıra bilmirsə, mövzu haqqında məlumatı doğru verə bilmirsə, bu zaman onun repetitor kimi fəaliyyəti də qənaətbəxş olmayacaq. Nəzərə almaq lazımdır ki, bəzi ümumtəhsil müəssisələrində şagirdlərin sayı həddən artıq çoxdur. Təbii ki, 40 uşağa dərs keçməklə 20 uşağa dərs keçmək arasında fərq çoxdur”.

 

Bu fikirləri “Yeni Müsavat”a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirdi. O qeyd etdi ki, təhsil müəssisələrində uşaqların öyrənə biləcəyi metodları tətbiq etmək lazımdır: “Məktəb uşağın təhsil alacağı əsas yer olmalıdır. Repetitorluq isə daha təkmilləşmiş hazırlıq formasıdır. Mənim repetitorluqla bağlı mövqeyim budur ki, bu, günümüzün reallığıdır.  Müəllimlərin rifahından tutmuş, şagirdlərin materialı mənimsəməsinə qədər bir çox nüanslar nəzərə alınmalıdır. Məsələnin kökündə fərqli yanaşma var. Məncə, bizim tədris dilimiz çox çətindir, uşaqlar həddən artıq yüklənir. Sadə məsələlər belə qəliz formada izah olunur.  Mürəkkəblik, anlaşılmazlıq çətinlik yaradır. Bu səbəbdən uşaqları repetitor yanına göndərməyə məcbur oluruq. Hazırda repetitorluğun tam ləğvi haqqında söhbət gedə bilməz, çünki qəbul prosesi bu sistemə uyğunlaşdırılıb. Birinci sinifdən repetitor yanına getmək dərs yükünün çatdırılmamasının göstəricisidir. Bu hal əvvəl də müşahidə olunub, sadəcə, son illər daha da çoxalıb. Bu, kompleks yanaşma tələb edən məsələdir”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib: “Bu fəaliyyət qadağan edilə bilməz. Repetitorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlığa qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli, riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər. Bəzən repetitorluğun tərifini düzgün vermirik. Repetitorluq yalnız tənzimlənə bilər. Yəni repetitorluq harada ola bilər, kim kimə repetitorluq edə bilər, bu, sahibkarlıq fəaliyyətidirsə, bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repetitorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək”.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən repetitorluq geniş yayılıb. Ekspertlərin dediyinə görə, ali təhsil müəssisələrinə hər il 80-90 min ərizə təqdim edilir. Onların içərisindən təxminən 48-50 min nəfər qəbul olur. Biz əgər repetitorluğu ləğv etsək, bu, təxminən 20-30 faiz həddinə düşər.

Bir müddət əvvəl repetitorların vergiyə cəlb olunacağı məsələsi gündəmə gəlmişdi. Repetitorlar vergi ödəyicisi kimi uçota alınmağa başlandı. Amma problem ondadır ki, repetitorların heç də hamısı uçota alınmayıb. Bildirilir ki, az hallarda repetitorlar özləri, əksərən isə vergi orqanlarının təkidi ilə uçota alınırlar.

Daha öncə isə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Test imtahanları repetitorluğun artmasına səbəb olurmu” sualını cavablandırarkən demişdi ki, nə qədər qəribə səslənsə də, bu da qlobal tendensiyadır: "Araşdırmalar göstərir ki, bütün dünyada valideynlər tərəfindən təhsilin əhəmiyyətinin dərk olunması səviyyəsi artmaqdadır. Bunun əsas səbəblərindən biri təhsilin keyfiyyəti və aktual ixtisas kimi amillərin sosial rifahın təmin olunması baxımından digər amilləri üstələməsidir".

O bildirib ki, bu hal keyfiyyətli təhsil verən müəssisələr və aktual ixtisaslar uğrunda rəqabətin artmasına səbəb olur: “Ölkəmizdə də ali təhsilin bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olması və obyektiv qiymətləndirmə və seçmənin həyata keçirilməsi bu sahədə rəqabəti artırır. Valideynlər öz övladlarının bu yarışda önə çıxmasını təmin etmək üçün onları əlavə məşğələlərə yazdırır və ya fərdi repetitor xidmətindən istifadə edirlər. Qeyd olunduğu kimi, bu, sadəcə ölkəmizə xas olan tendensiya deyil, əksinə bütün dünyada gedən proseslərlə üst-üstə düşür. Belə ki, bu sahədə beynəlxalq miqyasda aparılan ən son araşdırmaya əsasən, dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 % böyüməsi ehtimal olunur. Bunun əsas səbəbi rəqabətlə yanaşı, şagirdlərin özlərinə fərdi yanaşma tələb etməsidir. O da qeyd olunmalıdır ki, bu tendensiya onlayn repetitor xidmətlərinin də artmasına səbəb olur”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb.

Hazırladı: Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR