İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ziya Məmmədovun ətrafındakılar çoxdan həbsdə olmalıydı”

20364 09.05.2014 09:00 Gündəm A A

Məmmədovların Kikboksinqçiləri...  

Musavat.com-un yaydığı həmin xəbərdə bildirilirdi ki, nəqliyyat naziri Ziya Məmmədova və onun deputat qardaşı Elton Məmmədova yaxınlığı ilə tanınan, məmmədovların sərəncamında olan Kikboksinq Federasiyasında çalışan T. Bayramovun adının mediaya ötürülməsi və istintaqın bununla bağlı heç bir təkzib verməməsi nazir və onun klanında qəzəb doğurub. Hətta qeyri-rəsmi mənbələrə istinadla deyə bilərik ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədov tərəfindən istintaqa bir başa təzyiq də var. Elton Məmmədovun işi aparan müstəntiqə, rayon polis idarəsinin rəisinə, digər polis məmurlarına dəfələrlə zəng etməsi barədə məlumatlar var. 


Məmmədov klanı narahatdır və başa düşür ki, cinayətin sifarişçisi olduğu bilinən Tural Bayramov açar fiqurdur; o danışsa bu cinayətin əsas sifarişçi bilinəcək. Şübhələrə və versiyalara istinad etsək, iddia oluna bilər ki, F. İlqaroğluna qarşı sui-qəsd cinayətinin törədilməsinin əsas sifarişçisi deputat Elton Məmmədovun oğullarından biridir. Heç də təsadüfi deyil ki, həbsdə olan F. Termişinin “rəisim” deyə, xitab etdiyi və barəsində də ifadə verdiyi, sifarişi ondan aldığını bildirdiyi Tural Bayramov Elton Məmmədovun hər iki oğlu ilə yaxın dostluq münasibətindədir. Aynar və Elnur Məmmədov qardaşları ilə çəkdirdiyi fotolar musavat.com və digər saytlar tərəfindən artıq tirajlanıb. Deputat Elton Məmmədov hər nə qədər “onu tanımırıq” desə də, fotolar bunun əksini söyləyir.

“Rəis dedi bu adam cəzalanmalıdır...”


Buradakı önəmli məqam həm də budur ki, jurnalist F. İlqaroğluna qarşı sui-qəsd əməli törədən Feyruz Termişi etiraf edib ki, bu cinayəti sifariş və pulla həyata keçirib. O, istintaqa etiraf edib ki, Fərahim İlqaroğlunu tanımayıb, onun hansı işlə məşğul olduğunu bilmir; hətta onu niyə “cəzalandırdığı”  da ona aydın deyil: “Rəis ”feysbukda" onun şəklini göstərdi, dedi ki, bu adam cəzalanmalıdır. Pul da veriləcək...".

Feyruzun “Rəis” dediyi şəxs isə Aynar və Elnur Məmmədov qardaşlarının nəzarətində olan federasiyanın işçisi, qardaşların şillə vuranı Tural Bayramovdur!

Fərahimi niyə cəzalandırırlar? 


“Rəis” deyilən Tural Bayramovun da Fərahimi cəzalandırmağa heç bir formal və əməli əsası yoxdur. Onlar tanış deyillər; heç zaman görüşməyiblər; heç bir ədavətləri yoxdur. Lakin “rəis”in gerçək rəislərinin - Aynar və Elnurun Fərahimlə haqq-hesabları ola bilər! İki səbəbdən: 

F.İlqaroğlu Ziya, Elton Məmmədovlardan, eləcə də onların adları hər cür pislikdə hallanan oğullarından müntəzəm yazan qəzetin və saytın əməkdaşıdır; 

F.İlqaroğlu Aynarın saatda 240-la maşın sürdüyü məşhur video-görüntülər yayılanda özünün facebook profilində bu gənclərin ünvanına “qudurğan” ifadəsi də içərisində olan tənqid yazmışdı. İstintaqın da diqqətə alması zəruri olan mühüm bir fakt budur ki,  Fərahimi də məhz facebook vasitəsi ilə, onun oradakı profilindəki şəklini göstərərək, sifariş veriblər.  

Bu sifarişi isə Tural Bayramov özü üçün verə bilməzdi; Fərahim İlqaroğlu onun haqqında nə qəzetdə, nə də sosial şəbəkələrdə heç nə yazmayıb. T. Bayramov böyük ehtimalla bu cəza sifarişini məmmədovlar üçün verib. Jurnalist F. İlqaroğlunun da əsas şübhələri bu istiqamətə yönəlib.   
     
Əgər bu versiya doğrudursa, o zaman Elton Məmmədov oğlunu və bütün Məmmədov klanını qorumaq üçün  T.Bayramovu qorumaq məcburiyyətindədir. Ortaya çıxan gerçəkliliklər və şübhələr olduqca ciddidr və Məmmədovalar klanını bitirə bilər. Bu səbəbdən də, hətta bu cinayət əməlindən Ziya və Elton Məmmədovların xəbərləri olmayıbsa da (biz inanırıq ki, onların bu ağılsız sifarişdən gerçəkdən də xəbərləri yoxdur), onlar istintaqa müdaxilə etməyə çalışacaqlar. Əks halda, ödəyəcəkləri bədəllər yüksək ola bilər.  

Belə məlum olur ki, Məmmədovlar bu cinayət işinin təhqiqatının yarımçıq saxlanmasına nail olmaq istəyirlər. Məsələni Feyruz Termişi ilə bitirərək, işi qapatmağa çalışırlar. Təbii ki, bu məqamda Daxili İşlər nazirliyinin rəhbərliyindən, Nizami rayon polis idarəsindən, istintaqdan çox böyük əzmkarlıq tələb olunur.  

Fərahim İlqaroğluna istintaqda nə deyilib? 


Mayın 8-də Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsinə yenidən dəvət olunan “Yeni Müsavat” qəzetinin əməkdaşı F.İlqaroğluna deyilib ki, axtarışda olan digər iki şəxs tapılmayıb, onlar qaçıblar və əməliyyat - axtarış tədbirləri davam etdirilir. Əməkdaşımız polis bölməsində üzləşdirmə proseduru ilə bağlı sənədlərə qol çəkib. 
F.İlqaroğlunun sözlərinə görə, T.Bayramovun yerini təsbit etmək polis üçün çətin iş olmamalıdır: “Çünki məni döyən Feyruzdan fərqli olaraq, Turalın kimliyi məlumdur, yeri-yurdu bilinir, harada işlədiyi aydındır. Bu halda onu tutmaq su içmək qədər asan işdir. Düzdür, istintaqdan narazılıq etmirəm. Sadəcə, son iki gün ərzində Tural Bayramovla qara gödəkçəli həmin adam həbs edilməsələr, prezidentə və daxili işlər nazirinə müraciət edəcəyəm”.

“Özümə və ailəmə qarşı təhlükə var”


Jurnalist özünə və ailəsinə qarşı təhlükə hiss etdiyini söylədi: “Qarşımdakı maliyyə resursları, böyük imkanları və siyasi gücü olan bir qüvvədir. İntiqam məqsədi ilə hər şey edə bilərlər. Özümün və ailəmin təhlükəsizliyindən narahatlığım var. Evdən çıxanda, işdən qayıdanda qorxu keçirirəm. Çünki məni döyən adam tutulsa da, hələ ki, bunu sifariş verənlər azadlıqdadır. Digər bir tərəfdən Ziya Məmmədovun nəzarətində olan bəzi saytlarda əleyhimə kampaniya aparılır, ictimai rəydə bu hadisə ilə bağlı çaşqınlıq yaratmaq istəyirlər. Mən heç kəsi ittiham etməmişəm. Cinayətin kökünün başqa şəxslərə də gedib çıxacağını düşünürük. Sadəcə, Aynar Məmmədovun bu işdə barmağının olmasından şübhələndiyimi açıqlamışam. Şübhələnmək də mənim hüququmdur. Bu şübhələrə yol açan səbəb də Tural Bayramovun Aynar və qardaşı Elnurla şəkillərinin ortaya çıxmasıdır.  İstər-istəməz şübhə yaranır ki, bu sifariş Məmmədovlardan gəlib. Axı bir jurnalisti döymək idmançının nəyinə lazımdır? Mən Turalı bu hadisəyə qədər tanımamışam, barəsində bir sətir yazım çap olunmayıb. Bu halda onun məni öz istəyi ilə döyməsinə bir səbəb yoxdur”. 

“İki gün izlənmişəm...”

F.İlqaroğlu dedi ki, onu döymək üçün iki gün yaşadığı evin qarşısına gəliblər: “Feyruz və yanındakı şəxsin məni döymək üçün birinci gün planları baş tutmayıb. Səhər evdən bir az tez çıxıb işə getmişəm. Növbəti gün - aprelin 25-də bu hadisə oldu. Sonra qara gödəkçəli şəxs döyülməyimi əks etdirən görüntüləri Tural Bayramova çatdırıb. Feyruz tutulan gün ilk ifadəsində inandırmaq istədi ki, guya mən onun qız tanışına sataşmışam, o da məni döyüb. Amma bu yalan yerimədi. Nə qızın adını çəkdi, nə söylədiyi tarix və ünvan düz çıxdı. Məlum oldu ki, həmin tarixdə və saatda mən işdə olmuşam. Ondan sonra etiraf etdi ki, sifarişi kimdən alıb”. Reportyor faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılmasını qəbul etmir: “Mən peşə fəaliyyətimə, yazdıqlarıma görə döyülmüşəm, xuliqanlıq maddəsi ilə iş açıla bilməz”. 

Deputat Adil Əliyevi təkzib edən fotolar...


Bu hadisə ilə bağlı məyusedici, lakin mühüm bir detal deputat, Kikboksinq federasiyasının prezidenti Adil Əliyevin T.Bayramovu tanımadığını deməsidir. Təbii ki, biz hörmətli A. Əliyevin bu hadisə ilə bağlı olduğunu iddia etmirik. Sadəcə, A. Əliyevin cinayətin əsas siması olan Tural Bayramovla birlikdə çəkdirdiyi şəkillərinə baxanda təəssürat yaranır ki, o, idmançı T. Bayramovu yaxşı tanıyır. Çünki bir fotoda deputat idmançıya mükafat verir, digər fotoda isə onunla bərabər eyni kikboksinq jesti edir. 
Bununla belə, A. Əliyev federasiyaya minlərlə idmançı gəldiyini və hamını tanımadığını söyləyib. Halbuki, T. Bayramov sayılıb-seçilən idmançıdır, yarışlarda qalib olub, deputatı onu tanımaması nonsens kimi  görünür. Bu baxımdan, biz deputatı öz rəyinə bir daha baxmağa dəvət edirik. 

“Yeni Müsavat” qəzetinin rəhbərliyi isə bildirir ki, jurnalistin döyülməsinin bütün iştirakçıları və sifarişçiləri tapılıb tutulana qədər hüquqi müstəvidə mübarizəni davam etdirəcək. Qəzetin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə bu işin tamamilə açılması üçün bütün imkanlar var:  “Cinayətin icraçısı həbs olunub, ortada mükəmmələ yaxın video-görüntü var, polis orqanları gecə-gündüz əzmlə işləyirlər. Bildiyimə görə, bu iş daxili işlər naziri Ramil Usubovun da xüsusi nəzarətindədir. Bu baxımdan, inanmaq istərdim ki, əsas sifarişçinin kimlər olmasından asılı olmayaraq, bu cinayət əməli sonuna qədər açılacaq, onun iştirakçıları müəyyən olunub, cəzalandırılacaq”. 
 
Aslan İsmayılov: “Ziya Məmmədovun ətrafındakılar çoxdan həbsdə olmalıydı”


Vəkil Aslan İsmayılov isə deyir ki, jurnalistləri indi döyürlərsə, daha sonra öldürməyə başlayacaqlar. F.İlqaroğlu ilə bağlı hadisəyə münasibət bildirən A. İsmayılov “Yeni Müsavat”a bildirdi ki, baş verənlərin çox sadə məntiqi var: “Bu, iki vur ikinin cavabıdır. İndi jurnalistləri döyürlər, sabah öldürəcəklər. Deyirlər ki, cinayət edəcəyik, əmlakınızı əlinizdən alacağıq, haqqınızı yeyəcəyik və siz bütün bunların qarşılığında susmalısınız, etiraz etməməlisiniz. Yəni, biz nə istəyiriksə edəcəyik. Bunu ölkə rəhbərliyi də gözəl bilir və görür”.

Vəkil qeyd etdi ki, qanunla jurnalistin döyülməsində rolu olan, o cümlədən başqa qudurğan hərəkətlərə yol verən Ziya Məmmədovun ətrafındakı qohum-əqrəbası çoxdan dəmir barmaqlıqlar arxasında olmalıydı. 

“Ancaq onları nəinki həbs etmirlər, əksinə qoruyurlar. Bu qədər özbaşınalıq, dərəbəylik baş alıb gedir.  Bu cür əməllərlə ölkəni vətəndaş müharibəsinə sürükləyirlər. Artıq hüquqi müstəvidə mübarizə aparmağa imkan qoymayıblar. Deyirlər ki, əlinizə silah alıb bizimlə vuruşun. Çünki hüquq-mühafizə orqanları bir qrup oliqarxı müdafiə edir ,” - deyə vəkil qeyd etdi. 

Günün sonunda “Yeni Müsavat”ın əməkdaşları cinayəti bir başa icra edən Feyruz Termişi haqda yeni məlumatlar əldə ediblər. Həmin məlumatlar istintaqın gedişinə mane olmasa, yaxın günlərdə ictimailəşdiriləcək. 

Təsəvvürün olması üçün cinayət anını əks etdirən videogörüntünü təkrar olaraq yayımlayırıq:








Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR