İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən qovulan PKK-çılar Qarabağa qaçır

5531 28.08.2015 08:15 Gündəm A A


PKK terror təşkilatı Türkiyə dövlətinə qarşı terrorçu fəaliyyətini təzədən bərpa edib. Bu arada hörgütün qardaş ölkə ərazisində sıxışdırılan əli qanlı silahlılarının  Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə adlamaq və ora sığınmaq istəməsi haqda xəbərlər yayılıb. Bəs belə bir şey mümkündürmü?

Politoloq Arzu Nağıyevə görə, Qarabağ ərazisində muzdluların vuruşması yeni məsələ deyil: “PKK-nın da, ermənilərin də eyni mərkəzdən idarə edildiyini nəzərə alsaq, belə faktlar qaçılmazdır. Yəni Türkiyədə vuruşan, terror və təxribatla məşğul olan PKK-çılar asanlıqla Qarabağ ərazisində də ola bilərlər. Lakin onların yalnız kürdlərdən ibarət olmasını düşünmək də düzgün olmazdı. Bu yaxınlardan, Türkiyə ordusunun keçirdiyi əməliyyatlar vaxtı ələ keçirilən PKK döyüşçüsü milliyyətcə erməni idi. 


Bundan başqa, öz maliyyə mənbələrini genişləndirmək üçün Dağlıq Qarabağ ərazisindəki ”Boz zona"larda PKK -nın da qaçaqmalçılıqla məşğul olması haqqında məlumatlar var və bu haqda Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Yəni PKK-nın hansısa dövlətlə konkret bağlılığı olmadığı üçün kimə müraciət etməyin özü də bir müşkül məsələdir. Buna görə də əsas məsələ məhz Türkiyədə aparılan antiterror əməliyyatlarıdır, əsas özək vurularsa, Qarabağ ərazisindəki dəstələr avtomatik ərazini tərk edəcək".


Siyasi şərhçi Elxan Şahinoğlu da hesab edir ki, PKK-ya bağlı bəzi qrupların Ermənistan və Dağlıq Qarabağda yerləşməsi imkanları az deyil: “Birincisi, onu nəzərə almalıyıq ki, PKK-nın ”tarixi qardaşı" olan erməni ASALA terror təşkilatıdır. PKK ASALA üzərindən Rusiya və Ermənistandakı maraqlı dairələrlə illərlə təmas saxlayıb, silah və pul alıb. PKK indi də həmin dairələrin sifarişini yerinə yetirir. Məsələn, PKK-nın Bakı-Tiflis-Ərzurum boru xəttini iki dəfə partlatması məhz həmin dairələrin maraq dairəsinə daxildir. Nə Kreml, nə də İrəvan Azərbaycan qazının Türkiyə və qardaş ölkədən Avropaya daşınmasını istəyir. Çünki bu halda Azərbaycanın və Türkiyənin bölgədəki rolu artır. Bunun qarşısını almaq üçün də PKK terrorundan yararlanırlar. PKK Rusiya və Ermənistandakı bəlli dairələrin maraqlarına xidmət etməsi qarşılığında bu dairələrin köməyinə arxayındır. Türkiyə ordusu hazırda PKK-ya güclü zərbələr endirir. Doğrudur, bu müharibədə ordu və polis də şəhid verir. Ancaq PKK-nın itkiləri daha çoxdur. PKK artıq yüzlərlə terrorçusunu itirib, pərəm-pərəm düşüblər, Kandil dağının ətəkləri artıq təhlükəsiz məkan deyil. Ona görə də PKK liderləri və üzvləri gizlənmək üçün yeni məkanlar haqqında düşünməlidir".

Politoloq PKK rəhbərliyinə daxil olan bəzi terrorçuların hətta İranda gizləndiklərinə dair xəbərlər olduğunu deyir: “Mən iddia etmirəm ki, İran hakimiyyəti bunun üçün PKK-ya şərait yaradır. Çünki PKK-nın bir qolu var ki, illərdir İran ordusu və polisi ilə toqquşur. PKK liderlərinin bir qismi İran ərazisinə gizli keçib yerli radikal kürdlərdən dəstək ala bilərdilər. Buna baxmayaraq, İranda PKK liderlərinə nəvaziş göstərən dairələr də tapıla bilər. Onlar üçün əsas olan Türkiyənin zəifləməsi və regional gücünü itirməsidir. Ermənistan da eyni maraqlardan çıxış edir. Rusiya, İran və Ermənistandakı bəlli dairələr PKK-nın zəifləməsində maraqlı deyillər. İndi isə PKK ən ağır dövrlərindən birini yaşayır. Terrorçu təşkilat dəhşətli zərbələr alır. Buna görə də PKK öz havadarlarından dəstək istəyir. İstisna etmirəm ki, bu məsələdə Ermənistana da pay düşür. Onlar ”yay düşərgəsi" kimi PKK-nın bəzi silahlı qrupları üçün Dağlıq Qarabağda qalmağı təklif edə bilərlər. Onsuz da Ermənistanın canlı qüvvəsi tükənir və Qarabağda itkiləri getdikcə artır. İrəvanın Dağlıq Qarabağda əlavə terrorçulara ehtiyacı var. Ermənistanın bir başqa məqsədi də PKK terrorçularını Azərbaycan ordusu ilə toqquşdurmaqdır. 

Onsuz da əgər PKK başbilənləri Dağlıq Qarabağda yerləşməyə qərar verərlərsə, anlamalıdırlar ki, qarşılarında Türkiyə ilə yanaşı, Azərbaycan ordusunu da görəcəklər. Belə olan halda İrəvan və PKK onu da anlamalıdır ki, Azərbaycan artıq Türkiyə ilə birgə Dağlıq Qarabağın azad olunması uğrunda birgə hərəkata başlaya bilər. İndinin özündə də PKK-nın Bakı-Tiflis-Ərzurum boru xəttini partlatması və Naxçıvanla sərhəddə təxribatlar törətməsi, faktiki, Azərbaycana qarşı da müharibə elan etməsi anlamına gəlir. Hazırda Azərbaycanla Türkiyənin hərbi hava qüvvələri birgə hərbi təlimlər keçirirlər. Əgər PKK-çıların Dağlıq Qarabağda varlıqları təsdiqlənərsə, təlimlər, hava hücumları erməni separatçıları ilə PKK terrorçularına qarşı da inikas oluna bilər.

Cavid TURAN



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR