İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə böyük fəlakətin bir addımlığından döndü

6993 16.07.2016 04:50 Yazarlar A A

Türkiyə qorxunc bir gecə yaşadı. Türkiyə ordusunun adından danışmağa çalışan bir qrup hərbçi qardaş ölkəni cəhənnəmin tam içinə çəkməyə əhd etdi. 

Bəli, hərbi xunta Türkiyəni öz iradəsi altına almaq üçün əlində olan bütün imkanlardan yararlanmağa çalışdı. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar girov alındılar. Prezidentin baş katibi də əsir alındı.

Küçələrə tanklar yeridildi. Ölkənin hava limanları, nəqliyyat ötürücüləri nəzarət altına alındı, TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun siyasi komandasının üzvlərinin həyatı üçün real təhlükə yaradıldı. Bütün Türkiyə və dünya “nə baş verir və necə nəticələnəcək” sualı ətrafında düşünmək məcburiyyətində qaldı. Türkiyənin gələcək taleyi qeyri-müəyyənliyə doğru sürüklənmək istəndi.

Ancaq hərbi xunta uğur qazana bilmədi. Çünki gözləmədiyi sərt reaksiya və müqavimətlə qarşılaşdı. Xüsusilə də, Türkiyənin iki önəmli siyasi lideri – prezident R.T.Ərdoğan və baş nazir Binali Yıldırım örnək davranış sərgilədilər. 

Xuntaçılar onların qaçıb canlarını qurtarmağa üstünlük verəcəklərini düşündükləri halda, hər iki siyasi lider əli silahlı xuntaçılara meydan oxudu. Hər ikisi xuntaçıların məğlub ediləcəyini və sərt şəkildə cəzalandırılacaqlarını bəyanladılar. 

Prezident R.T.Ərdoğan növbəti dəfə üzünü xalqa tutdu və Türkiyə vətəndaşlarını küçələrə, meydanlara çağırdı, demokratiyanı və ölkənin gələcəyini müdafiə etməyə səslədi. Daha sonra isə İstanbula gələrək, xalqın önündə oldu.   

...Və növbəti dəfə qalib gəldi. Xalq özünün seçdiyi prezidentin səsinə reaksiya verdi, küçə və meydanlara axışdı, tankların önünə yeridi. Nəticədə hərbi xuntanı geri oturtdu. Xalqın gücü əli silahlı çevriliş çetesini məğlub etdi. Hərbi çetenin üzvlərinin müəyyən hissəsi vətəndaşların da yardımlarıyla həbs edilərək, polis idarələrinə aparıldılar.

Təbii ki, bu, önəmli nəticədir. Həm də çox baha başa gəlmiş qələbədir. Çünki hərbi xunta ilə toqquşmalarda 161 mülki vətəndaş şəhid oldu. 

Bəli, qardaş Türkiyə 21-ci əsrdə demokratiya şəhidləri vermək məcburiyyətində qaldı. Və bu şəhidlər, eləcə də küçələrə axışan sadə xalq kütlələri Türkiyənin gələcək taleyini xilas etdilər. 

Hərbi xuntanın qalib gələcəyi halda, Türkiyənin düşəcəyi durumu düşünmək belə, qorxuncdur: Arxasında kimlərin durduğu müəmmalı olan bir qrup hərbçinin diktaturası, çökdürülmüş sivil siyasi-hüquqi sistemin əvəzinə bərqərar olacaq xaosun hökmranlığı, iflasa uğradılmış iqtisadiyyat, sosial-humanitar böhran, aclıq-səfalət, daxili münaqişələr, terror, Türkiyənin Suriya variantına sürüklənməsi, daha nələr-nələr... və nəhayət, dövlətin parçalanaraq, yox olma təhlükəsi...

Bəli, bu gecə bütün bunların və hətta daha artığının belə, baş vermə təhlükəsi tamamilə real idi. Amma baş vermədi. Daha doğrusu, baş verməsinə imkan verilmədi. Beləliklə də, Türkiyə böyük fəlakətin bir addımlığından döndü. 

Elçin XALİDBƏYLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR