İnsanlara hürriyət, millətlərə istiqlal!

“SƏFƏR ƏBİYEVİN ÖZÜ, QARDAŞLARI VƏ SƏRVƏTİ...”

25397 19.08.2011 09:46 Gündəm A A
Biz keçən dəfəki müraciətimizdə Səfər Əbiyevə məxsus mülkləri, xaricdəki obyektlərini açıqlayacağımızı bildirmişdik. Vədimizə əməl edirik. Onun Moskva bazarlarında ”Pakrovka" ticarət mərkəzləri, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi, Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var. İndi isə biz sizə Səfər Əbiyevin qardaşları barədə yazmaq istəyirik. Bir qardaşı Nazim Əbiyev Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edir. O, həmçinin MN-ə aid mənzil istismar sahələrinə kuratorluğu həyata keçirir. Bu yaxınlarda Nazim Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açıb. Nazirin qardaşı MN-in ümumi işlər idarəsinə məxsus binanı özəlləşdirərək burada şərikli bank yaradır. Nazirin digər qardaşı Məhəmməd Əbiyev keçmiş sürücü, indi isə iri biznesmendir. Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik edir. Nazirin böyük qardaşı Cəlal Əbiyev bəzi hərbi komissarlıqları təngə gətirib. Onun oğlu mərkəzi aparatda xidmət edir, kürəkəni Mehman Qurbanov isə Binəqədinin hərbi komissar əvəzidir. Səfər Əbiyevin digər qardaşı Rüstəm Əbiyev ordunun əşya təminatını təyin edən, tenderlərin 80 faizində qalib gələn, ordumuzu keyfiyyətsiz geyimlərlə təchiz edən tikiş fabrikinin direktorudur".
Zabitlər daha sonra yazır: “Sizə müraciət edən digər vətənpərvər zabitimizə cavab olaraq bildiririk ki, TTM-in sabiq rəisi, general Lənkəran Əliyevin rüşvətxor olması, çoxlu mülklərə sahiblənməsinə dair dedikləri ilə biz də razıyıq. Maraqlıdır, belə olduğu halda Lənkəran Əliyev niyə 10 ildən artıq müddətdə o postda saxlanılırdı? Deməli, orada belə bir adamın işləməsi Səfər Əbiyevə əl verirdi. Səfər Əbiyev ətrafında işləyən bütün vəzifəli adamları rüşvətə sövq edir. Məsələ ondadır ki, Lənkəran Əliyevlə Səfər Əbiyevin toqquşması nazirin qardaşı Nazim Əbiyevə məxsus olan və TTM-in ərazisində yerləşən kafeni bağlatmasından sonra baş verdi. Lənkəran Əliyev son zamanlar o qədər zənginləşmişdi ki, alınan pulları artıq lazımi yerlərə çatdırmırdı, hətta şəxsən Səfər Əbiyevin özünün tapşırdığı uşaqlardan da rüşvət tələb edirdi. Səfər Əbiyevin qohum-əqrəbasının uşaqları TTM-də bir gün belə dərs keçmədən hərbi rütbə aldıqdan sonra nazir Lənkəran Əliyevi işdən çıxardı. Bizdə olan məlumata görə, nazir Lənkəran Əliyevə cinayət işi açmaq istəmiş, lakin onun Səfər Əbiyevə ”türmədə bir kamerada yatacağıq" ismarışından sonra nazir fikrindən daşınmışdı. Bu zaman Səfər Əbiyev Lənkəran Əliyevdən özəlləşdirdiyi Müdafiə Nazirliyinə aid uşaq bağçasını geri qaytarmağı tələb etdi. Lənkəran Əliyev isə ona “siz haçan Müdafiə Nazirliyinə aid özəlləşdirdiyiniz evləri, torpaqları geri qaytarsanız, onda mən də bağçanı qaytaracam”, cavabını deyib. Nəcməddin Sadıqovla bağlı da həmin zabitin dedikləri ilə razıyıq. Biz bunları bilirik və bu şəraiti onlara yaradanlarla mübarizə aparmaq istəyirik. Bunlara Səfər Əbiyev başçılıq edir. Hörmətli zabit qardaşımız! Yazmısınız ki, Nəcməddin Sadıqovun üst-üstə bir milyon qiyməti olan bahalı maşınları var. Səfər Əbiyevin evində qulluq keçən bir hərbçinin məlumatına görə, Səfər Əbiyevə məxsus maşınların sayı üst-üstə 20 milyon manatı ötür. Bu baxımdan Nəcməddin Sadıqov sağ olsun ki, nazirindən 20 dəfə az oğurluq edib. Səfər Əbiyevin yerlisi, Vəzirovçu, Mütəllibovçu (Heydər Əliyevçilikdən başqa) Vahid Əhmədov da ordunun tikinti işlərində, ərzaq təminatında böyük rol oynayır. O, hətta artıq kadr siyasətinə də təsir edir. Belə ki, bu yaxınlarda onun xahişi ilə Şəkiyə hərbi komissar göndərildi. Qubada Səfər Əbiyevə inşa edilən obyektlərin tikintisinə Vahid Əhmədov nəzarət edir. Bacanağı Rəşid müəllim tenderlərdə və kadr siyasətində böyük rol oynayır. Onun oğlu Vüqar Nəsimi rayonunun hərbi komissarıdır. Heç bir cəbhə xidməti keçməyib. Səfər Əbiyev yaxın vaxtlarda MN-də yeni ştat strukturu - Narkotiklərlə Mübarizə İdarəsi yaratmaq istəyir. Bu idarəyə Vüqarı təyin etmək istəyir. Çünki o bu işin “peşəkarı”dır. Nazirin gömrükdə işləyən bir qaynının da orduya, tenderlərə təsiri var. Qaynının oğlu isə Almaniyada hərbi attaşe köməkçisidir. Nazirin kirvəsi məşhur Aslan Aslanov Milli Ordumuzun yaralı ürəyinə dağ çəkən, layiqli zabitlərimizi vəzifədən kənarlaşdıran, rütbədən məhrum etdirən, orduda rüşvətin “xaç atası” olan bir şəxsdir. Aslan Aslanov ona tabe etdirilmiş 41 rayonun hərbi komissarı, komissarın müavinləri, başqa hərbi strukturlara rəhbərlik edənlərin qeyri-rəsmi kuratorudur. MN-də Müfəttişlik (İnspeksiya) İdarəsinin rəisi məşhur general Məmməd Beydullayev barəsində bir vaxtlar ANS televiziyası və bir neçə qəzet yazmışdı. Bu generalın tərbiyəsiz hərəkətləri barədə ətraflı məlumat verilmişdi. Yəni o, bir kimsəsiz qadını aldadaraq... əlavə şərh vermirik. O zaman mərhum prezidentimiz Heydər Əliyev onu nazir müavini vəzifəsindən kənarlaşdırdı. İndi isə bu adam yenidən MN-də idarə rəisi vəzifəsinə gətirilib. Buna nə ad vermək olar? Səfər Əbiyev əvvəllər məhkum olunmuş polkovnik Qorxmaz Qarayevi özünə müavin təyin edib. Qorxmaz Qarayev Heydər Əliyevin sağlığında onun qardaşı, mərhum Aqil Əliyevə məxsus gön-dəri zavodunun MN-ə aid tenderdə qalib gəlməsi üçün 50 min dollar rüşvət istəmişdi. Həmin gecə saat 12 radələrində bu əməlinə görə prezident Qarayevi işdən qovmuşdu. Səfər Əbiyev isə bir müddət sonra onu şöbə rəisi, Heydər Əliyev dünyasını dəyişəndən sonra isə idarə rəisi təyin etdi. Budur Səfər Əbiyevin Ali Baş Komandana sədaqəti! Biz zabitlər Ali Baş Komandanımızdan xahiş edirik: general rütbəsindən məhrum etdiyi rüşvətxor Çingiz Şəfiyev bu gün akademiyada dinləyicilərə dərs verməsin! Biz ondan nə öyrənəcəyik? Onun akademiyaya təyin olunması Səfər Əbiyevin ölkə başçısına hörmətsizliyidir. Səfər Əbiyev, onun yanındakılar talan etdikləri ordu mülklərini, torpaqlarını, oğurladıqları milyonları geri qaytarmalıdırlar".
Qeyd edək ki, MN-in mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu ötənlərdə müxbirimizə deyib ki, nazirlik bundan belə bu cür məktublara cavab verməyəcək. Lakin buna baxmayaraq, hörmətli Səfər Əbiyevin və yazıda adları çəkilən digər şəxslərin də rəylərini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR