İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Həsənov: “Məcburi köçkünlərin sayğacları sökməsini, bu qərara etiraz etməsini doğru saymıram”

4270 28.01.2017 09:50 Gündəm A A

Hökumətin kommunal ödənişlərlə bağlı qərarı qaçqın və məcburi köçkünlərın narazılığına səbəb olub. Paytaxt Bakıda bir çox ünvanlarda məcburi köçkünlər etiraz aksiyaları keçirərək sayğacların quraşdırılmasına etiraz ediblər. 

Yanvarın 26-da Yasamal rayonunda, Şərifzadə küçəsi, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıyla üzbəüz binada, eləcə də Rabitə və Nəqliyyat kollecinin beş mərtəbəli iki yataqxanasında məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçirib. Onlar sayğaclaşmaya etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər. Bildiriblər ki, kommunal qiymətlərin qaldırıldığı bir vaxtda onlar, işığın və qazın pulunu ödəyə bilməyəcəklər.

Yataqxana sakinləri işsizlikdən dolanışıqlarının ağır olduğunu işıq pulunu ödəmək imkanında olmadıqlarını əsas gətirərək sayğac quraşdırılmasına etiraz ediblər. Sakinlər ilə “Azərişıq” nümayəndələri və onlarla birlikdə gələn şəxslər arasında narazılıq yaranıb. 

Ötən 25 il ərzində hökumət bu sosial qrupla maksimum ehtiyatlı davranmağa, onları narazı salmamağa çalışıb. Xüsusən də siyasi proseslərdə müxalifətin aktiv olduğu dövrdə məcburi köçkünlərin müxalif düşərgəyə keçməməsi üçün  yumşaq siyasət yürütməyə çalışıb. Lakin birdən-birə bu sosial təbəqə ilə bağlı verilən qərar onların narahatlığına səbəb olub. Bəs, görəsən hökumət qərarı geri götürə bilərmi? 

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə bunu hökumətdə olan maddi sıxıntı ilə əlaqələndirdi: “Hökumət etiraf etməsə də ciddi maliyyə sıxıntısı var. Qəbul olunan bu qərarların tək səbəbi odur. Başqa heç bir səbəb yoxdur. O qədər böyük bir maliyyə sıxıntısı var ki, hökumət bu yolla onun bir qismini qapatmağa çalışır. Bu məsələnin sosial gərginliyə səbəb olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Ancaq hər halda onu demək olar ki, qaçqınların vəziyyəti dözülməzdir. Məcburi köçkünlərin yaşadıqları ərazilərin əksəriyyətinə qaz verilmir. Buna görə də mənzillərin qızdırılmasında elektrik enerjisindən istifadə edirlər. Hökumət o qərarı verərkən bunu da düşünməli idi”.

İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bu qərarın məcburi köçkünlərin xeyrinə olduğunu diqqətə çatdırdı: “Məcburi köçkünlərin sayğacları sökməsini, bu qərara etiraz etməsini doğru hesab etmirəm. Çünki hazırki mexanizm daha təkmil və mütərəqqi mexanizmdir. Əvvəlki variantda bəhs olunan sosial qrupun müdafiəsindən söhbət getsə də, eyni zamanda dövlət vəsaitinin təyinatında kənar istifadə olunması və mənimsənilməsi üçün də kifayət qədər imkanlar yaranırdı. 

O zaman aidiyyatı qurumlar da yaranış vəziyyətdən öz mənafeləri üçün istifadə edir, yığım səviyyəsinin az olmasını bu kimi arqumentlərlə əsaslandırırdılar. Son nəticədə itirən azərbaycanlı vergi ödəyicisi idi. Bugünkü mexanizm  sözügedən neqativ halların məhdudlaşdırılmasına imkan yaradır. İnsanlar bunu anlamalıdır ki, hazırda qəbul olunan qaydada kommunal xidmətlərin dəyərinin nağd şəkildə vətəndaşlara ödənilməsi son  nəticədə onların xeyrinədir. Onlar  bu kommunal xidmətlərdən səmərəli şəkildə istifadə edərək bəzi hallarda həmin vəsaitlərdən əlavə məqsədləri üçün də istifadə edə bilərlər. Bildiyiniz kimi, bu yaxınlarda Tarif Şurası elektrik enerjisinin bir ailə üçün orta sərfiyyatını təxminən 250 kv/s götürmüşdü. Amma nəzərə almaq lazımdır ki, qaçqın və məcburi köçkünlər üçün  bir nəfərə bir aylıq norma 150 kv/s-dır. Azərbaycanda orta statistika ailənin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, belə bir ailəyə 600 kv/s elektrik enerjisi verilir. Bu qədər enerjini ailə qənaətli şəkildə istifadə edirsə, onun 400 kv/s-nı istifadə edib, 200-ü artıra bilər. Nəticədə 250 kv/s elektrik enerjisinin pulu vətəndaşın birbaşa cibində qalır və onu digər məqsədlərinə yönəldə bilir. 

Image result for Rəşad Həsənov

Rəşad Həsənov bunun məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərin keyfiyyətinə də təsir göstərəcəyini vurğuladı: “Digər bir məqam odur ki, pulunu birbaşa ödədiyi üçün qaçqın və məcburi köçkün həmin kommunal xidmətin keyfiyyətini tələb edir. Bildiyimiz ki, məcburi köçkünlərin kütləvi şəkildə məskunlaşdığı ərazilərdə istifadə etdikləri kommunal xidmətlərin keyfiyyəti minimum həddə idi. Onlara çox keyfiyyətsiz və yarıtmaz kommunal xidmətlər təklif olunurdu. Bəzi hallarda onlara qaz verilmirdi. Hazırda isə kommunal xidmətlərin pulunu nağd şəkildə cibindən ödəyən məcburi köçkün  həmin xidmətlərin keyfiyyətini də tələb edəcək. Onlar bunu başa düşməlidirlər. Ola bilər ki, bu hansısa kommersiya qurumlarının maraqlarına uyğun gəlmir və ya prosesi hansısa formada sabotaj etməyə cəhd göstərirlər. Ancaq bu doğru deyil. Hazırki mexanizm daha təkmildir və onların səlahiyyətlərini artırır. 

Əvvəlki mexanizmdə “Qaçqınkom” vəsaiti aidiyyəti qurumlara ödəyirdi, bununla da məsələ bitmiş hesab olunurdu. Həmin xidmətləri təklif edən qurumlar isə qaçqınlarla elə rəftar edirdilər ki, sanki onların istifadə etdikləri xidmətin pulu ödənilməyib. Halbuki dövlətin pulu bu qurumlara bəlli deyil. Hazırda qəbul olunan qaydaları məcburi köçkünlərə izah olunmasına ehtiyac var". 

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR