İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələ RLS-in bərpası məsələsinə sərt reaksiya

8743 19.08.2015 08:45 Gündəm A A

1993-cü ilin mayında Azərbaycanı tərk edən rus ordusunun yenidən ölkəmizə qayıdacağı barədə məlumatlar yayılıb. İddialara görə, 2012-ci ilin dekabrında icarə müddəti bitən və bağlanaraq əmlakı daşınan Qəbələ RLS-in əvəzinə Kreml ölkəmizdə yeni hərbi obyekt inşa etməyi planlaşdırır. Planlaşdırılır ki, 2017-ci ildə Azərbaycanda Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzində “Voronej-DM” tipli yeni RLS-in tikintisi başlayacaq.
 
Hələlik nə Azərbaycan XİN, nə də Müdafiə Nazirliyi məsələyə reaksiya verməyib. Bu məlumatın Qarabağa rus sülhməramlılarının gətirilə biləcəyi barədə xəbərlərin intensiv yayıldığı dönəmdə dövriyyəyə buraxılması xüsusilə narahatlıq doğurur. Bəzi müşahidəçilər güman edirlər ki, Rusiya Azərbaycana davamlı təzyiq etməklə ölkəmizlə bağlı planlarını reallaşdırmağa cəhd göstərir. Üstəlik, Rusiyanın həm Ermənistan, həm də Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru irəlilədiyi, Bakı-Supsa kəmərinin bir hissəsinin nəzarət altına alındığı şəraitdə Azərbaycana da paralel təhdidlərin edilməsi təhlükələrdən xəbər verir. 

Bu ərəfədə Ermənistandakı 102 saylı Rusiyaya məxsus Gümrü hərbi bazasındakı heyət də hərbi təlimlərə start verib. Ukraynada qanlı döyüşlərin başa çatmadığı şəraitdə Moskvanın Cənubi Qafqazda hansısa planları işə salacağı inandırıcı görünməyə də bilər. Lakin Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azadlığının müqabilində Azərbaycanı Avrasiya Birliyinə qoşmaq istədiyi Kremldəki dairələr tərəfindən də dəfələrlə etiraf edilib. Bu mənada “Zvezda”nın 2011-ci ildə yaydığı məlumatın yenidən dövriyyəyə buraxılması təsadüfə bənzəmir. 


Politoloq Arzu Nağıyevin fikrincə, ümumiyyətlə, Rusiyanın Azərbaycan ərazisində yaxın vaxtlarda hərbi obyekt qurmağa qadir olması inandırıcı görünmür: “Yəni buna nə iqtisadi, nə də hərbi potensialı yol verməz. Rusiyanın modernizə edilmiş elə bir hərbi avadanlıqları da yoxdur. İkinci məqam ondan ibarətdir ki, son vaxtlar əsas müzakirə Qəbələ RLS-i əvəz edə biləcək obyektdən gedir. Yadınızdadırsa, bu obyektlə bağlı müqavilə xətm ediləndə ruslar onlara heç belə obyektin lazım olmadığını bildirdilər. İndi bu söhbətin qaldırılması siyasi ambisiyalardan başqa bir şey deyil. Hər bir fikir məqsəd və səbəb üçün nəzərdə tutulursa, Rusiyanın Azərbaycanda quracağı deyilən hərbi obyektin səbəb və məqsədinin nədən ibarət olduğu məlum deyil. Əgər ərazi bütövlüyümüzü özümüz qorumaq iqtidarındayıqsa, bu, bizə gərək deyil. Rusiya özünü qorumaq istəyirsə, Ermənistan ərazisində, Gürcüstanda hərbi qüvvələri kifayət qədərdir”. 

Əgər ortada real plan yoxdursa, Rusiya KİV-ləri niyə bu məsələni vaxtaşırı ictimailəşdirir? Bu təhdidin arxasında Kremlin maraqları dayana bilərmi? 

A.Nağıyev: “Düşünürəm ki, Qarabağ münaqişəsinin həllinin bizim üçün ən prioritet məsələ olduğunu bilərək və son vaxtlar ABŞ -ın bu istiqamətdə atdığı addımlar Rusiyanı narahat edir və bu məsələdə özünü vacib bir fiqur kimi aparmağa və regiona təsir edə biləcək gücünü nümayiş etdirməyə çalışır. Məhz bu səbəbdən də Rusiya rəhbərliyinin nəzarətində olan KİV-lər bu məsələni mütəmadi olaraq qabardırlar”.

“2017-ci ildə Rusiyanın Qəbələ RLS-in yerində yeni radiolokasiya stansiyasını tikmək planları barədə telekanalın məlumatı tamamilə realdır”. Bunu isə təhlükəsizlik sahəsində ekspert, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Turan”a müsahibəsində bildirib.  

“Bu informasiyanın ictimaiyyətin psixoloji hazırlığı məqsədilə bilərəkdən sızdırılması istisna deyil. Baş verənlər son illər Bakı və Moskva arasında qarşılıqlı münasibətlərin məntiqinə hesablanıb. Moskvanın Azərbaycana göndərdiyi ağır hücum silahlarının siyahısına baxmaq yetərlidir. Bu silahların 90%-i məhz Rusiyadan daxil olur. Bundan əlavə, Bakı faktiki olaraq Kremlin anti-Qərb təbliğatında, ABŞ və Qərbin ünvanına ittihamlarda onun müttəfiqinə çevrilib. Bakı məmurlarının Qərb əleyhinə fikirləri kəskin, meydan oxuyan, hətta təhqiramiz xarakter daşıyır”, - deyə o qeyd edib.

Məsələnin hüquqi tərəfinə gəlincə, onun fikrincə, Azərbaycan ərazisində xarici hərbi bazanın olması qanunvericiliklə qadağandır, lakin bu, sırf texniki məsələdir və həmin parlament bu cür RLS-in olmasına imkan verən zəruri dəyişikliyi qəbul edəcək.


“Qərb belə addımlara necə reaksiya verir” sualının cavabında Ə.Oruclu deyib ki, bu, təkcə Qərbin yox, həm də Türkiyə və İranın mənfi reaksiyasına səbəb olacaq: “Bu cür kəskin və birtərəfli addımlar ona gətirib çıxara bilər ki, Qərb Qarabağ separatçılarına münasibətdə daha loyal mövqe tutacaq. Kosovo presedentini yada salmaq yetərlidir. Dağlıq Qarabağla da analoji vəziyyət yarana bilər. Belə fikir var ki, Bakı və Moskva arasında hərbi-siyasi yaxınlaşma Azərbaycanın Qarabağ məsələsində dəstək müqabilində güzəştə getməsidir. Əsasən söhbət Qarabağ ətrafında ərazilərin bir hissəsinin azad edilməsindən gedir. Moskva bunu edə bilər, ancaq Kreml heç zaman erməniləri tamamən satmayacaq və buna inanmaq olduqca böyük səhv olardı. Məhz belə olan halda Qərb Qarabağın tanınmasına razı ola bilər”.


Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, yenə də regionda maraqlı, həm də çox maraqlı proseslər baş verməkdədir: “Şimal qonşularımız olan Rusiya o məşhur deyimdə deyildiyi kimi, ”nə yardan doyur, nə də əldən qoyur" prinsipi ilə hərəkət etməkdə davam edir. Gah öz vassalı və forpostu olan Ermənistanda indiyə kimi demək olar ki, heç vaxt elan etmədiyi, bəlkə də keçirmədiyi hərbi kəşfiyyatçılarla birgə təlimlərini bəh-bəhlə reklam edir. Eyni zamanda işğalçıya yönəlik, ona dəstək olan digər addımlar atır. Digər tərəfdən də öz Hərbi Dəniz Donanmasının 3 gəmisini dostluq səfəri çərçivəsində Bakıya göndərir və burada iki ölkənin hərbi dənizçiləri arasında çox isti və səmimi münasibətlərin qurulmasının şahidi oluruq. Bütün bu məsələlərin fonundan isə sanki günəşli bir havada ildirim çaxır, belə bir məlumat da qəfildən dövriyyəyə buraxılır ki, sən demə, Rusiya hərbi-siyasi rəhbərliyi yenidən Azərbaycana, konkret olaraq isə Qəbələ ərazisinə qayıtmaq istəyir". 

Hərbi ekspert bunu təsadüf saymır: “Aydındır ki, bütün bunlar siyasi manevrlərdir və şəxsən mən nə qədər qəribə səslənsə də, Rusiyanın səmimi olmasına inanmıram. Onlar bu inamı Qarabağ məsələsi ilə bağlı ölkəmizə göstərdikləri qeyri-səmimiliklə artıq neçənci dəfə sübut ediblər. Təkcə bu il ərzində ən yuxarı səviyyələrdə Rusiya dövlətinin, sadəcə, bu məsələnin tez bir zamanda həll edilməsində o qədər də maraqlı olmadığının şahidi olmuşuq. Bunlar vaxt uzatmaqla bir növ Ermənistana imkan və fürsət yaradırlar ki, bədnam qonşularımız bir az da azğınlaşsın, bir az da həyasızlaşsın. Çünki 20 ildən artıq bir müddətdir ki, iqtisadi, insani potensialı Azərbaycandan qat-qat zəif olan bir ölkə bizə əzələ nümayiş etdirir. Kimin hesabına? Əlbəttə ki, öz ağaları olan rəsmi Moskvanın hesabına. İndi yəqin ki, ruslar nəzəri baxımdan Qəbələyə qayıtmaq istədiklərini bəyan edirlərsə, buna da bir qədər səbirli və təmkinli yanaşmağımız lazımdır. Baxaq görək, onlar bu dəfə bizə nə və nəyi təklif edirlər. Yəqin ki, yenə bolluca vədlər və reallığdan uzaq olan sözlər eşidəcəyik”. 

Cavid TURAN



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR