İnsanlara hürriyət, millətlərə istiqlal!

ÖLKƏNİN İLK PREZİDENTİ OLDUĞU VƏ GÖRÜNDÜYÜ KİMİ

16889 29.01.2011 09:39 Gündəm A A

“Kiminin əvvəli, kiminin axırı”

Ataların dediyi “Kiminin əvvəli, kiminin axırı” kəlamı sanki Mütəllibovun həyat yolunun güzgüsüdür.
Təminatlı həkim ailəsində doğulmuş körpə Ayaz ağır illərdə tay-tuşlarının çəkdiyi aclığı çəkməmişdi, Bakının mərkəzində ən yaxşı orta məktəbdə təhsil alan yeniyetmə Ayaz əyalətdəki yaşıdları kimi qışın qar-boranında yırtıq ayaqqabı ilə qonşu kəndə dərs almağa getməmişdi. Onunla eyni vaxtda orta məktəbdən məzun olan gənclər müsabiqədən keçə bilməyib Kalininqraddan Xabarovska qədər düzülən hərbi hissələrdə 3 illik əsgərlik çəkəndə onun gəncliyi “Tarqovı”da keçmişdi. Gənc və yaraşıqlı Ayaz şəhərin ən dəbdə geyinən 5-6 gəncindən biri olanda onun tələbə yoldaşları yayı bir köynəkdə, qışı bir pencəkdə çıxarırdılar. Tələbə yoldaşları təyinatla ölkənin dörd bir yanına səpələnəndə gənc mütəxəssis Ayaz Mütəllibov Bakı Soyuducular Zavodunda işə düzəlmiş və 26 yaşında bu müəssisənin direktoru olmuşdu.

Vəzifə pillələrində sürətlə ta onun pikinə qədər - baş nazir və prezident postunadək irəliləyən Ayaz Niyazi oğlunun axırı isə o qədər də ürəkaçan olmadı. 1992-ci ilin mart və mayından etibarən o böyük iztirablar içindədir, 54 il ayrılmadan yaşadığı doğma şəhərindən, vətənindən, qohum-əqrəbasından ayrı düşüb. Onun tay-tuşları Bakıda, Şəkidə, Naxçıvanda rahat ev-eşiklərində, övladlarının yanında, nəvələrinin əhatəsində ikən o, uzaq, yad bir şəhərdədir. Mütəllibovun yaşıdları istədikləri yerə gedib-gələ bilərlər, amma o özünü, sözünü gözləməlidir - həbs edilə, ölkəsinə verilə bilər və sinninin bu çağında o, məhbəs divarları arasına düşər.

Mütəllibovun ömür yolu

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri, eyni zamanda Nazirlər Soveti sədrinin müavini vəzifələrini tutub.
1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra - 1990-cı ilin may ayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib. 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. 1992-ci ildən Moskvada yaşayır. Hazırda Azərbaycan Sosial Demokrat Partiyasının həmsədridir.

Xalq Mütəllibovu nə vaxt tanıdı?

Mütəllibovun nakam siyasi karyerasının, yarımçıq prezidentliyinin əsas səbəbini onun hakimiyyətə, ölkənin birinci postuna gəlişində axtarmaq lazımdır.
Özündən asılı olmayan səbəblərdən o, hakimiyyətə qan və rus süngüsünün üstündə, tank tırtıllarının köməyi ilə gəlmişdi. Burada Mütəllibovun olsa-olsa mənəvi, siyasi məsuliyyəti vardı. Çünki Moskva, Kreml, mərkəzi hakimiyyət heç kəslə hesablaşmadan Bakıda qırğın, qətliam törətmişdi, ölkənin rəhbərini qırğından 2 gün əvvəl vəzifəsindən azad etmişdi. Bu vəziyyət uzun müddət davam edə bilməzdi və mütləq Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsinə kimsə təyin edilməli idi.
Hər zaman olduğu kimi, 1990-cı ilin yanvarında da bu vəzifəyə namizədlər çox olub: Həsən Həsənov, Vaqif Hüseynov, Ayaz Mütəllibov. Birinciyə, KP MK-nın katibinə xalq hərəkatı ilə müəyyən əlaqələri olduğuna görə etimad göstərilməyib, ikincini - Dövlət Təhlükəsizliyi Komitəsinin sədrini 20 Yanvar qırğınının fəal icraçılarından biri olduğu üçün önə çıxarmayıblar (bu, xalqı daha da qəzəbləndirə bilərdi), üçüncünün şansı isə o vaxta qədər intriqalar yuvası MK-nın rəhbərliyində olmadığına, Nazirlər Sovetinin sədri vəzifəsində özünü yaxşı göstərdiyinə görə gətirib.
1990-cı ilin yanvarında Azərbaycanda situasiya elə idi ki, ölkənin rəhbəri postuna kim gəlsəydi, məhz o, xalqın, siyasi qüvvələrin hədəfinə çevriləcəkdi. Xalqın qırğından sonra Kremlə fokuslaşdırdığı ümummilli nifrətin bir hissəsi də istər-istəməz Moskvanın vassalının üzərinə yönəlməli idi.
Ancaq bu nifrət keçici olacaqdı. Mütəllibov özünü göstərdikcə, yerini möhkəmləndirdikcə tərəfdarlarının sayı artacaqdı. Təsadüfi deyil ki, onun hakimiyyətə yiyələnməsindən bir il sonra artıq Ali Sovetin prezident seçdiyi Mütəllibovun nüfuzu barədə rəsmi qəzetlərdə belə bir informasiya getmişdi: “Hakimiyyətə gəldiyi vaxt xalqın 20 faizinin etimadına söykənən prezidenti bu gün əhalinin əksəriyyəti dəstəkləyir”.
Burada müəyyən şişirtmə var idi, amma bir il ərzində Mütəllibov xeyli tərəfdar da toplamışdı. Xüsusilə AXC-nin 1-2 il əvvəlki fəallığı qarşısında geri çəkilmiş kimi görünən kommunistlər toparlanmışdılar və Mütəllibovun ətrafında sıx birləşmişdilər.

Onun devizi: “Həyat davam edir”

Bu devizi hansı saray texnoloqu fikirləşib ortaya atmışdısa, əslində, uğurlu ifadə idi. Həyat davam edirdi. Mütəllibovun bir neçə dəfə rəsmi və qeyri-rəsmi çıxışlarında istifadə etdiyi bu ifadə tezliklə zərbül-məsələ çevrildi, ancaq iqtidar təbliğatçıları, televiziya işçiləri tutuquşu kimi təkrarlayaraq ifadənin məna yükünün effektivliyini azaltdılar.
Mütəllibov bu ifadə ilə xalqın dərin depressiyadan çıxmasına, ölkə əhalisinin yeni rəhbərliyə güvənməsinə çalışırdı. Həyat davam edirdisə, demək, keçmişə boylanmaq, xalqı yaralamış faciəni böyüdüb ilboyu dərd-ələmli oturmaq lazım deyildi. Ancaq bəzi partokrat liderlər bu devizə istinad edərək daha da irəli getdilər və şəhidlərin ruhuna sayğısızlıq sayıla biləcək ifadələr işlətdilər. Nəticədə Mütəllibovun “həyat davam edir”i “qırılan qırıldı getdi, bizə nə” kimi səciyyə almağa başladı.

Mütəllibovun şüarı: “Biz bu xalqın oğlu deyilik?”

O zaman ölkədə elə bir durum vardı ki, Xalq Cəbhəsinin üzvü olmayan şəxs vətənpərvər, demokrat, azadlıq və tərəqqi tərəfdarı sayılmırdı. Əslində, bu yanlış idi. Kommunistlərin və bitərəflərin də arasında kifayət qədər vətənpərvər, azadlıqsevər, həqiqətpərəst adamlar vardı. Mütəllibov çıxışlarının birində “Bəyəm biz bu xalqın oğlu deyilik”,- deyə ritorik sual səsləndirərkən həmin adamların incə damarına düşmüş və “düz deyir” nidası ilə müşayiət olunan alqış qazanmışdı.
Əslində, Mütəllibov düz deyirdi, o da xalqın oğlu idi. Onu o vaxtın damğa xarakterli ifadələri ilə (“manqurt”, “antimilli”) damğalamaq insafdan olmazdı. Çünki Mütəllibov əslində xalqına, el-obasına bağlı adam olaraq başa düşürdü ki, əgər bu mərtəbəyə gəlib çıxıbsa, bu, təkcə, bəxt, qismət, tale məsələsi deyil; onu yetişdirib bura gətirənlər var və o, əndazəsini aşarsa, vurub taxtdan salarlar.
Mütəllibov Kremlin oyun qaydalarını bildiyi üçün elə incə siyasət yeritməli idi ki, nə Kremlin mənafeyinə toxunsun, nə də Azərbaycan xalqının, respublikanın maraqları zədələnsin. O, Moskvaya qarşı üsyan bayrağı qaldıra bilməzdi. Əgər Moskva ondan tələb etsəydi (bəlkə də dolayısı ilə edirdi) ki, Qarabağın Ermənistana birləşdirilməsinə razı olsun, Mütəllibov bununla razılaşmazdı - ona görə yox ki, belə etsəydi, xalq ayağa qalxıb onu devirərdi, əsasən ona görə ki, o da bu xalqın oğlu idi və vəzifədə bir neçə il artıq qalmaq xatirinə dövlətin ən bərəkətli ərazisinin qoparılmasına, böyük və əbədi tarixi töhmətin altına girməyə razılaşa bilməzdi.
“Biz də bu xalqın oğluyuq” deyərkən Mütəllibov bu xalqın problemlərinin ona da yad olmadığını bildirmək istəmişdi.
O və komandasının bir çox üzvləri hesab edirdilər ki, əslində ruslara daha çox yaxınlaşmaqla, Kremllə isti münasibətlər yaratmaqla, rusların öz əli ilə Qarabağ problemini daha asan həll etmək olar.
Mütəllibovun bu siyasəti müəyyən mənada özünü doğruldurdu. 1991-ci ilin may ayında rusiyalı hərbçilərin köməyi ilə Şaumyan kənd rayonu (Çaykənd və sair kəndlər daxil olmaqla) erməni separatçılarından tamamilə təmizləndi. Qarabağda erməni mövqeləri rus vertolyotlarından müntəzəm şəkildə bombalandı və Dağlıq Qarabağdan Ermənistana köç başlandı. Ancaq sonradan nəyə görəsə bu kampaniya yarımçıq dayandırıldı.

“Gözü çıxmış qardaşın aqibəti”ndən götürülən dərs

Mütəllibov hakimiyyət kürsüsünə oturar-oturmaz sələfinin -Əbdülrəhman Vəzirovun buraxdığı səhvləri, daha doğrusu, onun yanlış hesab olunan hərəkətlərini təkrar etməməyə çalışdı.
Bunlar aşağıdakılar idi:

  1. Vəzirovdan fərqli olaraq, Mütəllibov özünü ağır aparmağa, sanballı göstərməyə, az danışmağa, qeyri-standart hərəkətlər etməməyə, ağızlarda lətifə olacaq ifadələr işlətməməyə çalışırdı;
  2. Vəzirovdan fərqli olaraq, yeni birinci katib AXC kimi güclü, xalq arasında dayağı olan bir təşkilatla hər hansı bir ünsiyyət yaratmaq, dialoq aparmaq istəmir, hərəkat liderləri ilə görüşməyə, məsləhətləşməyə can atmırdı.
  3. Vəzirovdan fərqli olaraq, o, hakimiyyətdə duruş gətirmək üçün sədaqətli regional klan faktorundan istifadə etməyə çalışır, “bakılılar”ın siyasi qüvvəyə çevrilməsini istəyirdi.
  4. Vəzirovdan fərqli olaraq, Mütəllibov onu hakimiyyətdən devirmək istəyən əliyevçiləri gözardı etmir, onların əl-qol açmasına şərait yaratmırdı, başa düşürdü ki, bu qüvvənin məqsədi Heydər Əliyevin reabilitasiyasına nail olmaq, paytaxta, hakimiyyətə gəlməsini təmin etməkdir.
  5. Vəzirovdan fərqli olaraq, Mütəllibov fanatik kommunist deyildi və siyasi konyukturanın diqtəsinə uyğun hərəkətlər edə bilirdi.

Ancaq onunla Vəzirovu eyniləşdirən, ortaqlaşdıran cəhətlər də vardı. Bu, onların hər ikisinin Avropanı, SSRİ-ni, ayrıca Qafqazı sarmış mərkəzdənqaçma meyllərinin yaratdığı böyük təlatümdə vəzifə başına keçmələri idi. Həmin dalğalar o qədər böyük idi ki, onun qoynunda qərq olmamaq üçün iri okean laynerlərinə ehtiyac vardı. Mütəllibov isə motoru yatmış qayıqda kapitanlıq etmək zorundaydı.

Mütəllibovun iqtisadçılığı

O, savadlı, işbilən insan təsiri bağışlayırdı. 26 yaşından etibarən olduqca yüksək vəzifələrdə çalışması onda müəyyən rəsmilik ədəb-ərkanı, təşkilatçılıq qabiliyyəti yaratmışdı. Rəsmi təbliğat Müətllibovu bacarqlı iqtisadçı kimi tanıtmağa çalışırdı. Burada həqiqət elementləri vardı. Doğrudan da Mütəllibov dağılmaqda, çökməkdə olan və yeni-yeni bazar iqtisadiyyatına köklənməyə çalışan nəhəng bir iqtisadi məkanda (SSRİ-də) Azərbaycanın öz başına necə çarə qılmalı olduğunu aydın başa düşürdü. Elə bunun nəticəsi idi ki, 1991-ci ildə Mütəllibovun təşəbbüsü ilə Bakıda xarici şirkətlərin iştirakıyla geniş biznes-forum keçirildi. İlk dəfə məhz burada Qərbin nəhəng neft şirkətlərinin Azərbaycanın kəşf olunmuş, ancaq işlənməmiş karbohidrogen yataqlarına cəlb edilməsi barədə şifahi razılıqlar əldə olundu. Hakimiyyətdə qala bilsəydi, “Əsrin kontraktı” adlanan neft müqavilələri elə 1992-ci ildə Mütəllibovun imzası ilə bağlanacaqdı.

(davamı 31 yanvar sayında)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR