İnsanlara hürriyət, millətlərə istiqlal!

“OBELİSK” - “ŞEYTAN”, YOXSA “ŞƏHİD” SİMVOLU

6833 01.06.2012 09:59 Gündəm A A

“Səhər” bir neçə aydır Azərbaycanın ictimai-siyasi həyatı haqqında professional dillə desək, dezinformasiya yaymaqla məşğuldur. Kanal uzun zamandır Azərbaycanda insanların “acından öldüyü”, “dükanlarda yeməyə heç nə tapılmadığı”, “insanların aclıq və səfalət əlindən ölkədən qaçdığı” haqqında xəbərlər yaymaqdadır. Ən təəccüblüsü də odur ki, “Səhər”in reportyorları bu “xəbərləri” Bakının dəbdəbəli küçələrinin fonunda səsləndirir. Məsələn insanların “acından ölməsi” xəbəri Bakının çoxsaylı “Fast Food”larının qarşısındakı növbələrlə “əsaslandırılır”.

“Eurovision” isə təbii, İran mediasının əsas hədəfidir. Yarışma ərəfəsindən bu günə qədər kanalda “Avropa homoseksualları Bakıya toplaşdı”, “hakimiyyət geniş xalq kütlələrinin etirazına baxmayaraq bu üzdəniraq yarışmanı keçirdi” tipli reportajların ardı-arası kəsilmir.
Kanalın Azərbaycanın dövlət bayramı - 28 May Respublika Günü ilə bağlı efirə verdiyi reportaj da xüsusi aşağılayıcı tonu və sərt ifadələri ilə yadda qalıb. Sitat: ““Eurovision” yarışması bitən kimi ... prezident İlham Əliyev Bakının mərkəzi küçələrindən birində qurulmuş ”Obelisk" adlanan şeytan simvolunu ziyarət edib. Son illər ərzində atasının anti-İslam siyasətini davam etdirərək məscidləri dağıdan, məktəblərdə hicabı qadağan edən, məscidlərdə azan verilməsinə yasaq qoyan, idarələrdə möhür, təsbeh kimi islam simvollarına qarşı çıxan, hərbi hissələrdə namaz qılmağa icazə verməyən və axır vaxtlar şiə müqəddəslərinə hörmətsizlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsraili və Amerikanı cəlb etmək siyasəti yürütdüyünü göstərməkdədir. Azərbaycanın paytaxtında homoseksualların paradını keçirə bilməməsi dövlət rəsmilərini möhkəm qəzəbləndirib. İlham Əliyev dövləti ötən bir neçə il ərzində beynəlxalq sionizmin və dünyanın hegemon ölkələrinin dəstəyi ilə Azərbaycanda öz anti-İslam hərəkətlərini görünməmiş həddə artırıb".
Göründüyü kimi, “Şeytan simvolu” dedikdə İran telekanalı Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan İstiqlal Abidəsini nəzərdə tutur. Kanal iddia edir ki, abidə massonların simvollarındandır: “”Obelisk" kabalistlərin “şeytan simvol”larından biri, şeytanpərəstlər arasında isə “ər tanrı” mənasındadır və massonluq əqidəsində əsas simvollardan sayılır. Təkcə İslam dinində bu simvola hücum olub. Belə ki, bu simvol cəməratda (Həcc mərasimində şeytanı simvolizə edən daş - red.) var idi. Müsəlmanlar Həcc əməli zamanı ona tərəf daş atırdılar. Amma Ərəbistanın yəhudi hökumətinin hiyləsi ilə “Obelisk” oradan başqa yerə köçürüldü və onun yerinə bir divar hörüldü".
Əslində Obelisk Qədim Misir memarlığının elementi sayılır. İstanbulun Sultan Əhməd meydanında üzərində qədim Misir heroqlifləri olan “Dikilidaş” bir obeliskdir. “Memar Sinan” dərgisi yazır ki, XIX əsrə qədər torpaq altında qalan bu Misir abidələri sonradan çıxarılaraq Nyu-York, London, Paris kimi böyük paytaxt şəhərlərdə yerləşdirilib. Onlardan ən böyüyü - uzunluğu 21 metr olanı isə ABŞ-a göndərilib və Nyu-Yorkun Mərkəzi Parkında (Central Park) yerləşdirilib. Sütunun üzərində masson emblemi həkk olunub.
Bu yerdə onu da xüsusilə vurğulamaq gərəkdir ki, şəhidlərin böyük sayğı və ehtiramla anıldığı Türkiyədə şəhidlərin xatirəsinə ucaldılan abidələr məhz obelisk formasındadır.
Azərbaycanda İran telekanalının haqqında söhbət açdığı İstiqlal abidəsinə münasibəti birmənalı deyil. Ölkənin demokratik düşərgəsi abidənin Azərbaycan Xalq Cümhuriyyətinə layiq olmadığını dəfələrlə bəyan edib. Müxalifət partiyaları abidə qoyulan zamandan indiyə qədər onu Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Respublikasının qurucularının xatirəsinə sayğısızlıq kimi dəyərləndirən bəyanatlar səsləndirir - ölçüsünə, şəhərin görkəmli yerində olmadığına görə. Ancaq heç zaman bu abidə massonluq, şeytan simvolu kimi gündəmə gəlməyib. Cəmiyyətin demokratik kəsimi Azərbaycanın indiki iqtidarının Azərbaycan Xalq Cümhuriyyətinə, onun yaradıcılarına qısqanc münasibətini vurğulayaraq Bakının mərkəzi meydanlarından birində böyük postament üzərində yeni İstiqlal Abidəsi ucaldılmasını təklif ediblər.
Göründüyü kimi, İran tərəfi Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə ucaldılan abidəni “şeytan simvolikası” kimi təqdim etməklə, Azərbaycanın indiki hakimiyyətini rəsmi Tehranın sevimli ifadəsi ilə desək, “sionist rejimlər”lə işbirliyində suçlamaq istəyir. Ancaq bu zaman bir faktı yaddan çıxarır ki, Azərbaycanda hakimiyyətin bütün anti-AXC siyasətinə baxmayaraq Xalq Cümhuriyyətinə sahib çıxacaq demokratik düşüncəli vətəndaşlar var. Bu toplum Tehran rejiminin XXI əsrdə vətəndaşlarını gerilikçi ortacağ metodları ilə necə idarə etdiyini, onların dünyaya inteqrasiyası üçün hansı metodlar seçdiyini gözəl anlayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR