İnsanlara hürriyət, millətlərə istiqlal!

FƏRDA QƏDİROVUN SİRRİ AÇILDI (video və fotolar)

15858 16.05.2009 08:59 Gündəm A A

Beləliklə, dünən Baş Prokurorluq və DİN 30 aprel hadisələri ilə baglı birgə məlumat yaydı. Həmin məlumatın məzmununu təqdim edək: ADNA-da insanların xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər davam etdirilir.
- Hadisənin şahidi olmuş ADNA-nın müəllim və tələbələri, o cümlədən Fərda Qədirovun Gürcüstandan Bakı şəhərinə gəldiyi avtobusun sürücüsü və sərnişinləri, paytaxtda olduğu müddətdə ünsiyyət saxladığı şəxslər, hərəkət marşrutu, yaşadığı binanın sakinləri və ətraf ərazilərdəki obyektlərdə işləyənlər dindirilib. Həmçinin, cinayətdə iştirakı ehtimal edilənlərin telefon danışıqları təhlil edilib, eləcə də onların mənzillərində, müxtəlif saxlanc yerlərində axtarışlar aparılıb, digər zəruri tədbirlər həyata keçirilib.
Fərda Qədirovun cinayəti törətdiyi gün yaşadığı ünvandan Dövlət Neft Akademiyası istiqamətində keçdiyi yolu qeydə almış videokameraların görüntüləri, habelə onun hərəkət trayektoriyası öyrənilməkdədir.
Bununla bərabər, Fərda Qədirovun əvvəllər Rusiya Federasiyası və Gürcüstanda yaşaması baxımından əlaqələrinin müəyyənləşdirilməsi və iş üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədilə həmin ölkələrə istintaq qrupunun üzvləri ezam olunub.

Fərda silahla məşq edərkən şəkillər çəkdiribmiş!

Gürcüstanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində Fərda Qədirovun Daştəpə kəndində yaşadığı evdə aparılmış axtarış zamanı ona məxsus müxtəlif sənədlər, o cümlədən cinayətdə istifadə etdiyi tapançanı 24 oktyabr 2008-ci il tarixdə «Kula ARMS Corciya» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Tbilisi şəhərindəki silah mağazasından alması barədə qəbz, 14 ədəd patron, güllə və giliz, hər biri 50 patron tutumu olan iki qutu, düyməli bıçaq, silah təmizləmək üçün ləvazimat, birdəfəlik istifadə üçün əlcəklər, habelə əlində silah tutduğu vəziyyətdə çəkilmiş üç fotoşəkli aşkar edilib.
Fotoşəkillərdən ikisinin arxasında «24 fevralya 2009 q. Qadirov Farda Odinokiy Volk», digərində isə «U menya kajdıy şaq smert. 10 noyabrya 2008 q. Qadirov Farda» sözləri yazılıb.

«Bakıya gəlirəm, qarşıma kim çıxsa, yaşına baxmadan bax belə vuracağam»

Əşyaların içində, həmçinin müxtəlif telefon nömrələri olan qeydlər, 15 ədəd videokaset, üzərində rus dilində «Telefonun kamerasına bax, görərsən mən kiməm» yazısı olan kağız parçası, telefonunda isə «Mənim üçün məhəbbət yoxdur, yalnız nifrət var, Bakıya gəlirəm, qarşıma kim çıxsa, yaşına baxmadan bax belə vuracağam, polisə təslim olmayacağam, öldürməkdən həzz alacağam» deməsini, canavar maskası taxmasını və tapançadan atəş açmasını nümayiş etdirən videogörüntülər aşkar edilərək götürülüb.

Fərdanı «verbovka» edən erməni Qriqoryan Sergey Yeqoroviçdir

Gürcüstanın hüquq-mühafizə orqanlarının yaxından köməkliyi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Fərda Qədirovun 2008-ci ilin oktyabrında Rusiya Federasiyasından Daştəpə kəndinə qayıtdıqdan sonra oktyabr-noyabr aylarında 1961-ci il təvəllüdlü milliyyətcə erməni olan, lakin özünü gürcü kimi təqdim etmiş Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə telefon əlaqəsi yaradaraq mütəmadi görüşməsi, birlikdə silah mağazasından 500 lariyə «Makarov» tapançası və 200 lariyə 100 ədəd patron alması müəyyən edilib.
Törədilmiş bu ağır cinayətdə Sergey Qriqoryanın əlaqəsinin olub-olmaması və tapançanın əldə olunmasının qanunauyğunluğunun müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır. Eyni zamanda, Dövlət Sərhəd Xidməti ilə birlikdə həmin silahın dövlət sərhədindən Azərbaycana hansı yolla keçirilməsi faktı araşdırılır.
O da qeyd olunmalıdır ki, valideynlərinin və yaxınlarının Fərda Qədirovun meyitinin qəbulundan imtina etmələri səbəbindən cəsədi sahibsiz kimi dəfn olunub.
Hazırda işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
DİN və prokurorluğun birgə bəyanatının sonunda müxalifət partiyaları, ayrı-ayrı siyasətçilər və qəzetlər terror olayından öz məqsədləri üçün istifadə təşəbbüsləri göstərməkdə suçlanır.

Videogörüntülər şok yaradır

 

 

Dünən birgə bəyanatın yayılmasından sonra  AzTV bu terrorla bağlı hazırlanmış geniş materialı efirə verdi. Fərdanın özünün telefonla çəkdiyi süjetlər şok yaradacaq qədər təsirlidir. 10 noyabr 2008-ci ildə əlində silah telefon kamerasının qarşısında Bakını, 5 ay sonra öldürəcəyi qurbanlarını  o qədər nifrətlə, elə qəzəblə hədələyir ki, baxan hər kəsdə bir sual yaranır: AXI NİYƏ?
20 il ərzində Bakıda olmayan, bu səbəbdən də paytaxtımızda heç bir düşməninin olmadığı bəlli olan birisinin Azərbaycana, qarşısına çıxacaq hər bir azərbaycanlıya onları öldürəcək qədər nifrət bəsləməsinin nədəni nədir?

Vəhhabi versiyası sıradan çıxdı

Görüntülərdən aşkar olur ki, Fərda çaxır içir və keflidir. Hətta badələrdən birini də ona əlində tutduğu tapançanı (5 ay sonra ADNA-da 12 azərbaycanlının həyatını bitirəcək ölüm maşınını) almaqda kömək edən Sergeyin şərəfinə qaldırır. Bu fakt terrorun arxasında vəhhabi, yaxud da başqa bir radikal dini təmayülün ola biləcəyi versiyasını birdəfəlik aradan qaldırır. Və xarici ölkə kəşfiyyatının, o cümlədən də kürd faktoru versiyalarının dəyərini artırır.
Görüntülərdən o da aydın oldu ki, Fərda  çox peşəkar təlim keçib; həm sağ, həm də sol əli ilə tapançadan sərrast atəş açır. Qeyd edək ki, hadisənin şahidləri bununla bağlı fərqli danışırdılar. Bəzi şahidlər onun silahı sağ, bəziləri isə sol əlində tutduğunu bildirirdilər. İndi aydın olur ki, o, hər iki əli ilə silah atmağı bacarıb və güman ki, hadisə zamanı bu bacarığından yararlanıb.

Rusiyada ona nə oldu ki, Bakıya nifrəti artdı?

Onun Rusiyadan Gürcüstana gəldikdən sonra dərhal silah alması, noyabr ayında (10 noyabr 2008) əlində silah videokamera qarşısında dayanaraq Bakıya gəlib hamını qıracağını, cinayət törədəcəyini deməsi Fərdanın Rusiyada yetişdirilib Bakıya göndərildiyi ehtimalını artırır. Onun bir manyak, psixikasında problem olmasına artıq şübhə yoxdur. Görünür, hörmətli daxili işlər naziri məhz bu sübutlara dayanaraq Fərda Qədirovun psixi xəstə olması barədə açıqlama vermişdi. Amma o da mümkündür ki,  onu süni yolla bu vəziyyətə gətiriblər və manyaklaşdırıblar. Məqsəd isə Bakıda cinayət törətməsini təşkil etmək olub. Əks təqdirdə, bu adamın psixikası pozulub, manyaklaşıbsa, niyə məhz Bakıya gəlirdi? Bu təbii pozğunluq olubsa, o, Rusiyada, Gürcüstanda da manyaklığını edə bilərdi. Onun məhz Bakını seçməsi təsadüfi deyil və bu, ancaq sifariş ola bilər.

Fərdanın şəkillərini kim çəkib? Pulu kim verib?

Dünən kadrlar efirə gedərkən AzTV-nin şərhçisi ortaya bir neçə sual atdı. Onlardan biri budur: «Fərdanın silahla xüsusi pozada şəkillərini kim çəkib?» Daha bir sual: «Fərdaya pulu kim verib?»
İstintaq dəqiq şəkildə müəyyən edib ki, ötən ilin oktyabrında, Fərda Rusiyadan ayrılarkən atası ona cəmisi 1000 dollar pul verib. Amma Fərda Qədirov 3 ay yarım Gürcüstanda yaşayıb, silah alıb, sonra Bakıya gəlib, burada ayda 300 dollara ev tutub və bununçün üst-üstə 600 dollar xərcləyib. İstintaq onu da müəyyənləşdirib ki, Fərda Bakıda özünə korluq verməyib və ən bahalı barlarda gecə həyatı yaşayıb. Bu qədər pulu ona, istintaqdan sızan məlumatlara görə ermənilər verib. Bakıda terror etmək üçün anlaşdığı 100 min dolların yarısını əvvəlcədən alıbmış.

İstintaq Rusiyaya xəbərdarlıq etdi?

Ötən saylarımızda da yazmışdıq: İstintaqın əlində bu cinayətin arxasında konkret xarici ölkənin (iddiaya görə Rusiya- Ermənistan cütlüyünün) dayanmasına dair təkzibedilməz və mötəbər sübutlar var. Sadəcə, Azərbaycan dövləti həmin ölkənin bundan sonrakı hərəkətlərini durdurmaq üçün çalışır. Bu cinayətin fakturasını onsuz da bizə düşmənçilik edən ermənilərə kəsib, Rusiyanı kənarda saxlayıb; lakin faktlarla təhdid edərək Azərbaycana qarşı olası təxribatların və qəsdlərin qarşısını almaq taktikası seçilib. Lakin belə görünür ki, qarşı tərəf bu şantaja getmir. Son günlər terrorla bağlı artan telefon xəbərdarlıqları da bunun nəticəsi ola bilər. Tam əksinə, Azərbaycan tərəfi təhdid altına alınıb. Ona görə də mümkündür ki, istintaqa ortadakı faktkarın bir qismini açmaq tapşırılıb. Bununla da terrorun sifarişçisinə bildirilir ki, dayanmasa onu bütün dünyanın gözü qarşısında ifşa gözləyir.

Versiyalarımız təkzib olunmadı

Bizim terror barədə ölkənin xüsusi xidmət orqanlarında öncədən məlumat olması barədə iddia-versiyamız qüvvədə qalır. Belə bir əməliyyat məlumatı artıq otən ilin sonlarından var.
Yəqin dünənki süjetləri bu gun də verəcəklər - bir məsələyə diqqət edin. Fərda özünü ötən ilin 10 noyabrında telefonla çəkərkən bildirir ki, o qanlı cinayət törətmək üçün Bakıya gedir və bu görüntülər axırıncıdır. Lakin o, naməlum səbəblərdən Bakıya həmin vaxt gəlmir - bir də düz  3 ay  sonra Azərbaycanın paytaxtına yerləşır.
Bu istiqamətdə irəli sürdüyümüz bütün iddiaları mötəbər təkziblər verilənə qədər müdafiə edirik.

Saxlanılanların adı «Yeni Müsavatda»

Dünən ADNA-dakı terrorla bağlı tutulan şəxslərin siyahısını əldə etmişik. Bəri başdan qeyd edək ki, onlardan bəzilərinin adları əvvəldən məlum idi. Bunlar Nadir Əliyev, Cavidan Əmirov, Ariz Qabulov, Mədət Kazımov, Nəcəf Süleymanov, İlqar Əzizov və Əziz Qaracayevdir. Bu şəxslər Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindəndirlər.

Yalançı bomba xəbərlərini verənlər - kor və ruhi xəstə olub?

Maraqlıdır ki, aprelin 30-da baş verən qanlı qətliamdan əvvəl və sonra şəhərin müxtəlif nöqtələrinə bomba qoyulması barədə polisə xəbərlər verilib və bu gün də bu davam edir. Lakin gələn məlumatlar göstərir ki, yalançı bomba xəbərləri yayanları müəyyən etmək elə də asan deyil. Məsələn mayın 8-də metronun «Gənclik» metrostansiyasına bomba qoyulması ilə bağlı polisə anonim zəng olub. Naməlum şəxs «102" xidmətinə zəng vuraraq »Gənclik" stansiyasına partlayıcı maddə qoyulduğunu bildirib. Nərimanov rayon Polis İdarəsinin araşdırmalarından sonra məlum olub ki, zəng Xətai rayonu ərazisindəki taksofondan edilib. Araşdırmalar nəticəsində məlum olub ki, anonim zəngi Gözdən Əlillər üçün Məktəbin 16 yaşlı şagirdi edib.  Mayın 14-də naməlum şəxs yenidən «102" xidmətinə zəng vuraraq Suraxanı rayonu ərazisindəki dövlət əhəmiyyətli obyektlərdən birinə bomba qoyulması xəbərini verib. Suraxanı PRİ-nin və Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı Rayon Şöbəsi əməkdaşları birgə tədbir keçirib müəyyən ediblər ki, anonim zəngi Qarayev küçəsi dalan 1 »b" üvanında yaşayan ruhi xəstə, 1987-ci il təvəllüdlü Çinar Çingiz oğlu Balaəhmədov edib.
Lakin baş verən hadisədən və əlimizdəki məlumatlardan sonra korla ruhi xəstənin bomba qoyulması xəbəri yaymaları bir o qədər də inandırıcı görünmür. 

Terror qurbanlarının vəziyyəti yaxşılaşır

Dünən qətliam zamanı ağır güllə yarası alaraq Əfəndiyev adına 4 saylı Kliniki Şəhər Xəstəxanasına aparılan ADNA tələbəsi, Siriya vətəndaşı Daas Müaviyyəyə baş çəkmək üçün sözügedən xəstəxanaya yollandıq. Lakin həkimlər xəstənin vəziyyətinin ondan müsahibə alınmasına imkan vermədiyini dedilər. Qeyd etdilər ki, Daas Müaviyyə artıq ümumi palataya  köçürülüb, vəziyyəti getdikcə yaxşılaşır.
Daha sonra ADNA-nın qarşısına yollandıq. Əvvəlki günlərdən fərqli olaraq, orada polis postuna rast gəlmədik. Amma akademiyanın girişində dayanan komendant və onun idmançı görkəmli köməkçiləri içəri girənləri yoxlayır, tələbə bileti olmayanları içəri buraxmırdılar.
Dünən həmçinin 1 saylı xəstəxanada yatan yaralılara da baş çəkdik. Artıq bizi dostu hesab edən sudanlı tələbə Mustafa Muhamməd vəziyyətinin getdikcə düzəldiyini dedi. Onun sarğılarını açıblar. Güllə boynundan girib, qulağının yanından çıxıb. Mustafa bir-iki günə xəstəxanadan çıxacağını dedi. M.Muhamməd dövlət tərəfindən ayrılan 15 min manat yardımın onlara çatdırıldığını söylədi.
Digər yaralı Rəhman Axundovun da vəziyyəti nisbətən düzəlib. Artıq həkimlər ona danışmağa icazə verirlər. Rəhman bildirdi ki, hələ yaddaşı tam bərpa olunmadığından hadisələri xatırlaya bilmir.
Yaralı Zemfira Hüseynli də getdikcə yaxşılaşır. Bu günlərdə o, qolundan yenə əməliyyat olunmalıdır.
Xəstəxanada olarkən öyrəndik ki, artıq Ervin Cəmiyev, İlkin Şıxəliyev, Elşən Mustafayev evə buraxılıblar. Sabah isə Rəhman Axundov evə buraxılacaq.

Terror təhlükəsi davam edir...

Bu hadisələrin fonunda Bakı Şəhər Baş Təhsil İdarəsi mayın 30-da keçiriləcək son zəng tədbirləri çərçıvəsində məktəb məzunlarının Milli Parka gəzintiyə çıxmasını məqbul hesab etməyib. Məktəb direktorlarına məzunları kütləvi toplantı yerlərinə buraxmamaq tapşırılıb. Deməli yenə əməliyyat məlumatları var; təhlükə sovuşmayıb, hər an fövqəladə hadisə baş verə bilər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR