İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏBÜLFƏZ ELÇIBƏY. LIRIK TONDA XATIRƏ

10539 06.01.2013 14:56 Gündəm A A

Və əslində bundan yaxşı heç bir şeyi arzu etmək olmaz. Bəlkə də optimizmə haqqımız yoxdur, bəlkə də bütün bunlar qapalı cəmiyyətdə baş verir, bəlkə də bunlar “nəlbəki içində fırtınadır”, lakin ictimai nəqliyyatdan istifadə edən birisi kimi pessimizmə ümumiyyətlə haqqımız olmadığını anlayıram.
Hər hansı bir şəxsiyyət qüsurlu olmaya bilməz, çünki o, insandır, lakin əbədiyyətə qovuşan (tarixə yazılan) şəxs sanki uzaqlardan ideal kimi görünə bilər. Sanki gecənin qaralığında olduğu kimi tarixi məsafədən təzad və ziddiyyətlər getdikcə görünməzləşir, silinir, deformasiya olunur, hətta pozulur.
Əbülfəz bəyin ölümündən artıq 12 il keçməsinə baxmayaraq heç zaman onun haqda bir kəlmə belə yazmamışdım. Bəlkə də ona layiq nəsə yaza biləcəyimə inanmırdım, bəlkə də daxilən məşum 93-cü ili ona bağışlaya bilmirdim, amma unuda və üstündən xətt çəkə biləcəyim bir nəsnə deyildi. Bəlkə həyatda şəxsən olaraq cəmi bircə dəfə görüşdüyüm insana nə qədər vacib olsa da bu qədər çoxsəthli hisslərin yaşadılması infantilizmdən doğurdu?
1991-ci ilin payızı cəmiyyət, xüsusən o dövr gəncliyi üçün böyük ümidlər zamanı idi. Nəhəng bir imperiyanın dağılma nöqtəsinin az qala bütün ağırlığı Qafqaza ensə də bunu hələlik heç bir kimsə sonadək anlamırdı. Yenicə bəyan edilmiş Müstəqillik Aktı hələ heç kim tərəfindən tanınmasa da hamının qəlbini fərəhlə doldurmuşdu. Bizi hansı dəhşətlərin, necə faciələrin gözlədiyinin kimsə fərqində deyildi - gənclik hər zaman nikbin olur, ümid dolu günlərlə yaşayır.
Belə günlərdən birində konservatoriyanın Xalq Cəbhəsi dayaq nöqtəsi Müstəqillik Aktının şərəfinə və tələbələrin gücünə kiçik bir konsert təşkil etmək qərarına gəldi. Ora Bəyi də dəvət etmək istəyirdik. Maraqlıdır ki, o dövrün gərgin hadisələri fonunda anlaşılan zaman məhdudluğuna baxmayaraq o, dəvətimizi qəbul etdi və konsertə gəldi. Salona daxil olarkən alqışlar başladı və Bəy sadəcə dinləyici qismində buyurduğu tədbirdə danışmalı oldu. Bu zaman musiqi və ya kültür mövzusuna xüsusi olaraq hazırlaşmadığına əminəm. Heç bir önyarğısız, bu sahədə peşəkar olmayan insanlardan hansısa xüsusi musiqi zövqünə, hansısa biliklərə malik olmağı gözləmək doğru deyil. Bəyin sadəcə musiqimiz, kültürümüz haqda ümumi sözlərlə kifayətlənəcəyinə əmin idim. Başqası heç tələb olunmurdu da.
Amma düşündüyümün tam əksi baş verdi. Gözləmədiyimiz halda Elçibəy bir qədər musiqinin, kültürün sosiumda rolundan danışdıqdan sonra o zaman çox aktual olan milli identifikasiya axtarışlarını təsdiqləyəcək hansısa əsərlərdən yox, Qara Qarayevin dodekafon texnikası ilə yazılmış III Simfoniyası haqda danışdı. Bu əsər uzun illər mənasız ideoloji səbəblər ucbatından qoyulmuş qadağaları yenərək SSRİ-də bu texnikada ilk yazılan əsərlərdən biri idi. Hansı ki, musiqimizin inkişafın bu istiqaməti indiyədək hətta musiqiçilər arasında belə dartışılmaqdadır. Bu tip musiqi elitar və intellektual xarakter daşıyır, dinləyicidən isə xüsusi zövq və hazırlıq tələb edir. Belə musiqi, bu cür əsərlərlə maraqlanmaq, onları dinləmək və dəyərləndirmək sadəcə zövq və həssaslıq məsələsi də deyil. Bu, dinləyicinin öz üzərində dərin iş aparılmasını şərtləndirən ruhi-intellektual tələbatdır.
“Biz, əlbəttə, o zaman çox da anlamırdıq, şübhəsiz ki, çətin əsər idi, amma musiqimizin gələcəyi oradadır, müasirlikdə” - Bəy çıxışını təxminən belə bitirdi.
Doğrusu, bunu gözləmirdim. Çox böyük təəccübümə səbəb olmuş bu hadisə ilə Elçibəyin əsla populist və sadəlövh bir millətçi olmadığına, klişedən və bayağılıqdan tamamilə uzaq olduğuna əmin oldum. Özüm üçün onun daha bir səthini kəşf etdim. Keçilmiş və rahat yollardan yan keçən bu tip insan əsla bütə çevrilə bilməzdi...

***

1993-ün məşum yayı bütöv bir gəncliyi, 70-cilər nəslini şil-küt etdi. Şübhəsiz ki, Elçibəyin burada günahları böyükdür, ən azından hakimiyyətə gəlmiş, bu yükü qəbul etmiş sorunlu birisi kimi. Bu zaman “onu etməsəydi, bu olardı, filan etsəydi, elə olardı” kimi mübahisələr mənasızdır - tarix felin lazım formasını sevmir.
O müdhiş yayda atamla mübahisə həddini keçən söhbətlərimizi xatırlayıram. “Dağıtdınız, bala, daşı-daş üstə qoymadınız. İndi yiyəsi gəlib, çəkilin kənara” tipli ifadələr təkcə atama yox, bütün yaşlı nəslə məxsus idi. Cəmiyyətin parçalanma xətti az qala hər ailəyə gəlmiş, sanki nəsillər arasındakı qarşıdurma səngərinə çevrilmişdi. Postunu tərk etmiş və “yıxılan ağac”a çevrilən eks-prezidentin bütün ətrafına divan tutulması bu qarşıdurmanı sanki daha da teatral edir, rövnəqləndirirdi. Televiziyada nümayiş etdirilən “haqqın məhkəməsi”, parlament tribunasındakı yüksək rütbəli məmurların ekzekusiyası toplumun kütləvi istehzası ilə müşayiət edilirdi. Güc nazirliklərindən birinin başçısı olan general rütbəli nazirin tribunadan “Heydər Əliyeviç...” deyə kəkələməsini kimsə çətin unuda.
Kütləvi alçaldılma üzərindən yeni sakral obrazın yaradılması isə kütlə üçün tək nifrət və əyləncə istəyinin ödənilməsi deyil, həm də hipnoz xarakteri daşıyırdı. AzTV-dən yayınlanan və inkir-minkir mühakiməsini xatırladan sakral sual-cavabı o zaman yalnız İsa Qəmbər layiqincə durdura bildi. O zamanın müdhiş atmosferini bilmədən bunun nə demək olduğunu qiymətləndirmək qeyri-mümkündür...
Əbülfəz bəyin hakimiyyətdə olduğu bir il ərzində görməyə çalışdığı işlər - bunlar az deyildi, başqalarını sadalamağa ehtiyac görmürəm - mənim üçün bir gənc kimi ən başlıcası 1992-nin yayına bizdən artıq tamamilə boşaldılmış Qarabağa triumfal qayıdışımız idi. 88-ci ildən davam edən milli təhqir olunma hissindən yalnız o zaman azad olmuşdum və bu, mənim üçün hər şeydən vacib idi. Bu, bizim istənilən aspektdə kifayət qədər yaxşı hazırlığı olan və müharibədə mənəvi üstünlük əldə edə bilmiş xarici düşmən üzərində davamlı qələbələrlə müşayiət olunan yeganə dövrümüz idi.
Amma sanki bu da heç bir kimsəni maraqlandırmırdı. “Musanın səhrada 40 il gəzdirməli” olduğu xalq gözlənilmədən nail olduğu azad fikir və söz kimi fundamental dəyərləri qiymətləndirəcək durumda deyildi. O zaman bu, hakimiyyəti, konkret birinci şəxsi təhqir etmək imtiyazı kimi qəbul edilir, bu istiqamətdə çoxları sanki yarışa girirdi. O dövrdəki ağır geosiyasi durum, müharibənin gətirdiyi səbatsızlıq, bir çox qüvvələrin məqsədli şəkildə sabotajı islahatların köklü aparılmasına və məntiqi sonluğa gətirilməsinə imkan vermədi. Elçibəyin nəsibi məhvi labüd olan, cəmi bir ildən az çəkmiş hakimiyyəti, ictimai bədnamlıq və sanki “Zərdüşt belə deyirdi” əsərindən çıxmış “cinayətimiz - məğlubiyyətimizdir” ifadəsi oldu.
Kütlə isə acgözlüklə qurban tələb edirdi və bu qurban qismində faktiki çarmıxlanmış Elçibəydən başqa o zamanın gəncliyi də sadəlövh idealları ilə məhv edilməli idi. İctimai yerlər, nəqliyyat ittiham məkanına çevrilmişdi. Avtobusda onun haqqında eşitdiyim bəlkə də ən yumşaq ifadə “oğlu tank satır” idi. Xatirimə “Ovod” romanının baş qəhrəmanının dilindən nəql edilən onun sirkdə insanlar tərəfindən necə alçaldılması səhnələri gəlirdi. Əlbəttə ki, o zaman kiçik yaşlarında olan uşağın tankı necə satdığı heç kimi maraqlandırmırdı, necə ki, indi balaca oğlanın Dubayda 44 milyona villanı necə aldığı kimsəni əsla ilgiləndirmir.
Gözlərimiz önündə faktiki müqəddəs kitablardakı hadisələr cərəyan etdi. Xalq Bəyin xislətində istənilən halda hiss ediləcək bir saflıq və hətta haradasa divanəlik olduğunu gözəl duyurdu. Əlbəttə ki, bu hakimiyyətdəki adam üçün heç də müsbət bir xüsusiyyət deyildi, sorunlu birisi üçünsə dəqiq belə idi. Xalq haqlı idi, çünki əslində hakimiyyətdə olduğu müddətdə Elçibəy azərbaycanlıların bir çox bütləşdirdiyi sakral anlayışların üstündən saymazyana keçmişdi. Bəy bu arxetipləri faktiki ayaqlayıb, alçaldıb təhqir etmişdi, bunlar indiyədək bir çoxları üçün mayak olan “ailə dəyərləri”, yerlibazlıq, qohumbazlıq, rüşvət və maddiyyata tapınmaq, ən başlıcası ən balaca, lap cırtdan məmurlarda çulğalayan sakral “müdir” arxetipi idi.
Onun hakimiyyəti şəffaflıq və (səmimi) sadəliklə müşayiət olunduğu üçün bütün bunlar köləlikdən yeni çıxmış xalq və başdan-ayağa xəstə olan cəmiyyət üçün ağır forma almışdı. “Bacarana can qurban” formulunu aksiom kimi qəbul etmiş camaat arasındakı danışıqlarda “özünə ev ala bilməyənin, həyat qura bilməyənin onlara necə ölkə tikəcəyinə” dair kəskin ittihamlar səslənirdi.
70-lərdə onu həbs etmiş müstəntiqin 1993-də, Elçibəyin prezidentliyi dövründə ona telefon açması, özünün yazdığı kimi, cavabında “a bəy, sən haralardasan, necəsən, gəl bir stəkan çay içək” kimi reaksiyanı alması, Bəyin onu həmən qəbul edib bu adamın ona ölkədəki ağır durum haqda şikayətlərini dinləməsi isə sanki artıq İncilin baş qəhrəmanına işarə idi - bu qədər geniş ürəkli birisi mütləq çarmıxa çəkilməli idi. Bunu tarixi analogiya, “pozusu olmayan yazı” tələb edirdi. İstənilən halda belə bir personaj ağır cəzasız ötə bilməzdi və Bəy qədərinə düşəni sonadək çəkdi.
Bütün bunlar onun etdiyi fatal səhvlərin üstündən xətt çəkmir, amma bu, reallıqdır: Elçibəy hakimiyyətə, kresloya ən müqəddəs dəyər kimi tapınmayan yeganə prezident olub və bunun yeni tariximizdə həqiqətən də misli yoxdur. O, həyatı ilə sübut etdi ki, hakimiyyət onun üçün vasitə idi, məqsəd və hədəf yox. Və bu, bizim cəmiyyətdə prinsipcə mümkündür, azərbaycanlılar heç də hamısı bu bəlaya düçar olmayıb. Bunlar tarix və gələcək üçün müstəsna bir örnəkdir.
Təəssüf ki, həyatın heç bir resepti mövcud deyil. Musiqiçi kimi əminliklə deyə bilərəm ki, məşq çox zaman konsertdən qat-qat vacibdir. Milan Kundera “Varoluşun dözülməz yüngüllüyü” əsərində “Əgər ilk məşqdəcə həyat başlanırsa, o zaman həyatın dəyər nədir?” - deyə sorur. Əbülfəz bəy də hamı kimi həyatını məşqsiz, “birdəfədən” oynamalı oldu. “Bu, onun taleyi idi”.
Amma əbədiyyətə qovuşduqdan sonra “onun taleyi” artıq özünün tam başqa qədərini yaşayır. Çox təəssüf ki, bu dəfə də məşqsiz...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR