İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Metropolitenindən prezidentə şikayət edildi

3497 04.06.2014 13:08 Gündəm A A
Bakı şəhər sakini Fikrət Cəfərov Bakı Metropoliten İdarəsi tərəfindən pozulan mülkiyyət hüquqlarının bərpası üçün dövlət başçısı İlham Əliyevə müraciət edib. 

Şikayətçi iddia edir ki, 2 ilə yaxındır, sökülən şəxsi mülkünün konpensasiyası ödənmir: “Bakı şəhəri 7-ci mikrorayon 3126-cı məhəllədə yerləşən, 140 kv/m torpaq sahəsinin və üzərində 135,88 kv/metrlik 6 otaqlı mənzilin tam hüquqlu mülkiyyətçisiyəm. Bakı Metropoliteni həmin sahənin metro inşası ilə bağlı dövlət ehtiyacları üçün almağı nəzərdə tutub. Mülkiyyətimdə olan əmlakın qiymətləndiriməsi üçün “ƏQD” MMC-yə sifariş verilib. “ƏQD” MMC 19 aprel 2012-ci ildə əmlakımı 50 000 manat dəyərində qiymətləndirib. Bu qiymət real bazar qiymətlərindən dəfələrlə aşağı olduğu üçün müstəqil qiymətləndirici şirkətlərə - “Az-Qiymətləndirmə Mərkəzi”nə, “MBA LTD”MMC-yə müraciət etdim. “Az-Qiymətləndirmə Mərkəzi” mülkiyyətimə 220 000 manat, “MBA LTD”MMC isə 150 100 manat dəyərində qiymət qoydu. Bakı Metropoliteninin əmlak qiymətləndirilməsi üzrə sifariş verdiyi şirkətlə müstəqil şirkətlərin qiymətləndirməsi arasındakı bu fərq onu göstərir ki, metro rəhbərliyi əmlakların düzgün qiymətləndirilməməsində maraqlıdır”. 

Şikayətçi bildirir ki, dövlət əhəmiyyətli obyektlər tikilərkən əhalinin maraqlarının qorunması prinsipi nəzərə alınmır: “Cənab prezident! Bakı şəhərində mənzillər sökülərkən hər kvadratmetr üçün 1500 manat vəsait ayrılması tövsiyə etmisiniz. Bakı Metropoliteni sizin bu tövsiyənizi qulaqardına vurur. Mülküm sökülüb, ancaq mənə heç bir kompensasiya ödənilmir. Nəzərinizə çatdırmaq istəyirəm ki, ailədə 6 nəfərik, heç birimiz işləmirik. Oğlum 1-ci qrup əlildir. Bakı Metropoliteninin təklif etdiyi hər kvadratmetr üçün 360 manat məbləğ bazar qiymətləri ilə uzlaşmadığından ailəmizi mənzilsiz qoyub. Dəfələrlə Bakı Metropoliteninin rəhbərliyinə, o sıradan Arif Rəsulova müraciət etməyimə baxmayaraq, heç bir nəticə əldə etməmişəm. Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun və onun yaxın qohumu olan Arif Rəsulovun bu hərəkətləri dövlət qulluqçuları və onlara bərabər tutulan şəxslərə dair etik qaydalara ziddir”.

Fikrət Cəfərov ərazidə yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsi zamanı Bakı Metropoliten İdarəsinin yol verdiyi maliyyə fırıldaqlarından da söz açıb: “Məcburi köçkünlərin də həmin ərazidə mülkləri var idı. Mənzilləri qaçqınlardan ucuz qiymətə alan Bakı Metropoliteninin rəhbərliyi onları öz yaxınlarının adına rəsmiləşdirib, daha sonra isə dövlətə yenidən baha qiymətə satıb, bununla da qanunları pozaraq, dövlət əmlakını mənimsəmə hallarına yol verib”.

Şikayətçi vətəndaşların mülkiyyət hüquqlarını pozan məmurların dərhal cəzalandırılmasını və hüquqlarının bərpasını tələb edir.

Humay

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR