İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANDA PKK MÖHÜRÜ

İş o yerə çatıb ki, hətta bu məmləkətdə XX əsr türk tarixində ən qanlı terror aktlarına imza atan Kürd Fəhlə Partiyasına (PKK) qarşı yazıya görə hədələnmək olarmış. Utanmasan oynamağa nə var ki?! PKK artıq çoxdan öz fəaliyyət sərhədlərini Türkiyə və Şimali İraq ərazilərindən kənara çıxararaq Azərbaycana da yol açıb. Artıq xeyli vaxtdır ki, Türkiyəni terror təhlükəsi ilə üz-üzə qoyan PKK-nın ölkəmizdə fəaliyyəti ilə bağlı mətbuatda mütəmadi olaraq yazılar dərc olunur.
PKK-nın Azərbaycan iqtidarında təmsil olunan bəzi vəzifəli məmurlar timsalında ciddi dəstəkçilərinin olması, Türkiyə xüsusi xidmət orqanları və polisi tərəfindən axtarışda olan PKK-çıların Azərbaycanda sığınacaq tapması, terror təşkilatına bağlı şəxslərin Azərbaycanın iş sektoruna, qida və yeyinti sənayesi məhsullarının biznesində mövqe qazanması haqda dəfələrlə faktlar ortaya qoyulub. Maraqlıdır ki, indiyə qədər bu iddiaların heç biri rəsmən təkzib edilməyib. Etiraf etməliyik ki, bunların hamısı ölkəmizin və dövlətimizin təhlükəsizliyinə təhdiddir. Ona görə də mövzunu bir daha gündəmə gətirməyə qərar verdik.
Beləliklə, türk qanına susayan terror təşkilatının Azərbaycandakı izləri ilə bağlı araşdırmamızı

PKK-nın yaranışı

və fəaliyyətinin ümumi xronikası ilə başlayaq. Ötən əsrin 70-ci illərinin sonunda, daha konkret desək, 1978-ci il, noyabrın 27-də Diyarbəkirdə sovet xüsusi xidmət orqanı olan KQB-nin dəstəyi ilə yaradılan Kürd Fəhlə Partiyasının (PKK - partiyanın adının kürd dilində tərcüməsinin abbreviaturasıdır-müəl.) qeyri-rəsmi qərargahı Şərqi Türkiyə və Şimali İraqda yerləşir. Suriyanın ərazisindəki SSRİ xüsusi xidmət orqanlarının himayəçiliyi ilə ərsəyə gələn PKK-nın hərbi birləşmələri üçün silahlar Çexoslovakiya xüsusi xidmət orqanlarının yardımı ilə əldə edilib. Beləliklə, Varşava Müqaviləsi Təşkilatı NATO-nun cənub cinahda aparıcı ölkəsi olan Türkiyəyə təzyiq vasitəsi əldə edib. 1980-ci ildə PKK erməni terror təşkilatı ASALA ilə razılıq əldə edərək terrorçuların hazırlanması və maliyyələşməsi üçün bu təşkilatdan dəstək alıb. Bundan sonra PKK açıq terrora keçib. Təşkilat 90-cı illərdən bəri professional partizanlardan ibarət olan çoxminli orduya malikdir. PKK terroru nəticəsində 40 minə yaxın adam həlak olub. 3 mindən artıq türk kəndi yer üzündən silinib. Partiyanın şüarı “Vahid, müstəqil, demokratik Kürdüstan”ın yaradılmasıdır. İdeologiyası marksizm-leninizm olan partiyanın rəhbəri Abdulla Öcalandır. Öcalan 1999-cu ildə həbs edilib və ölüm cəzasına məhkum olunaraq bu günədək Türkiyənin İmralı həbsxanasında saxlanılır. 2004-ci ildə ABŞ 39 qrupu terrorçu təşkilat kimi elan edərkən PKK-nı da bu siyahıya saldı.
Elə burdan başlayaq. Minlərlə türkün ölümünə səbəb olan, ən yaxın və strateji müttəfiqimiz Türkiyənin istiqlalına və ərazi bütövlüyünə müharibə elan edən

PKK Azərbaycanda terrorçu kimi tanınmayıb

Abdulla ÖcalanDoğrudan da müstəqillik dönəmində Milli Məclisin qəbul etdiyi heç bir sənəd və bəyanatda PKK barədə bir cümlə də olsun tapmaq mümkün deyil. Bunun səbəbi isə ictimaiyyətə bu vaxta qədər də rəsmən açıqlanmayıb. PKK-nın işğal edilmiş Azərbaycan ərazilərində hərbi düşərgələrə malik olmasına, erməni terror təşkilatı ASALA ilə sıx əlaqələr qurmasına, rəsmi təbliğatında Azərbaycan ərazilərinə də iddia etməsinə baxmayaraq Azərbaycan tərəfi, konkret olaraq parlament bu vaxta qədər kürd separatçı təşkilatını rəsmən terrorçu təşkilatlar sırasına salmayıb. Türkiyə dövlətinin yüksək vəzifəli rəsmi şəxslərinin Azərbaycana səfəri ərəfəsində və ondan sonra rəsmi Bakının PKK-nı terror təşkilatı kimi tanıyacağına və onun fəaliyyətinin ölkəmizdə qadağan edilməsinə dair qanun layihəsi qəbul edəcəyinə dair açıqlamalar verilir. Bu cür açıqlamalar hakimiyyətdə təmsil olunan məmurlar, eləcə də iqtidardakı Yeni Azərbaycan Partiyasının rəhbərləri tərəfindən verilsə də nəticədə belə bir qanun bu vaxta qədər qəbul olunmayıb və rəsmi Bakı PKK ilə bağlı verdiyi sözü hər zaman “yeyib”. Elə bu səbəbdəndir ki, cəmiyyətdə və qəzetlərdə PKK-ya bağlı şəxslərin Azərbaycan hakimiyyətinə güclü təsir imkanlarının olması ilə bağlı versiyalar daha ciddi şəkildə özünə yer tapır.
Dəfələrlə yazılıb ki, Azərbaycan parlamentində də PKK-ya simpatiya bəsləyən, bu təşkilatı kürdlərin milli-azadlıq hərəkatı hesab edən, toylarda və özəl məclislərdə xəyali “Kürdüstan dövləti”nin şərəfinə badə qaldıran xeyli deputatlar və dövlət məmurları var. Hətta şair Rüstəm Behrudi ötən parlamentdə bu cür deputatların sayının 27 nəfər olduğunu bildirmişdi. Bir şairin açıqlaması bir yana, həbs olunandan sonra Türkiyə MİT-inə verdiyi ifadədə A.Öcalan Azərbaycan haqqında danışanda ən çox adını hallandırdığı və özünün yaxın dostu hesab etdiyi Səfo Mirzoinin adını çəkmişdi. Bəs bu

Səfo Mirzoi kimdir?

Səfa MirzəyevSualın cavabı üçün öncə PKK rəhbərinin ifadələrini dəqiq şəkildə nəzərdən keçirək: “SSRİ dağılandan sonra Azərbaycan parlamentində hüquq şöbəsinin şefi olan Səfo Mirzoi bizim dostumuzdur. Səfo Mirzoinin xidməti nəticəsində o vaxtkı cümhurbaşqanı azsaylı xalqların hüquqlarının qorunması ilə əlaqədar qanun imzaladı”.
A.Öcalanın nəzərdə tutduğu sənəd qanun yox, fərman olub və eks-prezident Əbülfəz Elçibəy belə bir fərman imzalayıb. A.Öcalan həmin fərmanın imzalanmasını Səfo Mirzoinin xidməti sayır. Çünki separatçılar bu fərmandan istifadə edərək PKK-nın fəaliyyətinin genişlənməsinə şərait yaratdılar. Belə ki, məlum fərmandan sonra Azərbaycanda Kürd Mədəniyyət Mərkəzi adı altında həqiqətən kürd separatçılığını təbliğ edən qurum yarandı. Səfo Mirzoinin də bu məsələdə xüsusi xidməti ondan ibarət olub ki, PKK mədəniyyət mərkəzi vasitəsilə Azərbaycanda öz fəaliyyətini genişləndirə bilsin.
Amma əsas bu deyil. Əsas odur ki, Öcalan Milli Məclis Aparatının hüquq şöbəsinin şefi deyəndə hal-hazırda da parlament aparatında çalışan Səfa Mirzəyevi nəzərdə tuturdu. Həmin illərdə Səfa Mirzəyev doğrudan da şöbə müdiri idi, sonradan isə Milli Məclis Katibliyinin rəhbəri oldu. Öcalan ifadəsində onun adını bir yox, bir neçə dəfə çəkir.
Türkiyə xüsusi xidmət orqanlarının mətbuata açıqladığı istintaq materiallarında bir məqam xüsusən diqqət çəkir ki, Öcalan Türkiyə və Amerikanın təzyiqindən Rusiyaya sığınanda rəsmi Moskva ona ölkəni tərk etməyi məsləhət görüb. O, ifadəsində deyir ki, həmin vaxt onun yanına Ermənistandan yezidi kürdü general Mustafa Mustafayovski gəldi. Səfa Mirzəyevlə də onun münasibətlərini Mustafa Mustafayovski qurub. Mustafayovski həmin adamın kod adıdır. Öcalan bildirir ki, onlar birgə Moskvadan Bakıya telefon açıb Səfo Mirzoi ilə danışıblar: “Ondan hara getməyimlə bağlı kömək istəyəndə Səfo Mirzoi Ermənistana getməyimi məsləhət bildi”.
Onu da qeyd edək ki, Səfa Mirzəyev barədə bu cür iddialar indiyədək ölkənin ən müxtəlif qəzetlərində dərc olunub. Lakin bu günə qədər də onları təkzib edən tapılmayıb. Bu isə

Hakimiyyətdə kürd kökənli məmurlar

korpusunun kifayət qədər geniş bir şəbəkəyə malik olmasından xəbər verir. Bir məqamı da qeyd edək ki, kökəncə kürd olması və PKK-ya simpatiya bəsləməsi barədə haqqında iddialar səsləndirilən bir neçə millət vəkilinin, vəzifəli şəxsin əslində türk olması faktları ortaya çıxıb. Maraqlısı budur ki, onların özü bu cür iddialara görə nə təkzib verib, nə də məhkəməyə müraciət ediblər. Kürd olmaq və eyni zamanda PKK-ya simpatiya bəsləməyi barədə ittihamlarla qarşılaşmaq indiki iqtidarda üstünlük göstəricisi sayılır. Bununla da özlərini iqtidardakı nüfuzlu kürd qruplaşmasının himayəsinə sala biləcəklərini düşünən ayrı-ayrı məmurlar, deputatlar bu cür yazılardan əksinə, xoşhal olurlar.
PKK terror təşkilatının MDB üzrə koordinatoru, dilçi-alim Şamil Əsgərovun oğlu Həjar Əsgərov Moskvada nəşr etdirdiyi “Sovet kürdlərinin ensiklopediyası” adlı kitabında bir çox tarixi şəxsiyyətləri də kürd əsilli kimi təqdim edib. Belə ki, kitabda Babək Xürrəmdin, Şah İsmayıl Xətai, Xurşudbanu Natəvan, Abbasqulu ağa Bakıxanov, Aşıq Alı, Fətəlixan Xoyski, Əli Vəliyev, Ramiz Rövşən və digər məşhur türkəsilli yazarlarımız, sərkərdələrimiz və dövlət adamlarımız kürd kimi qələmə verilib. Eyni zamanda kitabda Azərbaycan türklərinin öz tarixi əraziləri kürd şəhərləri, kəndləri kimi göstərilib. Kitabda ən çox maraq doğuran məqam odur ki, hazırda dövlət rəhbərliyində təmsil olunan bir çox məmurların da adları yer alıb. Bu sırada prezidentin mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun adı xüsusilə diqqət çəkir. Kitabda Bəylər Əyyubov kürd xalqının ən böyük oğlu kimi tərənnüm edilib və ensiklopediyada ona böyük yer ayrılıb.

Azərbaycanda kürd mafiyasının “baronu”

Bəylər Əyyubovkimi təqdim edilən Bəylər Əyyubovun PKK ilə bu və ya digər bağlantıları haqda çox yazılıb. Oxuculara bəzən də həqiqi görünməyən bu məlumatları heç də tam şəkildə qeyri-ciddi saymaq olmaz. Tək bir faktı qeyd etmək kifayətdir ki, dünyanın ən nüfuzlu təşkilatlarından olan Beynəlxalq Böhran Qrupunun Azərbaycanla bağlı ötən il açıqladığı sensasion hesabatda da bu fakt öz əksini tapmışdı. Hesabatda B.Əyyubov hakim ailənin mühafizəkarlar qanadının rəhbəri kimi təqdim edilməklə yanaşı onun PKK ilə əlaqələrinə də yer ayrılıb: “Bəylər Əyyubov kürdlərə nəzarət edir və onların vasitəsilə PKK ilə əlaqələrə malikdir”. Hər halda adıçəkilən qurumun nüfuzu və iş sistemi onu deməyə əsas verir ki, o, mediada yer alan informasiyalara yox, real məlumatlara əsaslanır.
PKK-nın əsas güc nöqtəsi sayılan və Azərbaycan oliqarxiyasının ən parlaq simalarından biri olan B.Əyyubov kifayət qədər kapital toplaya bilib və hakimiyyətdəki nüfuzuna və təsir imkanlarına görə hakim siyasi elitada ilk “beşlik”də yer alır. General Əyyubov dövlət əmlakının özəlləşdirilməsi zamanı əlindəki siyasi rıçaqlardan istifadə etməklə çoxsaylı orta və iri müəssisələri nəzarətinə keçirib. Maraqlıdır ki, B.Əyyubova aid olduğu bildirilən biznes strukturlarını idarə edən şəxslər adətən üzə çıxmağı xoşlamırlar. Amma Əyyubovun yaxın qohumlarının, xüsusilə də qardaşı Rafiq Əyyubovun və qardaşı oğlu Robert Əyyubovun adları tez-tez müxtəlif olaylarla, həm də kürd separatizmi ilə bağlı hadisələrdə hallandırılır. Şəxsən generalın özü isə kürd ailələrinin Azərbaycana köçürülməsi prosesinə, PKK-ya bağlı bir çox şəxslərin ölkəmizdə gizlənməsinə nəzarət və yardım edir. Məhz onun fəaliyyəti sahəsində

Bölgələrin kürdləşdirilməsi

proyekti həyata keçirilir. General Əyyubovun nəzarətində olan Gəncə və onun ətraf rayonlarında zaman-zaman PKK ilə bağlı olaylar diqqət çəkir. Təsadüfi deyil ki, terror təşkilatı özünün 20 illik yubiley mərasimini Göygölün Şəhriyar kəndində keçirib. Bu toplantıda general Bəylər Əyyubov və xaricdən gələn kürd emissarlarının iştirak etdiyi bildirilir. Əyyubovun nəzarətində olan Gəncəbasara kürd ailələrinin köçürülməsi, bölgənin idarəçiliyinin ələ alınması və iqtisadiyyatının nəzarətə götürülməsi haqda qərar da məhz burada qəbul olunub və Əyyubov bu məsələ ilə bağlı xüsusi olaraq görəvləndirilib. Məhz bu toplantıdan sonra birbaşa generalın nəzarəti altında Göygöl, Xanlar, Samux və Gəncə şəhərinin ətrafına çoxsaylı kürd ailələri yerləşdirilib.
Bir faktı qeyd etmək kifayətdir ki, Samuxun Aşağı Ağasıbəyli, Qaraarx kəndləri, Qarayeri qəsəbəsinin əhalisinin böyük qismini artıq gəlmə kürdlər təşkil edir. Seyidlər kəndinin əhalisi isə tamamilə gəlmə kürdlərdən ibarətdir. Bu bölgə ilə bağlı gələn xəbərlərin arasında bir neçə il öncə Göygöl rayonunun Şəhriyar kəndində PKK rəhbəri Abdulla Öcalanın şərəfinə bulaq inşa edilməsi, hətta kəndin ərazisində Öcalanın büstünün də qoyulduğu maraq çəkir. Deyilənə görə, həmin büst Türkiyə prezidenti Abdulla Gülün ölkəmizə səfəri zamanı götürülüb.
Ümumiyyətlə, tək Gəncəbasar bölgəsinə deyil, Azərbaycanın bir çox rayonlarına zaman-zaman PKK yönümlü kürd ailələri köçürülür ki, bu prosesin də başında Əyyubovun özünün dayandığı bildirilir. Azərbaycana köçürülən kürd ailələrinin yerləşməsində B.Əyyubovla qohum olan Vasif Talıbovun da müstəsna xidməti var. Talıbovun zəhməti sayəsində

Naxçıvanın kürdləşdirilməsi

Osman Özçəlikproyekti də həyata keçirilir. Nə qədər maraqlı olsa da PKK-nın yaranmasının 30 illik yubileyi də Naxçıvan Muxtar Respublikasında, Şərur rayonun Dərəkənd kəndində keçirilib. Məlumatlara görə, 2008-ci ildə keçirilən bu tədbirdə PKK-nın siyasi qanadı hesab olunan Türkiyə Demokratik Toplum Partiyasının (DTP) Siirt millət vəkili Osman Özçəlik də iştirak edib.
Əslində Naxçıvan çoxdan bu terrorçu təşkilatın poliqonuna çevrilib. Artıq neçə vaxtdır ki, Türkiyə və Şimali İraqdan Cənubi Azərbaycana köç edən kürd ailələri oradan da Naxçıvan ərazisinə keçir. Onlar əsasən Naxçıvandakı Şahtaxtı keçid məntəqəsindən istifadə edir. Naxçıvana köçürülən kürdlər əsasən Şərurun Çalxanqala, Qarabağlar və Dərəkənd kəndlərində yerləşdirilir. Köçün marşrutu təxminən belədir: Türkiyə (Doğu Bəyazid)-İran (Urmiya)-Naxçıvan (Şahtaxtı). Sonradan isə bu ailələr bütün Naxçıvan üzrə bölüşdürülür. Hətta deyilənə görə, bir müddət öncə Talıbovun göstərişi ilə Naxçıvanda minlərlə ticarət obyektinin sökülməsinin əsas səbəbi də bölgəyə köçürülən və köçürülməsi planlaşdırılan kürdlərin Naxçıvanda öz ticarətini genişləndirmələrinə şərait yaratmaq məqsədinə bağlıdır. Vasif “xan”a güvənən bu köçmə kürdlər muxtar respublikadakı bütün əhəmiyyətli ticarət obyektlərini artıq ələ keçirib.
PKK yönümlü kürdlərin Moskvada fəaliyyət göstərən “Nadejda” (“Ümid”) fondunun Azərbaycan bölməsi Naxçıvanda PKK-nın təşkilatlanması yönündə müntəzəm təbliğat aparır, PKK üçün pul toplayır.
Bəylər Əyyubovun bacanağı, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun da PKK ilə ciddi əlaqələrdə olduğu deyilir. Belə ki, M.Talıbov bir zamanlar PKK yönümlü Emil Uçarla birgə biznes yaratmışdı. Onu da diqqətə çatdıraq ki, Emil Uçarın sahibi olduğu “Emil inşaat” şirkəti Naxçıvan-Şərur-İqdır “İpək yolu”nun tikintisini aparırdı. 2008-ci ilin yayında Türkiyə xüsusi xidmət orqanları PKK əleyhinə keçirdiyi əməliyyat zamanı məhv edilən terror mağaralarından Məhərrəm Talıbova məxsus “Cahan Holdinq”in istehsal etdiyi “Cahan” markalı siqaretlər, vermişel və konserv məmulatları aşkarlanmışdı. Bu hadisədən sonra Emil Uçar ölkədən çıxarılsa da M.Talıbov fəaliyyətini davam etdirməkdədir.
PKK-nın muxtar respublikadakı fəaliyyəti yalnız biznes şəbəkəsi ilə yekunlaşmır. Naxçıvanda PKK-ya məxsus ROJ TV-nin yerli nümayəndəliyi var. Bundan başqa, Naxçıvan Dövlət Universitetində təhsil alan kürd əsilli tələbələrin bir qrupunun yaratdığı “Komelen civanin” (“Gəncliyin günəşi”) adlı dərnək artıq o həddə qədər fəallaşıb ki, yerli tələbə və müəllimlərlə ultimatumla danışır. Universitetin özünə isə son bir ildə “Ronahi” kürd mədəniyyət mərkəzinin dəstəyi ilə bir neçə müəllimin göndərildiyi bildirilir.
Onu da qeyd edək ki, ölkədəki ali məktəblərə nüfuz edilməsi yalnız PKK ilə məhdudlaşmır. Azərbaycanın bir çox nüfuzlu təhsil ocaqlarında,

Universitetlərdə PKK təbliğatı

artıq açıq şəkil alıb. Azərbaycanın istisnasız olaraq bütün universitetlərində təmsil olunan və sayları ilbəil artan PKK ruhlu kürd tələbələri terror təşkilatının ölkəmizdə əsas dayaqlarından biridir. Türkiyə Cümhuriyyətinin çörəyini yeyib suyunu içərək böyüyən kürd gənclərini Azərbaycanın hesabına oxutmaq, onları ali təhsilli mütəxəssisə çevirmək və daha sonra bəlli bir mövqeyə gətirərək həmin insanlardan terrorçuluq və separatizm üçün istifadə etmək PKK ideoloqlarının yaxın və uzaq gələcəyə hesablanan, ağır fəsadlar törədə biləcək qorxunc siyasətidir.
Hər il Türkiyənin müxtəlif bölgələrindən Azərbaycana gələn və önəmli fakültələrdə yerləşdirilən kürd gənclərinin ən çox toplaşdığı ali təhsil ocağı isə Bakı Dövlət Universitetidir (BDU). Kürd tələbələrinin sayca daha çox üstünlük təşkil etdiyi fakültələr isə tarix və filologiya fakültələridir ki, bu da kürdlərin texniki elmlərlə bağlı maraq və istedadının olmaması ilə izah edilir. Əsasən Türkiyənin Hakkari və Diyarbəkir vilayətlərindən olan bu tələbələr sayları ilə yanaşı maddi baxımdan yaxşı təmin olunmaqları ilə də diqqət çəkir. Kürd əsilli tələbələrlə bağlı digər ilginc məqam isə bir fakültədə eyni vilayət və hətta eyni kənddən olan xeyli sayda gəncin cəmləşməsidir. Əşirət-tayfa sistemində yaşayan və qohumluq telləri vasitəsilə bir-birinə son dərəcə möhkəm şəkildə bağlanan kürdlər yaşadıqları torpaqdan kənarda azlıqda mücadilə vermək iqtidarında olmadıqları üçün universitetdə də birlikdə olmağa üstünlük verir. Elə bu səbəbdən də BDU-da nəinki eyni vilayət və ya kənddən olan həmyerliyə, həmçinin eyni əşirətdən olan çoxlu sayda insana rast gəlmək mümkündür.
Hansı fakültədə oxumalarına baxmayaraq Türkiyədən göndərilən tələbələrin milli kimlik baxımından böyük əksəriyyətini kürdlər təşkil edir. Kürdlərin say tərkibindəki yüksəlişi müəyyənləşdirmək üçün onların ötən illərdəki başqan seçkilərində qazandığı səs faizinə nəzər salmaq kifayətdir. Belə ki, BDU-nun Türkiyə öyrəncilərinin genel konsey başqanı adını qazanmaq üçün keçirilən seçkilərdə 2007-ci ildə cəmi 85 səs alan kürd namizədinə göstərilən etimad 2008-ci ildə ikiqat artaraq təxminən 150 səs sayının üzərində dayanır. 2009-cu ilin tədris ilində isə tarix fakültəsində təhsil alan Gökan Çelik adlı namizədlərini daha böyük səs çoxluğu ilə müdafiə edən kürdlər türk əsilli namizəd üzərində qələbə qazanmağa nail olub. 91 səsə qarşı 257 səs çoxluğu ilə çıxış edən kürdlər elə həmin gün G.Çelikin qələbəsini bayrama döndəriblər.

Ölkə boyu PKK izi

Tahir Süleymanov Sadalananlardan kənar Azərbaycanda PKK-ya bağlı bir çox biznes və ictimai strukturlar fəaliyyət göstərir. Məsələn, Azərbaycanda sərbəst şəkildə nəşr edilən və PKK-nı təbliğ edən “Diplomat” qəzeti Bakıda 2000-ci ildən çap olunur və kürdçülük, PKK ideyalarını açıq şəkildə təbliğ edir. Qəzetin redaktoru Azərbaycan vətəndaşı olan Tahir Süleymanovdur. Fəaliyyətinin əsas hissəsini İraqın şimalındakı kürd muxtariyyətinin qurulması təşkil edən Tahir Süleymanov 2005-ci ildən başlayaraq dəfələrlə İraqda olub və orada kürd liderləri ilə əlaqələr qurub. Kərkük və Ərbili kürd şəhərləri kimi təqdim edən, qəzetdə Türkiyənin cənub-şərq və şərq bölgələrinin, Azərbaycanın Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının kürd vilayətləri olduğu yazan, “müstəqil Kürdüstan” dövləti ideyası təbliğ edən T.Süleymanovun da fəaliyyətinə heç bir məhdudiyyətin qoyulmaması onun dövlət rəhbərliyində kimlərsə tərəfindən himayə olunmasını göstərir.
Azərbaycanda kifayət qədər güclü dayaqlara malik olan kürdlər zaman keçdikcə burada özlərini daha rahat hiss etməyə başlayırlar. Hətta o səviyyədə ki, kürd əsilli “qanuni oğrular” da Bakıya maneəsiz gələ, burada toy məclisində iştirak edə bilirlər. Buradaca qeyd edək ki, Azərbaycan beynəlmiləlçilik prinsiplərinin qətiyyən əleyhinə deyil. Ölkəmizdə uzun illərdir müxtəlif etnik xalqlar - ləzgi, talış, avar, ingiloy, o cümlədən kürdlər və digər millətlərin nümayəndələri heç bir problemsiz, bərabərhüquqlu şəkildə yaşayırlar. Burada söhbət sadəcə kürdlərin və xüsusilə PKK-ya bu və ya digər şəkildə bağlılığı olan tayfaların Azərbaycana məqsədli şəkildə köçürülməsindən gedir.

***

Azərbaycanda PKK ilə bağlı aparılan proses düşünülmüş və gələcəyə hesablanmış siyasət təsiri bağışlayır. Əslində müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın kürdləşdirilməsi planı indi yox, uzun illərdən bəri həyata keçirilən bir prosesdir. Bu prosesdə isə Azərbaycan Respublikasında yüksək vəzifələr tutan məmurlar iştirak edir və bu, əslində kürd xalqının da maraqlarına uyğun deyil. Odur ki, həyəcan təbilini birgə dayanmadan çalmaq lazımdır. Yoxsa həm Azərbaycan türklərinə, həm də Azərbaycan kürdlərinə yazıq olacaq.

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR