İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan hakimiyyəti ilə Aydın Doğanın arasını kim vurub?

4868 09.06.2015 08:30 Gündəm A A

Türkiyənin nüfuzlu iş adamı və media maqnatı Aydın Doğan yenidən Azərbaycanda hədəfə çıxıb. Hakimiyyət mənsubları Aydın Doğanın Azərbaycana qarşı qərəzli olduğu, hər fürsətdə Azərbaycan dövləti, hakimiyyətin əleyhinə təbliğat apardığını qeyd edirlər. Sonuncu dəfə isə A.Doğanın sahibi olduğu “Hürriyet” qəzetində araşdırmaçı jurnalist Xədicə İsmayılı müdafiə edən və haqsız olaraq həbs edildiyi ilə bağlı yaz dərc olunub. Məqalənin müəllifi “Hürriyət” qəzetinin əməkdaşı Tolqa Tanış həm də Ilham Əliyevə qarşı birləşmiş araşdırmaçı jurnalistlərdən biridir.

Məlum yazıdan sonra hakimiyyət mediasında A.Doğana qarşı yazılar dərc olunur. Ancaq bugünlərdə məlum olub ki, Azərbaycanda Aydın Doğana məxsus olan telekanalların yayımı yığışdırılır. Əvvəlcə Doğan ailəsinə məxsus “Kanal D” televiziya kanalının yayımı kabel televiziyalarından yığışdırılıb. “ATV Plus” kabel televiziyası özünün facebook hesabında məlumat yayaraq bildirib ki, CNN Türk, Kanal D və Samanyolu Haber kanallarının yayımı dayandırılıb. Bundan başqa, “Azərspace” peykində test üsulu ilə yayımlanan bu kanallar yayımdan çıxarılıb. 

Bununla da Azərbaycanda yalnız “Türksat” peykində Aydın Doğana məxsus kanallara baxmaq mümkün olmayacaq. Təbii ki, Aydın Doğan Türkiyənin ən nüfuzlu iş adamı, media maqnatı olaraq haqqında heç də birmənalı fikir yoxdur. Türkiyənin qaranlıq siyasətinin adamı adlandırılan, hətta filmlərdə mənfi qəhrəman, Qərbin adamı kimi təqdim olunan bu şəxslə bağlı kifayət qədər ciddi ittihamlar var. Lakin bu ittihamlar yeni deyil və heç də hər kəsə maraqlı deyil. 


Məsələ burasındadır ki, Aydın Doğan bir zamanlar Azərbaycan hakimiyyəti ilə çox yaxın münasibətlərə sahib olub. 2001-ci il sentyabrın 6-da Bakıda səfərdə olan Aydın Doğan o zamankı dövlət başçısı Heydər Əliyevlə görüşüb. BDU-da fəxri doktor adı alan Doğanın Azərbaycandan başqa istəkləri də olubmuş. Belə ki, Doğana məxsus neft şirkəti “Petrol Ofisi” Azərbaycanda quru yataqlardan neft çıxarılmasında paya sahib olub. “Kanal-D” telekanalı isə Azərbaycanda yayınlanmağa başlayıb. Lakin bu, az müddət olub, bir neçə ildən sonra bu əməkdaşlıq dayanıb. Müşahidəçilərə görə, Aydın Doğan həmin vaxt Heydər Əliyevi aldadıb. Bakıya səfəri zamanı Azərbaycan hakimiyyətinə müxtəlif vədlər verib, lakin sonra yerinə yetirməyib. Ancaq təbii ki, Doğan və rəsmi Bakı arasında anlaşmanın alınmamasının, münasibətlərin pozulmasının əsl səbəbini heç kim bilmir. 

Ancaq o da aydındır ki, xüsusən də son illərdə “Doğan Holdinq”ə məxsus media quruluşları Azərbaycanın maraqlarına zidd, ermənipərəst xəbərlər yayır. Xüsusən də Türkiyə-Ermənistan sərhədlərinin açılması kimi Azərbaycan hakimiyyətinin həssas yanaşdığı məsələlərdə Doğana məxsus media Bakını qəzəbləndirən siyasət yürüdüb. 

Aydın Doğan 1936-cı il aprelin 15-də Türkiyənin Gümüşanə vilayətində dünyaya gəlib. Nüfuzlu ailənin övladı olan Aydın Doğan Ərzincanda lisey oxuyub, 1958-61-ci illərdə İstanbul İqtisad və Ticarət Məktəbində təhsil alıb. 


1961-ci ildən iş adamı kimi fəaliyyətə başlayan Doğan əvvəlcə ticarət, ardınca isə sənaye sahəsində iş qurub. Türkiyənin nüfuzlu iş adamları qurumlarının rəhbərliyində təmsil olunub. Aydın Doğan media sahəsinə 1979-cu ildə “Milliyet” qəzetini satın almaqla daxil olub. 1994-cü ildə Doğan “Hürriyyət” qəzetini də satın alıb və bununla da Türkiyənin bir nömrəli media maqnatı olub. 

2004-cü ildə Aydın Doğan Dünya Qəzetçilər Assosiasiyasının prezidenti seçilib. 
Media və iş dünyasının nüfuzlu adamı olan Aydın Doğan birbaşa olmasa da hər zaman siyasətlə əlaqəli olub. Türkiyədə “Qərbin adamı” kimi təqdim olunan Doğanın Türkiyə siyasətinə böyük təsir imkanlarının olduğu haqda iddialar ortaya atılıb. 1997-ci ildə Aydın Doğanın şəxsi villasının həyətində, giriş qapısı qarşısında fəaliyyətdə olan baş nazir Məsud Yılmazı pijama geyimində qarşılaması Türkiyədə uzun illər söz-söhbətə səbəb olan hadisəyə çevrildi. O zaman bu hadisə Doğanın Türkiyə siyasəti üzərində təsirinin simvolu kimi təqdim olunurdu. 1999-cu ildə Aydın Doğan “Dövlət Üstün Xidmət Medalı ilə təltif olundu. 
Lakin 2002-ci ildə Türkiyədə hakimiyyətə AKP-nin gəlməsindən sonra Doğan ailəsi ilə hakimiyyət arasında bağlar qopdu. 

Bir neçə dəfə Aydın Doğan və şirkəti keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğanın tənqidlərinin hədəfi oldu. 2009-cu ildə isə Aydın Doğan vergidən yayınmaqda ittiham olundu. Ona qarşı 5 il həbs tələbi ilə iddia qaldırıldı. A.Doğanla yanaşı, “Doğan qrup”un rəhbərliyində olan daha 8 nəfərə qarşı iddia qaldırıldı. Sonradan Doğan “Petrol Ofisi” və daha bir neçə şirkətini satdı. Eyni zamanda hökumətlə nüfuzlu iş adamı arasında düşmənçilik zəifədi, qarşılıqlı ittihamlar azaldı. Lakin buna baxmayaraq, hazırda da Doğan mediası hazırkı Türkiyə hakimiyyətinə qarşı müxalif mövqedə dayanır. Bundan başqa, mediada A.Doğanla hazırda Amerikada yaşayan camaat lideri Fətullah Gülən arasında yaxın əlaqələrin olduğu ilə bağlı iddialar var. 

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR