İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ilə savaşın təlaşı – iqtidar komandası pərişan

9257 24.09.2015 09:00 Gündəm A A


Yüksələn intonasiya, qətiyyətli inkarlar, düşməncə ritorika. Azərbaycan iqtidarı ilə Avropa Birliyi qurumları arasındakı münasibəti hazırda bu ifadələrdən dəqiq heç nə ifadə edə bilməz.

Münasibətlər son dərəcə pisdir, gərgindir və görünən də budur ki, Azərbaycan iqtidarı qəti şəkildə kompromisə meyllənmir, Avropa Parlamentinin təhdiddən daha çox ön sanksiyaya bənzəyən qərarından narahat olmur, hər hansı qarşıdurmadan çəkinmir.

Lakin “Yeni Müsavat”ın müxbirləri təmasda olduqları iqtidar mənsubları, eləcə də hakimiyyətə yaxın partiya funksionerləri ilə söhbətlərdən belə bir qənaətə gəliblər ki, siyasi rəhbərliyin qətiyyətli tərzinə baxmayaraq, bütün hakim düşərgə yaranmış vəziyyətdən narahatdır və nə baş verdiyini, ölkə rəhbərliyinin niyə ayaqyeri qoymadan Avropaya savaş açdığını sonuna qədər anlamır. Buna görə də tədirgindirlər. Doğrusu, görünən həm də budur ki, bu prosesdən siyasi müxalifətin də təfsilatlı məlumatı yoxdur, ya da həmişə olduğu kimi, yarıboş dəhlizlərində pərişan elektoratında nikbinlik yarada biləcək şayiələr baş alıb gedir: “Avropa bu iqtidarla yollarını ayırır, bunlara sanksiya tətbiq edəcək, pullarını kəsib, xalqı onların üstünə qaldıracaq...”


Amma heç kim də demir ki, axı Avropanın xüsusi təyinatlı qüvvəsi yoxdur, əlahiddə və daşına bilən bir xalq kütlələrinə də sahib deyil. Belə bir plan olsa, onu yerli müxalifətin və xalqın əli ilə edər, o dəhlizdəki şayiələrin hazırlandığı otaqlarda (evlərdə) oturanları xəbərdar edər, onlara vəzifə, maddi resurs (pul!) verib, qabağa salar... Bütün bunlar yoxdursa- görünən də budur ki, yoxdur-deməli, belə bir plan ya yoxdur. Ya da varsa, başqaları ilə həyata keçirilər. Azərbaycanda isə “başqaları” deyilən və istənilən an hərəkətə gətirib, ölkə gündəmini dəyişdirə biləcək qüvvə(lər) mövcud deyil.  Mövcud olanlar da Avropaya yox, bır sıra Asiya, hətta Afrika ölkələrinə bağlıdır...

Bəs o zaman nə baş verir? Niyə Avropa Azərbaycana qarşı, iqtidarın termini ilə desək, “kağız parçası” ilə aranı qızışdırır? Və bu baş verənlər gerçəkdən “kağız parçası”dırsa, hakimiyyət nədən bu qədər narahat, gərgin və əsəbidir? 

“Yeni Müsavat”da da bu mövzuda xüsusi və spesifik məlumat yoxdur; lakin əməkdaşlarımızın çoxsaylı və fərqli çevrələrdəki təmasları zamanı topladıqları məlumatların cəmindən təxmini bir rakurs tutmaq mümkündür. 


Həmin rakursdan görünənlər nədir?

- Avropa institutları ilə münasibətləri gərginləşdirən əslində Amerikadır. Məqsəd isə Azərbaycana təsirli təzyiqlər edib, onun Rusiyaya doğru istiqamətlənən siyasi yönümünü təkrar Qərb orbitinə qaytarmaqdır;

Azərbaycan iqtidarına, onun yüksək rütbəli məmurlarına bizim görmədiyimiz səviyyələrdə təsirlər var. Bu təsirlərin motivasiyasından çıxan nəticə budur: Qərb Azərbaycanın Rusiya prezidenti Putinin yanında yer ala biləcəyindən narahatdır; hətta bunun olacağına əmindir; blef olmadığını dərk edib; lakin hesab edir ki, indiki hakimiyyətə elə Rusiya qədər, onu balanslaşdıracaq təhdid yaratmaq lazımdır. Hazırda gördüklərimiz bu təhdid sanksiyanın parçalarıdır və ABŞ-Avropa işbirlikçiliyi Azərbaycan iqtidarına Rusiya kimi davranmaqdadırlar.

Yəni onlar da açıq təhdidə keçiblər. Məsələ də budur ki, Qərbin də əlində Azərbaycan hakimiyyətini sıxmaq üçün ciddi və hərtərəfli imkanları var. Onlar Rusiya kimi tanklar, gəmilər və bombalarla təhdid etmirlər. Baxmayaraq ki, belə şeyləri də ruslardan pis bacarmırlar, hazırda İraq, Əfqanıstan, Suriya buna misal ola bilər. Lakin iqtidara qarşı başqa təsirli “silahları” işə salıblar: Azərbaycan iqtidarının bir sıra güclü məmurlarını iqtisadi-maliyyə sanksiyaları ilə sıxmaqdadırlar.  Neft və milyardlar ölkəsi olan Azərbaycanın, eləcə də onun iqtidarındakı məmurların malliyyə vəsaiti, tərpənməz əmlakları, “qara gün” üçün bəlirlədiklərı sığınmalar Rusiyada, Türkiyədə deyil -  Avropadadır. Və indi “bizimkiləri” təhdid edirlər ki, bütün bunlar əllərindən birdəfəlik çıxa bilər;  

  

Qərb hakimiyyətin içindən müxalifət hazırlayır  - 2005-ci ilin payızında nazirlər və Əliyevlərdən biri ilə qurulan çevriliş ssenarisi ən ehtiyatlı şəkildə siyasi səhnəyə istiqamətlənməkdədir. O zaman müxalifət güclü idi; “Azadlıq” bloku var idi; lakin buna baxmayaraq, ABŞ-ın demokratiya desantları, xüsusilə səfir Rino Harniş iqtidarın içindəkilər və Rəsul Quliyevlə “işləməyə” üstünlük vermişdi. Azərbaycanın gerçək müxalifəti bir dekorasiya rolunu oynamalı idi - lakin onlar oynadıqları oyunda bəribaşdan oyundankənar vəziyyətə salınmışdılar...

O zaman Rusiya Azərbaycanı belə bir avantüradan qurtardı: Bakıda nazirlər öz kabinetlərində həbs olundular. Sabiq nazir Fərhad Əliyev iddia edirdi ki, əməliyyatı Rusiya xüsusi xidmət əməkdaşları həyata keçirib.  Rəsul Quliyevin təyyarəsi Ukraynaya endirildi, onun Bakıdakı tərəfdarları həbsə alındı, aeroport yolunda “xilaskarı” qarşılamağa gedən “dekorasiya” -  gerçək müxalifət dağıdıldı. Planın iştirakçısı Əliyev soyadlı ağsaqqal isə ev (əslində bağ) dustaqlığı ilə cəzalandırıldı...


Yuxarıda da dediyimiz kimi, müxbirlərimizin çoxsaylı və fərqli sferalardakı görüşlərindən əldə olunan qənaət budur ki, bu dəfə də ənənəvi müxalifəti kənarda qoyma taktikası ortadadır. İddia olunan plan 2018-ci il prezident seçkisinə hesablanıb. Hakimiyyətin içindən hansısa bir qüvvəni müxalif düşərgəyə aid bir neçə tanınan sima ilə (təşkilatla deyil) birləşdirmək, həmin müxaliflərdən biri, ya da ikisini dünya çapında məşhurlaşdırmaq; onlardan birini prezidentliyə hazırlamaq; bununla paralel, bütün qüvvələri onun başına cəm etmək və mövcud iqtidarı ya dəyişdirmək, ya da dəyişdirməklə təhdid edərək, tamamilə tabe etdirmək, dəyişməyə məcbur etmək...

Təmas personalarından biri müxbirimizə deyib ki, rəsmi Bakı, yaxud da Bakıda oturan iqtidarın üst kəsimi bu planı bilir və buna görə də həm barışmaz tövrü, həm də açıq kursu ilə anti-Avropa xətti seçir. Azərbaycanı və özünü gələcək təlatümlərdən, “3-cü məxməri inqilab dalğası”ndan qorumaq istəyən iqtidar Rusiyaya doğru kurs götürməyə, Putinin tam dəstəyini almağa hesablanan addımlar atmağa başlayıb. “Bu parlament seçkilərini də bunca bərbad və tam antidemokratik keçirməkdə, oraya bir nəfər də olsun 2018 planına uyğun gələ biləcək simanın düşməməsinə çalışmağa əsas səbəb də budur”, deyə, təmas personalarından biri bildirir...

İddia olunur ki, builki parlament seçkiləri bütün Qərb (ABŞ, Avropa) təsisatları tərəfindən qeyri-legitim elan olunacaq. Payızın sonlarında iqtidarımızdakı bəzi məmurlara sanksiya tətbiq ediləcək; rəsmi Bakının vəziyyətinin ağırlaşması üçün mümkün olan addımlar atılacaq; yanvar ayından başlayaraq, “düyməyə basılacaq” və mövcud hakimiyyəti işbaşından düşürməyə hesablanan iki illik plan dövriyyəyə girəcək...  

Biz bütün bunları ölkə və ictimaiyyət üçün əhəmiyyət dərəcəsinə görə yazıb, dərc edirik. Lakin bunların həqiqət olduğu iddiamız da   yoxdur. 

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR