“AST Telman”ın “ürəyini” Ərdoğanın bankı əlindən aldı
Neçə müddətdir ciddi maliyyə sıxıntısı yaşayan “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov “ürəyindən vurulub”. Onun 2009-cu ilin mayında açılışını etdiyi, atasının adının daşıyan “Mardan Palace” hoteli əlindən çıxıb 1.4 milyard dollar başa gələn hotel cəmi 128 milyon dollara satılıb.
Türkiyənin “Hürriyet” qəzeti noyabrın 2-də Antalya İcra dairəsinin “Garanti bank”ın iddiası əsasında həbs qoyduğu hotelin satışa çıxarılaraq cəmi 360 milyon türk lirəsinə satıldığını xəbər verib. Təxminən 128 milyon dollara satılan hoteli “Halk Bank” alıb. “Garanti Bank”ın Telman İsmayılovdan 207 milyon TL borcunu tələb etdiyindən hələ görünür ki, borc tam ödənilməyib. Məlumata görə, hotelin yanında T.İsmayılov dəbdəbəli villa tikdirib və güman ki, o villada satışa çıxarılacaq. T.İsmayılovun “Halk bank”a da borcu olduğundan bu bank qalan vəsaiti ödəməyəcək və onu borca siləcək.
“Halk Bank” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bankı hesab olunur. Ərdoğan ailəsi ilə bağlı məlum rüşvət qalmaqlında da bu bankın adı tez-tez hallanırdı və müəyyən müddət hətta qapadılmışdı da. 7 ulduzlu dəbdəbəli oteli dəyərindən 10 dəfə aşağı qiymətə alınması bəzi şübhələrə yol aça bilər. Çünki hələ bir müddət əvvəl T.İsmayılov demişdi ki, onu Türkiyədə çıxarmaq istəyən maraqlı qüvvələr var. O, bu hoteli satmaq planlarının olmadığını da demişdi. T.İsmayılov hotelin inşası zamanı bank kreditlərindən istifadə etdiyinin təsdiqləmişdi: “Söhbət yalnız 110 milyon dollardan gedir. Mənim Türkiyədə heç bir problemim yoxdur”. Biznesmen hesab edirdi ki, onun aktivlərinin reyder üsulu ilə ələ keçirilməsi prosesi gedir.
Noyabrın 2-də məlum olub ki, Moskva Arbitraj Məhkəməsi də Telman İsmayılovun müflis elan edilməsinə dair kreditorlar tərəfindən qaldırılmış iddianı baxılmaq üçün qəbul edib və prosesin vaxtını açıqlayıb.(virtualaz.org). T.İsmayılovun fərdi şəxs olaraq müflis elan edilməsi barədə iddianı “Bank Moskva” (VTB qrupuna daxildir) qaldırıb. Biznesmen bankdan götürdüyü 213 milyon dollar krediti qaytara bilmir. Arbitraj Məhkəməsi oktyabrın 6-da bu vəsaitin T.İsmayılova məxsus “KBF AST” şirkətindən tutulmasına dair qərar çıxarıb. Digər çoxsaylı kreditorlar da T.İsmayılovdan borclarını tələb edir. Bunların arasında ən sərt metodlar tətbiq edəni oliqarx Sergey Yançukovdur.
T.İsmayılov S.Yançukovun “Maqnazeya” şirkətlər qrupuna daxil olan “Sezaria LTD” şirkətindən 2010-cu ildə 100 milyon dollar borc alıb, bu borc şişərək faizləri ilə birlikdə 140 milyon dollara çatıb.
Müflisləşmiş oliqarx biznesin müxtəlif sahələri - hotel, zərgərlik, tikinti ilə məşğul olsa da, onun əsas gəlir mənbəyi “Çerkizovsk” bazarı olub. Uzun illər “AST” qrupu 200 hektardan çox ərazisi olan nəhəng bazara nəzarət edib. Kremlə hələ də səbəbləri tam bilinməyən səbəbdən problemi yarandıqdan sonra “Çerkizovsk” bazarı dayandırıdı. Bazarın bağlanmasından sonra “AST Telman” Antalyada “Mardan Palace” hotelini tikdirməklə Rusiya hökuməti ilə münasibətləri daha da kəskinləşdi. Onun Moskvadakı digər obyektləri də əlindən çıxdı.
Bakıda yəhudilərin çoxuşaqlı ailəsində anadan olan İsmayılov bizneslə hələ uşaq yaşlarından məşğul olmağa başlayıb. Əvvəlcə Bakıda sexdə işləyən atasına kömək edib, daha sonra şəhərdə açılan ilk kommersiya mağazasını idarə edib. Sonra Moskvadakı Plexanov adına İnstitutuna daxil olub və Moskvada məskunlaşıb.
T.İsmayılov 1989-cu ildə “AST” şirkətlər qrupunu təsis edib. 2009-cu ildə isə T.İsmayılov ilk dəfə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına düşüb. “Forbes” onun sərvətini 600 milyon dollar dəyərində qiymətləndirib.
***
Azərbaycanda “Milyarderlər ittifaqı” kimi tanınan RATİ -nin aparıcı simalarından biri olan “AST Telman”la səlahiyyətlərinın əhəmiyyətli dərəcədə itirən nəqliyyat naziri Ziya Məmmədov və AZAL prezidenti Cahangir Əsgərovla dostluq münasibətləri olduğu sirr deyil.
Son müsahibələrinin birində nəqliyyat naziri Ziya Məmmədovla dostluq münasibətləri haqda sualına cavab verməyən T.İsmayılov AZAL prezidentini “həyat yolunda indiyədək gördüyü ən ləyaqətli adam” kimi xarakterizə etmişdi. Amma mediada çoxdan belə məlumatlar vardı ki, “AST Telman” la nəqliyyat nazirinin birləşdirən təkcə dostluq münasibətləri deyil, eyni zamanda ortaq biznes layihələdir.
İddia edilirdi ki, nəqliyyat nazirin qəzəbə gəlməsi səbəbləri sırasında T.İsmayılovla dostluqunun da rolu olub.
“Yeni Müsavat”