İnsanlara hürriyət, millətlərə istiqlal!

“MİLYARDERLƏR İTTİFAQI” KİMƏ QARŞIDIR?

8132 10.11.2012 09:12 Gündəm A A
Hətta özlərini ölkədə yeganə alternativ qüvvə kimi görən müxalif siyasi düşərgə də nəzərlərini Moskvada yaranan təşkilata tikməyə başladı. 1988-ci ildən bu yana ilk dəfə idi ki, Azərbaycanın demokratları “Kreml layihəsi”nə bu dərəcədə maraq göstərir və hətta dolayısı ilə də olsa əməkdaşlığa can atırdılar. Nə baş verir? Nədir “milyarderlər ittifaqı”nın əhəmiyyətini bu dərəcədə artıran? Postsovet dövrünün qalığı olan “Böyük Rusiya bizi xilas edəcək” devizinin yenidən aktuallaşmasımı, yoxsa cəmiyyətin dəyişiklik həsrətində olmasımı?
Suallar kifayət qədərdir. Cavablar isə ən müxtəlifdir. İlk öncə “milyarderlər ittifaqı”nı kim yaradıb, kimə qarşıdır, hədəfləri nədir, hansı real təsir imkanlarına malikdir kimi suallara cavab tapmaq lazım gəlir.
“Güzəran” iqtisadi Araşdırmalar Birliyinin rəhbəri Qadir İbrahimli “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində vurğulayıb ki, “milyarderlər ittifaqı”nın ən zəngin üzvü “Lukoyl” prezidenti Vahid Ələkbərovdur. Onun sözlərinə görə, “Bloomberg markets” və “Forbes” jurnallarının dünya milyarderlərinin reytinq siyahısında V.Ələkbərovun varidatı 14 milyard dollar həddində qiymətləndirilir.
“Vahid Ələkbərov Rusiya milyarderləri arasında 8-ci yeri tutur. Təşkilatın fəal üzvlərindən biri olan Araz Ağalarovun ”Forbes"in son hesabatına görə, 1,5 milyard dollar vəsaiti var. Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovun varidatını isə dərgi 600 milyon dollar həcmində qiymətləndirir. Ancaq məsələ bundadır ki, “Fobres” zənginlərin əmlakının yalnız rəsmən açıqlanan hissəsini göstərir. Məsələn, daşınmaz əmlakın bir hissəsi, bəzi hallarda isə önəmli hissəsi siyahıda əksini tapmır. Yəni, “Forbes” yalnız rəsmən açıqlanan məlumatlara istinad edir. Əgər adı çəkilən milyarderlərin rəsmi gəlirləri 16,1 milyard dollardırsa, gerçək varidat bu məbləğdən ən azı 2 dəfə artıqdır. Buraya nəhəng biznes şəbəkəsinə sahib olan Abbas Abbasov, Söyün Sadıqov və başqalarının da varidatını əlavə etsək, hesab etmək olar ki, ittifaq üzvlərinin ümumi sərvəti 40 milyard dollara yaxındır", - deyə Q.İbrahimli vurğulayıb.
Ötən məqalələrdə də vurğuladığımız kimi “milyarderlər ittifaqı” birmənalı şəkildə Rusiya prezidenti Putinin “Yeni Azərbaycan layihəsi” hesab etmək olar. Sadəcə, bu sətirlərin müəllifinin ötən məqalələrdə də qeyd etdiyi kimi, Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkilərini hədəf aldığına görə Qərblə müştərək layihə kimi də dəyərləndirilə bilər.
“Milyarderlər ittifaqı”na daxil olan ən müxtəlif simalar ən müxtəlif maraq qruplarının təmsilçiləri qismində çıxış edirlər. Lakin onların ümumi mənafeləri 2013-cü il seçkilərində real güc sahibi olmaqdan keçir.
Quruma daxil olan oliqarxların Azərbaycandakı bizneslərinə savaşın açılması hakimiyyətin narahatçılığını göstərir. Bu isə ciddi siqnaldır. Ölkənin birinci şəxsinin qərarı olmadan heç bir qruplaşma 40 milyard dollar sərvətə malik olan oliqarxlara qarşı belə cəza tədbirlərinə başlamaq fikrinə düşə bilməzdi. Bu, bir mənalıdır.
Belə bir versiyalar da səslənir ki, “milyarderlər ittifaqı” Azərbaycan prezidentinə qarşı deyil, islahatların əngəlləyicisi rolunda çıxış edən “köhnə qvardiya”nın sıradan çıxarılmasına xidmət edir. Bir sözlə, həmin ehtimallara görə, layihə müəllifləri qarşılarına Naxçıvan və Qərbi Azərbaycan qruplaşmalarına sarsıdıcı zərbələr endirmək, Rusiyanın əsas dayağı missiyasını yerinə yetirdiyi söylənilən Ramiz Mehdiyevi xarici təsirlərdən də məhrum etməyə yönəlib.
Belə versiyaları gücləndirən başlıca amil “milyarderlər ittifaqı”nda Naxçıvan və Qərbi Azərbaycan kökənli oliqarxların yoxluğudur. Əlbəttə ki, bu, ciddi arqumentdir. Xüsusən də Azərbaycan hakimiyyətindəki gün-gündən dərinləşən böhran belə arqumentlərə yaşamaq haqqı verir.
Lakin proseslərin və “mətbəx məlumatlarının” daha dərin təhlili “milyarderlər ittifaqı”nın daha uzağa gedən layihə olduğunu deməyə əsas verir.
Burada bir məsələyə diqqət yetirmək lazım gəlir. Təşkilata adıçəkilən bölgələrin nümayəndələrini daxil etməməyin problem yaradacağını yəqin ki, layihə müəllifləri özləri də bilməmiş deyillər. Odur ki, burada məqsəd ölkədə hakim elitanın yerliçilik siyasətindən ictimai rəyin narazı olduğu, bunun isə elektoratın genişləndirilməsinə səbəb olacağı üzündən edildiyi ehtimal oluna bilər. Yaxud bu elektoratın maraqları 2013-cü il seçkiləri zamanı nəzərə alınacaq. Yəni fəal elektorat olan Qərbi Azərbaycan və naxçıvanlıları narazı salmamaqdan ötrü prezidentliyə namizəd bu bölgədən, onun komandası isə tamamilə başqa bölgələrdən olacaq. Bu barədə bir qədər sonra.
Burada olduqca önəmli bir məlumatı paylaşmaq yerinə düşür. “Milyarderlər ittifaqı” ilə bağlı Paşayevlər qruplaşmasının ən ünlü siması “Bu şpion kontorudur, casus şəbəkəsidir” deyə açıq mesaj vermiş, A.Ağalarovun orada təmsil olunmasından olduqca narazı olduğunu açıq şəkildə dilə gətirmişdi. Kifayət qədər düşündürücü məlumatdır.
Prosesin ümumi təhlili də baş verənlərin bir başa ölkə başçısına, onun idarə etdiyi sistemə, idarəetmə metodlarına qarşı olduğunu göstərir. Bu layihə hazırkı prezidenti dəyişməyi hədəfləməsə belə, onu zəiflətməyə, islahatlara vadar etməyə və təkamül yolu ilə iqtidarla vidalaşmağa hesablanıb.
“Milyarderlər ittifaqı”nda Ziyalılar Forumunun əsas simalarından biri olan, dünya şöhrətli yazıçı Rüstəm İbrahimbəyovun təmsil olunması təşkilatın yalnız Rusiya layihəsi deyil, eyni zamanda Qərbin maraqlarına xidmət edə biləcəyi arqumentlərini daha da gücləndirməklə yanaşı, bu qurumun çəkisini də artırır. “Milyarderlər ittifaqı” ilə Ziyalılar Forumunun qarşıdan gələn prezident seçkilərində birgə iştirakı məsələsi də gündəmə gəlir.
İki adıçəkilən təşkilatın vahid namizədi müəyyən etməsi isə əməllicə sürprizlər vəd edə bilərdi.
Lakin burada elə bir namizəd seçilməlidir ki, Rusiya, Qərb, Azərbaycan ictimai rəyi onu qəbul etsin. Bu sırada ən müxtəlif adların üzərində dayanmaq olar. Məsələn, ötən məqalədə də vurğuladığımız kimi Rusiyanın əsas “təsir agenti” roluna iddiası olan baş nazirin keçmiş müavini Abbasovun namizədliyinin irəli sürülməsi kimi. Lakin A.Abbasovun açıq “rus desantı” olması Qərbi qıcıqlandıra bilər. Bu baxımdan Rusiyada da Qərbdə olduğu kimi eyni dərəcədə qəbul olunan Rüstəm İbrahimbəyov aralıq dövr üçün optimal namizəd hesab oluna bilərdi. Eyni zamanda, Qərbi Azərbaycan elektoratı arasında nüfuzu olan, İctimai Palata və Ziyalılar Forumunu orta məxrəcə gətirə biləcək Eldar Namazov bu statusa yaxın siyasətçi kimi xarakterizə olunur. Əlbəttə ki, Naxçıvan və Qərbi Azərbaycan elektoratına iddialı olan eks-spiker Rəsul Quliyevin də ambisiyaları kifayət qədərdir. Lakin hakim ailə ilə onun problemlərinin olması və daha çox naxçıvanlı kadrlarla işləməyə üstünlük verməsi, vətəndən kənarda yaşaması eks-spikerin şanslarını azaldır.
Bu sırada siyahıda daha sanballı simanın adı da vurğulana bilər. Bu şəxs Nobel mükafatına laureat olmağa şanslı olan yeganə Azərbaycan alimi, Ziyalılar Forumunun əsas təmsilçilərindən biri professor Rafiq Əliyevdir. Onun namizədliyi Qərb və Rusiyada heç qıcıq yarada bilməz. O cümlədən İctimai Palata tərəfindən dəstəklənməsi mümkündür. Bu amillər R.Əliyevin namizədliyi barədə düşünməyi aktual edir.
Əlbəttə ki, siyasət sürprizlərlə doludur. Bu baxımdan, “milyarderlər ittifaqı”, Ziyalılar Forumu və İctimai Palatanın vahid namizədi formulu üzərində də iş gedə bilər. Belə bir sima İP-dən seçiləcəksə, yalnız Qərbpərəst siyasətçi kimi deyil, eyni zamanda Rusiyada qıcıq doğurmayacaq şəxs kimi də dəyərləndirilməlidir. Düzdür, belə bir namizəd irəli sürüləcəyi təqdirdə də vahid mövqe əldə etmək mümkün olmayacaq. Bu isə gələcək ana müxalifətin kimliyini bəlli edəcək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR