Tovuzdan olan deputat Qənirə Paşayevanın səyi ilə yaralı Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Xəstəxananın növbətçi həkimi Vüqar Mikayılovun ANS-yə verdiyi məlumata görə, E.Şahmalıyevaya sağ budun arxa səthinin odlu silahla yaralanması, böyük həcmli yumşaq toxuma defekti diaqnozu qoyulub. Hazırda yaralının vəziyyəti kafidir. Xəstənin 20 gün müddətində müalicəsi davam edəcək.
Yaralı Elnarə Şahmalıyeva göz yaşları içində hadisəni təsvir edib: “Qutudan qab götürürdüm. Əyildim ki, məni alov bürüdü. Tüstü dağılandan sonra gördüm ki, qardaşımın balaca qızı qışqırır. Çevrilib gördüm ki, qızım yerdədir. Yarısı yox idi. Ürəyini işlətmək istədim, axtardım tapa bilmədim. İkinci dəfə nəfəs aldı. Elə qolumdaca getdi. Qaçırtdım yola. Xəbərim yox idi ki, mənə də dəyib. Qıçlarım tutuldu. Oturdum yolda. Maşın gəldi məni rayona aparmağa, amma qızım artıq yox idi”. Dünən ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie 13 yaşlı azərbaycanlı qızın erməni təxribatı nəticəsində həlak olmasına münasibət bildirib. Diplomat bunu böyük faciə adlandırıb. B. Fasienin sözlərinə görə, bu hadisə bir daha sübut edib ki, Minsk Qrupunun bir qədər əvvəl təklif etdiyi bu cür insidentlərin araşdırılması mexanizmi faydalı olardı: “Həm insan itkisinin qarşısının alınması, həm də vəziyyətin gərginləməsinin önlənməsi baxımından tərəflərin bu mexanizmləri qəbul etməsi vacibdir. Son faciə bunu bir daha göstərdi”.
Deputat Qənirə Paşayeva isə bu məsələni AŞPA-da və bütün beynəlxalq təşkilatların qarşısında qaldırılacağını deyir: “Bu Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyil. Son hadisə Ermənistanın günahsız körpələrin, azyaşlı uşaqların qətlə yetirilməsinə yönələn yeni məqsədyönlü siyasət aparmasının bariz nümunəsidir”.
Deputat, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatları Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına laqeyd münasibət göstərməkdə qınayıb: “Minsk Qrupu həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməli, bu kimi vandalizm aktlarının yenidən təkrarlanmasının qarşısını almaq məqsədilə rəsmi İrəvana qarşı ciddi təsir və təzyiq mexanizmlərini tətbiq etməlidirlər. Əks halda, bütün bunlar onsuz da gərgin olan vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq və bu zaman yarana biləcək vəziyyətə görə məsuliyyət ATƏT-in Minsk Qrupu həmsədrləri və digər beynəlxalq təşkilatların üzərinə düşəcəkdir”.
Qeyd edək ki, iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.
Xatırladaq ki, bu ilin mart ayında 9 yaşlı Fariz Bədəlov erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirilib.
ERMƏNİLƏRİN ÖLDÜRDÜYÜ 13 YAŞLI QIZIN ANASI ÖVLADININ FACİƏSİNDƏN DANIŞDI
