İnsanlara hürriyət, millətlərə istiqlal!

“1001 GECƏ”dəki QƏTLİN DAHA BİR MÜDHİŞ SİRRİ

14832 29.07.2012 09:42 Gündəm A A
“Mənim oğlumu sifarişlə qətlə yetiriblər. Onu öldürən şəxs isə bu qətlin icraçısıdır. Onu tutublar, amma biz tələb edəcəyik ki, sifarişçiləri də həbs etsinlər” - bu sözləri Ramal Bayramovun anası Nənəş İsmayılova deyib.
N.İsmayılova qətl ərəfəsi oğlunun durumu haqda bunları danışıb: “Ramala bundan əvvəl də güllə atıb yaralamışdılar. O zaman iki nəfər onu güllələyən adamın dalınca düşüb. Amma yolda qəza baş verib və həmin uşaqlar ölüblər. Ramal mənə demişdi ki, həmin uşaqların yaxınları onu ittiham edirlərmiş ki, bu hadisə sənə görə olub. Ramal isə deyirdi ki, mənim heç bir təqsirim yoxdur. Doğrudan da o,  həmin uşaqlara deməyib ki, düşün məni vuranın dalınca. O uşaqlar Ramalla dost olublar və buna görə də ona güllə atanı tutmaq istəyiblər. Burada Ramalın nə günahı var axı?”.
R.Bayramovun anasının bəhs etdiyi hadisə bu ilin martın 16-da baş verib. Naməlum şəxs ona 4 güllə atıb. Güllələrdən yalnız ikisi onun sağrı və bud nahiyəsinə dəyib. Məlumatlara görə, R.Bayramovla ona güllə atan şəxs arasında Bakıda fəaliyyət göstərən “İnfiniti” adlı barda mübahisə düşüb. Onlar mübahisəni bardan kənarda davam etdirmək qərarına gəliblər. Bayıra çıxdıqdan sonra R.Bayramov güllələnib. Elə həmin gün Babək prospektində “Porsche” markalı avtomobil saatda 260 kilometr sürətlə yük maşınına çırpılaraq alışıb. Nəticədə maşında olan Firudin İsmayılov və Rəşad İbrahimov yanaraq kül olublar. N.İsmayılovanın sözlərinə görə, Firudinlə Rəşad oğluna yardım edərək onu xəstəxanaya çatdırıblar. Sonra isə Ramalı güllələyən şəxsin arxasınca düşüblər. Qəza da həmin vaxt baş verib. Nənəş xanımın sözlərindən belə anlaşılır ki, ölənlərin yaxınları Ramalı təqsirkar sayırmışlar və ona bu hadisəyə görə təzyiq edilirmiş. Hətta təzyiqlər o dərəcədə ciddi imiş ki, yaxınları Ramala Bakıya dönməməyi tövsiyə ediblərmiş. Lakin son anda Ramal Bayramov geri qayıdıb. Nənəş İsmayılova deyir ki, bu qəfil olub: “Mən soruşdum ki, bəs niyə qayıdırsan, axı sənə təzyiqlər var. Dedi ki, mənə təzyiq edənlərlə artıq razılaşmışıq. Mən onlara izah etdim ki, günahım yoxdur. Onlar da məni başa düşdülər. Gəldi və heç 10 gün keçməmiş öldürdülər balamı”.
R.Bayramovun yaxınları birinci hadisə ilə ikinci hadisənin əlaqəli olduğunu söyləsələr də, qətldə F.İsmayılovla R.İbrahimovun yaxınlarının rol aldığını iddia etmirlər. “Mən demirəm ki, bu işi onlar görüb. Mən sadəcə qətldən əvvəl baş verənləri sizin diqqətinizə çatdırdım. Və istəyirəm ki, hüquq-mühafizə orqanları bütün bunları ciddi şəkildə araşdırsın. Ona hansı formada təzyiq olunub, onu kim çağırıb, ”1001 gecə"yə niyə gedib, yanında kimlər olub və s. bu kimi məsələlər araşdırılmalıdır. Biz inanmırıq ki, Ramalın qətlində yalnız deputatın qardaşı oğlu təqsirkardır. Ramal heç onu tanımırdı. O, niyə öldürməli idi ki, oğlumu. Biz fikirləşirik ki, bu qətlin arxasında dayananlar var. Kimsə o adama deyib ki, Ramalı öldür", - deyə N.İsmayılova bildirib.
R.Bayramovun yaxınları qətlin üstünün açılması üçün son ana qədər mübarizə aparacaqlarını deyiblər: “Onu öldürənin tutulması hələ qətlin üstünün açılması deyil. Bu işdə günahkar olanların hamısı cəzalandırılmalıdır. Biz bu istiqamətdə mübarizə aparacağıq. Mən prezidentə, onun xanımına bir ana kimi müraciət edərək bu işi diqqətə götürməsini xahiş edirəm”.
Bu qanlı olayla bağlı “Yeni Müsavat”a da R.Bayramovun yaxınlarının fikirləri, mülahizələri ilə təxminən üst-üstə düşən məlumatlar daxil olub.
“1001 gecə”də törədilən cinayətin kökünün ötən yazımızda qeyd etdiyimiz kimi bu ilin martına təsadüf edib. Qaynağımız deyib ki, Ramal Bayramov Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 56-da yerləşən “VİP House” çay evinin sahibi olub. Elə onu öldürən şəxsin qardaşı ilə R.Bayramovun mübahisəsi də bu il martında buradan başlayıb. R.Bayramov “VİP House” dincəlməyə gələn bir xanıma toxunub. Xanımın yanında olan şəxs isə bunu özünə təhqir bilib. Yaranmış mübahisə Ramal Bayramovun həmin şəxsi xanımın yanında aşağılaması ilə sonuclanıb. Sonradan R.Bayramova çatdırılıb ki, təhqir etdiyi şəxs kriminal aləmin tanınmışlarından olan Rövşən Canıyevin yaxın ətrafına daxil olan Paşa adlı moskvalı biznesmenin qardaşıdır və ondan üzr istəməli olduğunu, əks təqdirdə başının ağrıyacağını deyiblər. O isə bunu rədd edib. Bundan sonra R.Bayramov “İnfiniti” barına çağırılıb və mübahisə orada davam etdirilib. Paşa da mübahisədə iştirak etmək üçün Moskvadan ora gəlib.  Həmin vaxt R.Bayramova atəşin də onun tərəfindən açıldığı bildirilir. O vaxt R.Bayramova atılan güllə ayağından dəyib. Qaynağımız deyib ki, müvafiq ekspertiza zamanı müəyyən olunub ki, R.Bayramovun ölümündən sonra onun baş nahiyəsində aşkarlanan güllə ilə mart ayında ona atılan güllənin eyni silahdan - “Makarov” markalı tapançadan atılıb.
Maraqlıdır ki, bu ilin martında R.Bayramovun güllələnməsi ilə bağlı Səbayel Rayon Prokurorluğu fakt üzrə Cinayət Məcəlləsinin 29.120 (ölümə sui-qəsd) maddəsi ilə cinayət işi başlasa da, cinayətkarı müəyyən etməkdə çətinlik çəkib. Halbuki cinayətin çoxsaylı iştirakçıları, şahidləri olub. Bundan başqa qanlı mübahisənin baş verdiyi ərazidə çoxsaylı müşahidə kameraları da olub. Səbayel Prokurorluğu müstəntiqlərinin niyə bu qədər ipucları olduğu halda cinayəti törədəni o vaxt müəyyən etməməsi çoxsaylı suallar doğurur. Görəsən, bu cinayəti araşdıran müstəntiqlər cinayətkardan, onu himayə edənlərdən  qorxmayıblar ki? Və ya burada hansısa başqa sövdələşmə olmayıb ki? Çünki müstəntiqlərin hərəkətsizliyi Ramal Bayramovun eyni şəxs tərəfindən öldürülməsinə və başqa bir ölümə də yol açıb.
R.Bayramovun kimliyi ilə bağlı da əldə etdiyimiz bəzi məlumatlar bölüşəndən sonra digər ölüm işi haqda da məlumat verəcəyik. Bu şəxs “Baglan Group”un sahibi, biznes dairələrdə “Hafka” kimi tanınan Hafiz Məmmədovun yaxın adamı olmaqla yanaşı, onun şəriki olan və “Transqafqaz transport” şirkətinin sahibi Arzu İsmayılovun oğlu Firuddin İsmayılovla yaxın dost olub.
Bu həmin F.İsmayılovdur ki, martın 16-da R.Bayramova güllə atılandan sonra özünün “Porshe” markalı avtomobili ilə cinayətkarı təqib edib. Həmin vaxt avtomobil yüksək sürətlə “KAMaz” markalı avtomaşına çırpılmışdı və alışmışdı. Nizami rayonu, “Arzu” şadlıq sarayının qarşısında baş verən yol qəzası zamanı avtomobilin salonunda olan F.İsmayılov özü və yanında olan Rəşad İbrahimov yanaraq kül olmuşdular.
Xatırladaq ki, R.Bayramovun öldürüldüyü “1001 gecə” istirahət mərkəzinin deputat Hüseynbala Mirələmova məxsus olduğu deyilir.
Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR