İnsanlara hürriyət, millətlərə istiqlal!

Günah işıqlardadır

1284 08.12.2023 13:35 Yazarlar A A

Zəlzələnin olacağını idarə qabaqcadan bilirmiş, lakin xalqa məlumat verilməyibdir. Deyir dənizdə haradasa qırılma nöqtəsi var, orada yaydan bəri çoxlu tərpənişlər olur. Zəlzələ öz vaxtında, növbəsində baş tutubdur.

Prinsipcə, lüstrlər yellənməsə, xalqımızın çoxunun zəlzələdən xəbəri olmayacaqdı. Bir də telefona mesajın gəlməyi narahatlığa vadar edir. Məncə, yaxşı olardı bu telefonlar yığışdırılsın. Sovetin vaxtında telefon yox idi, babat yaşayırdıq. Camaatın çoxu alman faşistlərinin ölkəmizə hücumundan 1980-ci illərdə də xəbər tutmamışdı. Çernobıl partlayanda kənddə xiyar zəif bitmişdi, yalnız o zaman əhali barmağını dişlədi, dedilər ey dadi-bidad, ey badi-giriftar... 

Allah Qorbaçovun evini yıxsın, gül kimi yaşayırdıq. Şəxsən mən hər gün müftə yeyib-içirdim. Valideynlərimin hesabına. 

İkinci tədbir odur ki, lüstr asılması qadağan edilməlidir. Bu da nahaq təşvişə səbəb olur. Məsələn, uşağı məktəbdən qovmuşdular (zəlzələ tətiliymiş), soruşdum bir zad hiss edildimi, sinifdə işıqlar yellənirdimi, deyir bizim sinifdə lüstr yoxdur, lampışkalar tavana bərkidilibdir. 

Bax, nə gözəl tədbirdir! Hökumət qərar verməlidir, bütün işıqlar tavana bərkidilsə, nahaq təşviş yaranmaz. Çilçıraq, lüstr lüzumsuz dəbdəbə, şit və arxaik alətdir. İnternet, kosmos əsrində yaşayırıq, hələ də bəziləri tavandan şüşə parçaları asır, sanarsan opera teatrıdır. Fürsətdən istifadə edərək təhsil idarəsinə dərin minnətdarlığımı çatdırıram. 

Əlbəttə, zəlzələnin vaxtıdır, bələdiyyədir, uşaq puludur - belə şeylərin sirrini heç kimə açmayıblar, ona görə mənasız söhbətlər eləməyin mənası yoxdur. Ancaq tədbiri də əldən yerə qoymayasan. Atalarımız demişkən, kəndxudanı gör, kəndi çap. Tülküdən qorxma, hinin qapısını da bağla. Mən dünən bir şərh oxudum, kimsə yazmışdı ki, Ayətəl-kürsü duasını oxumaq zəlzələ zamanı xeyirlidir. 

Doğrusu, bu haqda şeyximizin idarəsindən dövlətçiliyə uyğun fətva gəlmədiyi üçün nəsə yazmaqda acizlik çəkirəm. (Bunun özü də ayrı mövzudur ki, son zamanlar - idarənin səlahiyyətləri Mübariz müəllimin idarəsinə təhvil verilməyə başlayandan şeyximizin fətvalarında hiss olunacaq dərəcədə azalma yaranıbdır, lakin indi bunu müzakirə etməyə ruhani qabiliyyətimiz çatmır. Hər şeyin öz vaxtı var. Rəhmətlik bəy demişkən, hər şeyin zamana ehtiyacı vardır). 

Yeri gəlmişkən, duanın təsirləri haqda Braziliyada maraqlı elmi araşdırma aparılıbdır. Kovid pandemiyası zamanı orda bir xəstəxanadakı pasiyentləri 2 qrupa bölüblər. Qrupun hər ikisinə eyni dərəcədə tibbi xidmət göstərilib, lakin bir qrupa ayrıca dua da edilibdir. Dua edənlər özəlliklə təmiz, günahsız adamlar arasından seçilib, hərəsinə konkret xəstəyə, gündə 3 dəfə, hər dəfə 1 saat müddətində dua eləmək tapşırılıb. (Braziliya dünyada ən çox katolik yaşayan ölkələrdən biridir, o baxımdan dua işinə ciddi yanaşırlar). Təzəlikcə həmin elmi araşdırmanın nəticələri yekunlaşdı, açıqlandı. Məlumatınız olsun ki, müalicəsinə əlavə dua da edilən xəstələrin sağ qalma ehtimalı başqa xəstələrdən heç nə ilə fərqlənməmişdir. Duanın heç bir xeyri olmayıb, uzun sözün kəsəsi. 

Ancaq Braziliya ilə biz eyni qaydalarla yaşamırıq. Bəlkə müsəlman olsalar, dua nəticə verərdi. Zəlzələ adətən cinlər tərəfindən təşkil edildiyi üçün biz cinlər əleyhinə dualar oxusaq faydası var. O cümlədən zəlzələ əleyhinə dua var, onu burada hörmətli oxucularımıza çatdıraraq yazını bitirirəm:

“Allahümmağfezni min beyni yedeyye və min Half və an andı və an şimal və min fevki və əuzu biazametike ən uğtale taxt”.

P.S. Bunu afterşoklar zamanı oxumaq faydalıdır. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR