İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilən bir terrorla verilən mesaj  

1901 29.03.2023 14:12 Yazarlar A A

Yenə İran, yenə Kalaşnikov’’...

Cəmi 20 dəqiqə sonra imiş...

Hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan ortaq dostumuz aradı. Səsi təlaşlı idi: “Qardaş, Fazil Mustafadan xəbərin var? Evinin qarşısında güllələyiblər. Bir az əvvəl həyat yoldaşı məni aradı. Gedirəm evlərinə...”

“Sağdırmı?” - verdiyim ilk sual bu idi.

“Sağdır, iki yerdən yaralanıb. Çiynindən və ayağından...”

Sonradan zəng saatlarına baxıb, tutuşdururam. Ortaq dostumuzun mənə zəngi terror hadisəsindən cəmi 20 dəqiqə sonraya təsadüf edir.

İstanbuldan Bakıya dönmək üzrə hava limanında idim. Uçuşa az qalmışdı. Bu müddət yetdi ki, ölkə mediasında ilk xəbərin Musavat.com-da duyurulmasını, əməkdaşlarımızın terrorun baş verdiyi Zabrata göndərilməsini təmin edək. Feysbukda ilk açıqlamanı yazdım...

Hər kəsin bir saylı şübhəlisi İrandır. Çünki biz dostumuzu və düşmənimizi yaxşı bilən xalqıq.

Bir terror dövləti olan İrandan bu və bundan daha dəhşətli addımlar isə tamamilə gözləniləndir. Fazil Mustafanı tanıyan, ona dəyər verən hər kəs hər zaman deputata “özünü İrandan qoru” deyirdi. Elə biz özümüz də, dəyərli millət vəkili ilə bu məsələni dəfələrlə ikilikdə müzakirə etmişik. İranın Azərbaycan üçün necə bir təhdid olduğunu öz aramızda da, açıq şəkildə efirlərdə də söyləmişik.

Onsuz da Fazil Mustafaya qarşı İran dövləti tərəfindən ideoloji müharibə aparılırdı. Elə bir gün olmazdı ki, İrana bağlı hansısa media quruluşlarında, internet resurslarında, sosial media platformalarında təhqir və təhdid dolu materiallar getməsin. Fazil Mustafa çoxdan İran mənşəli terrorun əsas hədəflərindən biri idi. Düyməyə basılmışdı, qərar verilmişdi. Azərbaycana qarşı total informasiya müharibəsində deputat Fazil Mustafa ölkəmizdəki iranoidlərə hədəf göstərilmişdi. Sadəcə, tətiyi çəkmək qalırdı. Onu da 28 mart 2023-cü ildə icra etdilər...

Fazil Mustafanı düzünə qəsdlə, “Kalaşnikov” avtomatı ilə öldürmək istəyiblər. Terrorist avtomat darağını onun idarə etdiyi maşına doğru boşaldıb. Millət vəkili iki güllə yarası alıb – çiynindən və ayağından. Amma bədəninə isabət edən həmin güllələrdən biri başqa nahiyəyə də toxuna bilərdi və o zaman deputat heç şübhəsiz, şəhid olacaqdı.

Avtomatdan bir maqazin güllə atıb, adam qorxutmurlar, mesaj vermirlər. Avtomat silah ona görə seçilir ki, qısa müddət ərzində daha çox atəş açma imkanı olsun və qarşıdakı hədəf mütləq sıradan çıxarılsın.

Tehranda səfirliyimizə “Kalaşnikov”la edilən terror hərəkətinin davamı kimi görünür bu hadisə.

İran öz paytaxtında bu cür açıq terrora gedirsə, səfirliyimizi gülləboran edirsə, bunun Bakıda da ola biləcəyini proqnozlaşdırmaq mümkün idi. “İran Bakıda terrora başlasa, Fazil Mustafa ilk hədəflərdən olacaq”, - deyə, iddialar da hər zaman ortada uçuşurdu. Bir sözlə, Fazil Mustafanın İranın hədəfində olduğunu rəsmi Tehran da öz efirlərindən bar-bar bağırırdı, yazırdı, elan edirdi. Fazil Mustafaya hər gün güllə atılırdı - söz, təhdid və təhqir güllələri. Gerçək mərmilərin də məhz İran mənşəli olduğuna məndə şübhə yoxdur. O cümlədən, geniş ictimaiyyət, tanınmış simalar da bu cür düşünür və hər kəs də düşüncəsini açıq şəkildə ifadə edir.

Bunu edən İrandırsa, bu güllələr eyni ilə Tehrandakı epizodda olduğu kimi, Azərbaycan dövlətinə, onun xalqına atılan güllələrdir. Bunu edən İrandırsa, İslam respublikası adlanan bir ölkənin rəhbərliyi bir müsəlman dövlətinin ərazisində bir müsəlmanın, inanclının qətlinə fətva verib.

İranın terror siyahısında başqa tanınmışların da adının ola biləcəyi şiddətlə ehtimal edilir və bu barədə hazırlıqların olduğu DTX-nin həbs etdiyi agentlərin verdikləri açıqlamalarda aydın şəkildə mənzərə yaradır. Bu qrupları təsadüfən saxlamayıblar - İran ölkəmizi qarışdırmaq üçün serial terror hazırlayırmış. Əcaba, starta Fazil Mustafa iləmi başladılar...

Bakı Tehran deyil və heç şübhəsiz ki, deputata mərmi atan şəxs saxlanılacaq və kimliyi bəlli olacaq. Tehrandakı səfirliyimizi basıb, əməkdaşların birini qətlə yetirən, digərini yaralayan Yasin Hüseynzadəni dəlixanada gizlədən Tehran rejimi Zabrat terrorunun üstünü basdıra bilməyəcək...

İran bunu edibsə, niyə edib? Gözlənilən bu terrorla kimə, hansı mesajı verir?

Öncə Azərbaycan dövlətinə mesaj verilir. İranın casus şəbəkəsini ard-arda ifşa edən DTX-nin quruluş günündə deputata mərmi atılmasının özü bir XÜSUSİ mesajdır...

Üstəlik, İsraildə tarixdə ilk dəfə səfirliyimiz açılır və xarici işlər nazirimiz o ölkədə səfərdədir. Baş verən terrordan bu prosesə də mesajlar yollanır.

Digər tərəfdən, Tehran öz tərəfdarlarına öz ağlı ilə ruh verir. İfşa olunan, həbslərə atılan, küncə sıxışdırılan tərəfdar topluluğu bu cür ruhlandırmaq məhz İranın dəsti-xəttinə uyğundur...

Ən sonda - bu işin arxasında İranın olduğuna adım kimi əminəm. Bu iddia rəsmi qaydada da öz təsdiqini tapsa, biz İranla bütün diplomatik əlaqələri kəsməli, bu ölkənin Bakıdakı səfirliyini qapatmalı və dünyaya çağırış etməliyik. Azərbaycan dövlət olaraq, hazırkı İran rejiminin təhdidi altındadır və bu təhdidə qarşı dost ölkələrin blokunu yaratmaq haqqını daşıyır.

Türkiyə, Pakistan, Türk Dövlətləri və İsrail... Həm də yalnız bunlar deyil...

Terrorçu İrana və İran təhdidinə qarşı hansı dövlətlər varsa, onlarla bir olub, Güney Azərbaycan hədəfini bütün gücümüzlə böyütməliyik! İranın heç bitməyən terroruna qarşı Güney Azərbaycanın milli hərəkatını qoymalı və bu molla rejimini iqtidardan düşürmək üçün əlimizdən gələni etməliyik.

İran 1 saylı təhdid və 1 saylı erməni dostudur!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR