İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncləri avtoxuliqanlığa sövq edən səbəblər

790 13.04.2023 10:30 Media A A

Biri sadizmdən əziyyət çəkir, o biri özünü təsdiq etmə problemi yaşayır

Son günlər Bakıda avtoxuliqanlıq halları ilə bağlı bir neçə fakt üzə çıxıb. Xüsusən də bunların gənclər tərəfindən törədilməsi, birinin digərindən güc alaraq təkrarlaması həyəcan təbili çalınmasına səbəb olur. Şəhərin ayrı-ayrı nöqtələrində avtoxuliqanların toplaşma yerinin olması, xüsusi yarışlar düzənləməsi və bunun fəsadları ilə bağlı tez-tez yazırıq. 

Son iki gündə isə maşını magistral yolda və tuneldə arxa-arxaya sürən iki sürücü gündəmi məşğul edir: bu, qorxulu bir ənənəyə çevrilə bilərmi? Avtoxuliqanlarla bağlı hansı addımlar atılmalıdır? 

Sirr deyil ki, şəhərdəki gizli kameralar, yol polislərinin çoxluğu sürücüləri belə pozuntulardan ümumən çəkindirir. Hətta bu cərimələrin fonunda belə “avtoş”ların sayı artan xətt üzrə gedirsə, deməli, bunun psixoloji qatlarına enmək lazımdır. 

İlkin ehtimallar budur ki, Azərbaycanda gənclik, xüsusən də gənc sürücülər öz azadlıqlarını bu formada ifadə etməyə çalışırlar. Bu, gənclik enerjisinin təzahürüdür. Bundan başqa, Bakı yollarında daha çox bilərəkdən qanun pozuntusu edənlər varlı təbəqənin nümayəndələri sayılırlar. Bu isə daha çox təlim-tərbiyə, eləcə də pulun çoxluğunun problemidir. İnsanlar çox vaxt azadlıqla pərdələnərək, əslində fərqlənmək arzusu ilə belə addımlar atır. Daha dəqiq desək, özünü heç bir sahədə realizə edə bilməyənlər son çarə olaraq “nəqliyyat canavarı” olmaq eşqinə düşür. Və nəticədə isə... yuxarıda yazılan statistikaya baxıb, gerçək mənzərəni görmək olar. 

Təbii ki, bu, təkcə bizim ölkəyə xas durum deyil. Dünya “avtoş”lar və onların əməllərindən bir əsrdir ki, xəbərdardır. Dünyada bu sahənin adı “street racing” - küçə ötüşmələri adlanır. Sözügedən məşğuliyyət 1930-cu ildə Amerikada yaranıb. Özü də maraqlı səbəbdən. ABŞ-da alkoqola qoyulan qadağaya etiraz olaraq küçələrdə “avtoş”ların yarışı təşkil olunub. Amma zaman keçdikcə bu ötüşmələr qeyri-qanuni küçə idmanına çevrilib. Bir qayda olaraq, bu ötüşmələr ictimai yollarda keçirilir. Bəzi hallarda isə planlaşdırılmış aksiyalar kimi də təşkil olunur. 

Avtoşlar müəyyən kateqoriyaya bölünürlər. Birinci kateqoriyaya “streetracer”lər - küçələrdə şütüyənlər aiddir. Onlar üçün başlıca şərt sürət deyil. Burada əsas məsələ avtomobili maşınların arası ilə (“sağ-sol”) məharətlə şütüməkdir. Bura həmçinin “driffinq” - sərt döngələri kəsmək də daxildir. 

İkinci kateqoriyaya “speedenqlər” - sürətsevərlər daxildir. Yəni onlar mümkün qədər maşın az olan şose tapıb, orada qazı axıra qədər sıxıb maksimal sürət yığırlar. 

Üçüncü kateqoriyaya isə “draggerslər” aiddir. Onların əsas məqsədi 400 metrlik məsafədə sürəti 0-dan 170-180 kilometrə çatdırmaqdır...

Əgər əvvəllər avtoxuliqanları “Vaz 2107" markalı avtomobillərlə görürdüksə, son zamanlar bu maşınları "Niva"lar əvəz etməyə başlayıb. Şəhər küçələrində gənclər bu avtomobillərlə müxtəlif manevrlər edərək zövq alsalar da, bu, digər sürücülər üçün böyük təhlükə mənbəyidir.

Yaxşı, bəs qanunlar bu haqda nə deyir? Azərbaycan Respublikasının qanunvericiliyində avtoxuliqanlıqla bağlı cəzalar nəzərdə tutulub: İnzibati Xətalar Məcəlləsi, Maddə 511.1 - Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydaları və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Avtoxuliqanlıq hərəkətinə görə saxlanılarkən nə etməli? Əgər YPX əməkdaşı sizə “saxla” əmri versə, mütləq şəkildə saxlayın. Əgər sizi avtoxuliqanlıqda ittiham etmək istəsə, əksər hallarda “rəis sizin saxlanma əmrinizi verib” deyəcək və avtoxuliqanlıq etdiyinizi bildirdikdən sonra sənədlərinizi tələb edib avtomobili cərimə meydançasına aparmalı olduğunu bildirəcək. Əgər siz yuxarıda göstərilən maddədəki qayda pozuntularını etməmisinizsə, avtoxuliqanlıq etmədiyinizi bildirin. YPX əməkdaşı israr etsə sənədlərinizi təqdim edin və İXM 511.1 maddəsi ilə protokol tərtib etməsini, işi məhkəməyə göndərməsini, məhkəmə müddətinə qədər isə sürücülük vəsiqəsini əvəz edən talon verməsini tələb edin. Çünki yuxarıda da göstərildiyi kimi, bu maddənin bir neçə növ cəzası var. Sizə hansı cəzanın tətbiq olunmasına məhkəmədə qərar verilməlidir. Cəzalardan biri də sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasıdır deyə məhkəmə müddətinədək vəsiqəni təhvil verib əvəzinə talon götürməlisiniz. Avtomobilin duracağa getməsindən isə söhbət gedə bilməz. Çünki avtomobilin duracağa getmə səbəbləri İXM Maddə 96 ilə müəyyən olunur.

Psixoloqlar hesab edir ki, avtoxuliqanlığı məşğuliyyət halına gətirərək insanların həyatını təhlükəyə atmaqdan zövq alan məsuliyyətsiz sürücülərdə müəyyən psixoloji problemlər ola bilər. O qeyd edib ki, hər an ölümlə nəticələnə bilən avtoxuliqanlıq etmək aqressiya və sadizmin əlamətləri ola bilər. Hər bir insanın maraq dairəsi ola bilər. Ancaq bu maraq heç kimin həyatına təhlükə törətməməlidir. Avtomobil idmanı təhlükəsizlik şəraitinin tam təmin olunduğu, heç kimin həyatına zərər verməyəcək yerlərdə ola bilər. İnsanların və özlərinin həyatlarını hər an təhlükədə qoyaraq ölümlə oynamaq isə ya həmin avtoxuliqanın müəyyən zərərli vərdişlərin təsirində olmasından, ya da sadizmin əlamətlərindən xəbər verir. Sadizmdən əziyyət çəkənlər ətrafdakılara zərər, əzab veməkdən zövq alan insanlardır. Avtoxuliqanlıqla məşğul olanlarda həyatdan zövq almamaq, özlərini həyatda təsdiq edə bilməmək, bu yollara diqqət çəkərək özlərini sübut etmək və s. psixoloji faktorlar da ola bilər.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki-mənəvi inkişafı" mövzusunda hazırlanıb.

Hazırladı: Sevinc TELMANQIZI



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR