İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə yerləşən Şah Abbas karvansarası xarabalığa çevrilib

973 12.04.2023 14:31 Media A A

Zaur Əliyev: "Tarixi abidələri gözdən kənar saxlayırlar və onların zamanla xarabalığa çevrilməsini görməzdən gəlirlər"

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvəti sayılır. Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilib. Bu səbəbdən də maddi-mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyətli işdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması bir daha təsbit olunub. İndi ölkəmizdə bu sahəyə ciddi fikir verilir. Mədəni irsimizin gələcək nəsillərə çatdırılması üçün onların bərpa-təmir işlərinə xüsusi diqqət yetirilməli, abidələrin təbliği işində hökm sürən durğunluq aradan qaldırılmalıdır. Zaman-zaman isə bəzi tarixi abidələrin diqqətdən kənarda, baxımsız vəziyyətdə olması barədə məlumatlar da əldə edirik. Düzdür, məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar bu istiqamətdə atmağa çalışsalar da, hələ də bu sahədə problemlərin olduğu faktdır. 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısında ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqala sayılır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.

qaynarinfo.az

Zaur Əliyev

Bizimlə söhbətdə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev tarixi abidələrlə bağlı narahatlıq doğuran bir sıra məqamlara toxunub. O qeyd edib ki, Azərbaycanda bir çox abidələr var ki, onlara qayğı göstərilmir: “Tarixi abidələri gözdən kənar saxlayırlar və onların zamanla xarabalığa çevrilməsini görməzdən gəlirlər. Belə tarixi abidələrdən biri də qədim Gəncəmizin Ağkənd ərazisində yerləşən, tarixi mənbələrdə adının Səlim karvansarası, el arasında isə Şah Abbas karvansarası adlandırdığı tarixi memarlıq tikilisidir. Azərbaycan böyük İpək yolunun üstündə olan əsas coğrafiyalardan biri olub. Məlumdur ki, böyük yollar üzərində səyahət və ticarət edənlər üçün müasir dildə hotel-qədim dildə isə karvansara adlandırdığımız tikililər olurdu. Azərbaycanda isə ilk karvansaralar 5-6 min il əvvəl inşa olunmağa başlayıb. Tarixi mənbələrə görə, karvansaraların Azərbaycanın qədim və iri ticarət mərkəzlərində - Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarımadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərib. Tarixi mənbələr bölgədə ilk karvansaraların e.ə. 6-3 minillikdə, yəni 5-6 min il əvvəl inşa olunduğu barədə xəbər verir. Bu gün bu cür tarixə malik olan Azərbaycanın qədim karvansarlarından biri olan Səlim karvansarası diqqətdən kənar qalıb və turistik yer olaraq heç bir siyahıya belə alınmayıb”.

Ekspert əlavə edib ki, karvansaranın yaxınlığında yerləşən Ağkənd kəndində 1918-ci ilə qədər azərbaycanlılar yaşayıblar: “Bu kəndə ilk ermənilər yalnız 1923-1925-ci illərdə köçürülüb gətiriliblər. Bura köçən kimi ermənilər karvansaranı "özününküləşdirib" və uydurma bir iddia ilə çıxış ediblər ki, guya  bu abidənin “erməni knyazı” Çesare Orbelyan dövründə inşa  edilib və ora erməni abidəsidir. Lakin mənbələr və ən əsası karvansaranın giriş qapısının üst hissəsində yarımdairə şəklində ərəb əlifbası ilə yazılar sübut edir ki, tikili Əbu Səid Xan Bahadur (Çingiz xanın nəslindən olan və 1316-1335-ci illərdə Elxani dövlətinin taxtında əyləşmiş sərkərdə) tərəfindən 1328-1329-cu illərdə tikilib. Və bizim tarixi bir abidəmiz bu gün bax belə formada, qayğısız, diqqətsiz formada qalmaqda davam edir. Axı nə qədər olar? Bizim yüzlərlə belə abidəmiz var ki, onu qoruya bilmirik. Məgər çox böyük xərc tələb edilir onun ətrafında təmir aparıb, kiçik bir park salmaq və oranı hasarlayıb abidəni qorumaq üçün? Niyə və nə qədər biz sahib çıxmadıqlarımıza ermənilər, gürcülər sahib çıxacaq?!"

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda hazırlanıb.

Hazırladı: Afaq MİRAYİQ 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR