İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc nəsil dahilərimizi niyə tanımır?

964 11.01.2023 08:37 Media A A

Aydın Xan Əbilov: “Sonuncu hadisə cəmiyyətdə Üzeyir bəyin yaradıcılığına və şəxsiyyətinə yenidən maraq oyatdı”

Artıq bir müddətdir ki, iki gəncin Bakı Musiqi Akademiyasının qarşısında dahi Üzeyir bəy Hacıbəyovun heykəlinə ayaqqabı atması müzakirə olunur. Doğrudur, bu əməli törədən 21 və 17 yaşlı gənclər artıq müvafiq qaydada cəzalandırılıb. Lakin cəmiyyəti narahat edən təkcə dahi Üzeyir bəyə atılan ayaqqabı deyil. Ümumiyyətlə, son illərdə bir qisim gənc nəslin Üzeyir bəy kimi dahiləri, görkəmli bəstəkar və musiqiçiləri, digər mədəniyyət və incəsənət xadimlərini, Azərbaycan milli kinosu və onun nümayəndələrini tanımadığının şahidi oluruq. Səbəb nədir? Dərin kökləri olan mədəniyyət və incəsənətimizin yetərincə təbliğ olunmaması, yoxsa?

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yenimedia.net saytının və  kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq  Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb:  “Əslində təkcə Azərbaycanda deyil, bütün dünyada belə bir tendensiya gedir ki, yeni nəsil köhnə nəsli ya qəbul etməyə hazır deyil, ya da qəbul etmir. Yəni özlərinin həmyaşıdlarının, zamandaşlarının yaratmış olduğu əsərləri dinləyir, qəbul edir və bu, hər dövrdə belə olub. Məsələn, vaxtilə bizim nəslin nümayəndələri daha çox estrada musiqisini sevir, dinləyirdi.  Lakin yaş ötdükcə estrada ilə yanaşı saz, muğam musiqisini, xalq mahnılarını da sevməyə başladılar. Bu baxımdan, hesab edirəm ki, indiki gənclər də yaş ötdükcə dəyişəcəklər və milliliyə, yeniliyə  geri dönüş edəcəklər. Bildiyiniz kimi, hər bir yenilik də köhnənin təkrarıdır.

Avropada gənclərin klassik musiqiyə marağını oyatmaq üçün gənclərin toplaşdığı meydanlarda, metrolarda kiçik orkestrlərin, ansamblların ifasında modern üslubda konsertlər verirlər. Bəzən klassik musiqiləri modern üslubda sintez edirlər ki, bu da gənclərə çox maraqlı gəlir. Yəni gənclərə klassik ənənələrə, sənətə, musiqiyə maraq və məhəbbət oyatmağa çalışırlar.

Üzeyir Hacıbəyovun dahiliyi təkcə Azərbaycanda deyil, bütün dünyaya məlumdur. O, Azərbaycanın elə bir dahi şəxsiyyətidir ki, Azərbaycan musiqi mədəniyyətində inqilab edib, həm Şərqdə ilk operanın əsasını qoyub, həm yazıçı və satirikdir, həm də görkəmli dövlət xadimidir. Üzeyir bəy klassik muğam musiqisi ilə klassik Qərb musiqisini birləşdirib, ortalığa çox böyük əsərlər çıxardıb. Bunu daha geniş  mənada götürsək, Üzeyir bəy xristian mədəniyyəti ilə İslam mədəniyyətini musiqidə birləşdirmiş ayrıca bir istiqamət, sənət sahəsi açmış bir şəxsiyyətdir. Üzeyir Hacıbəyov həm də görkəmli dövlət  xadimidir. O, vaxtilə “Azərbaycan” qəzetinin baş redaktoru olub, parlament üzvlərinin ən çox tənqid edən şəxslərdən biri kimi tanınıb. Üzeyir bəyin dahiliyini vaxtında dəyərləndirən Heydər Əliyev digər dövlət xadimlərimiz onun  əsərlərini dəfələrlə nəşr ediblər, operettaları ekranlaşdırılıb, opera və digər əsərləri səhnələşdirilib. Və bu gün də klassik musiqi səhnələrimizdə onun əsərləri daim ifa olunur, nəsil-nəsil gənclərimiz onun yaradıcılığına qayıdış edirlər.  Ən azı, əgər  Azərbaycan Dövlət Himnimizi Üzeyir bəy yazıbsa, artıq Azərbaycan tarixində onun imzası qızıl hərflərlə həkk olunub. Əlbəttə ki, gənclərimiz bunun dərk etməlidirlər".

Boşanmış qadınların uşaqları əllərindən alınıb internata verilsin!” VCA və  YYSİB sədri Aydın Xan Əbilov kəskin danışdı – Yenimedia.net –  Sosial-Analitik Portal

Aydın Xan Əbilov

Aydın xan Əbilov qeyd edib ki, sonuncu gənclərlə bağlı hadisənin həm də müsbət tərəfləri də var: “Belə ki, məhz bu "ayaqqabı" qalmaqalından sonra Üzeyir Hacıbəyov yaradıcılığına, fəaliyyətinə, onun heykəlinə yenidən bir maraq yarandı və insanlar  ictimai polemikaya girdilər, bununla bağlı müxtəlif müzakirələr açıldı, mübahisələr oldu. Hətta  ictimai xadimlər, deputatlar belə bu polemikaya qoşuldular,  öz fikirlərini söylədilər. Bu da çox önəmlidir.

Bəzən Avropa ittifaqı ölkələrində də bu cür hadisələrdən istifadə olunur. Məsələn, Şekspirlə bağlı tez-tez qalmaqallı hadisələrlə rastlaşırıq. Və yaxud İsa Məsihlə bağlı hansısa qalmaqallı filmlərin çəkildiyini, bununla da müxtəlif Avropa cəmiyyətlərinin klassik ənənələrə yenidən modern can verməyə, onlara yeni münasibət yaratmağa, gənclərin buna marağını artırmağa çalışdığını görürük. Beləliklə, sonuncu hadisə Azərbaycan cəmiyyətində Üzeyir bəyin heykəlinə, onun yaradıcılığına, şəxsiyyətinə yenidən bir maraq oyatdı.

Əslində Şərqdə bu cür qalmaqallı metodlardan istifadə olunması o qədər də qəbul olunmasa da artıq dünyanın bir çox ölkələrində bəzən bilərəkdən, bəzən də bilməyərəkdən istifadə olunur.

Bir məsələni də qeyd etmək istərdim, hasısa bir gəncin zarafatına bu cür kəskin reaksiya vermək, onu həbs olunmasını istəməyin tərəfdarı deyiləm.  Hesab edirəm ki, onları başqa cür cəzalandırmaq lazımdır. Məsələn, həmin iki gənci medianın, kameraların, blogerlərin qarşısında Üzeyir Hacıbəyovun heykəli və onun ətrafını təmizlətmək, həmçinin bir sıra tarixi abidələrimizi təmizləyməyə cəlb etmək olar. Bu həm onları utandırar, həm d onlara motivasiya verər ki, bir də bu cür neqativ hərəkətlər etməzlər.

Bildiyim qədər bir sıra tarixi mədəniyyət abidələrimizin üzəri yazılıb. Həmin yazan şəxsləri tapıb, yazılanları özlərinə sildirmək lazımdır. Həmin insanlar  mədəniyyətin qayğısına bu qədər çox qalırlarsa, onda, məsələn, Lənkəranda “Dairəvi qala” dağılır, niyə ona səsləri çıxmır? Artıq neçə ildir, qalanın yanında böyük obyektlər tikilir, qala isə dağılır, məhv olur, ona diqqət edən yoxdur. Bəs həmin şəxslər, ictimaiyyət niyə buna səsini çıxartmır?"

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançının dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda hazırlanıb.

HAZIRLADI: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR