İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlir-xərcləri yoxlanılacaq iri dövlət şirkətlərinin siyahısı niyə yeniləndi - rəy

1069 24.02.2024 12:35 Media A A

Şirkətlərin bir çoxu hələ də illik hesabatlarını vaxtında açıqlamır, bəziləri isə illərdir bu vəzifələrini “unudublar”

Azərbaycanda iri dövlət şirkətlərinin hesabatlılığı və şəffaflığı uzun illərdir kəskin problem olaraq qalır. Dəfələrlə belə şirkətlərin fəaliyyətində səmərəliliyin təmin olunması, onların daimi zərərdən çıxması, təqdim etdikləri xidmətlərin keyfiyyətinin artırılması üçün sənədlər, qərarlar qəbul edilib. Amma hələ də bu hədəflərə nail olunduğunu söyləmək mümkün deyil. 

İri dövlət şirkətlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə atılan addımlardan biri onların gəlirlər və xərclər smetalarının tərtib olunması, onun icrasının monitorinq edilməsini nəzərdə tutan qərarın qəbuludur. 2016-cı ildə Nazirlər Kabineti “iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə” “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nı təsdiq edib. Həmin qərarla “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası”,  həmçinin “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparılması Qaydası” da qəbul olunub.

NK-nın həmin qərarı ilə siyahıda sadalanan iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə xüsusi komissiya yaradılıb, ona rəhbərlik baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə edilib. İqtisadiyyat, maliyyə, vergi nazirləri, Mərkəzi Bankın rəhbəri də komissiya üzvü olaraq müəyyən edilib. Qərara əsasən iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək komissiyanın katibliyinə təqdim etməli, komissiya təqdim olunmuş layihələrin müzakirəsini və qiymətləndirilməsini həyata keçirir, hər il noyabr ayının 1-dək iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq edir. İri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək komissiyaya təqdim edir. Komissiya isə altı ay müddətində bu qərarın təqdim olunmuş gəlir və xərclər smetalarının illik icrası barədə hesabatların təhlilini, qiymətləndirilməsini və monitorinqini aparır, bu barədə arayış hazırlayaraq ölkə Prezidentinə təqdim edir.

Qərarın qəbulundan ötən 7 ildən yuxarı müddətdə onun icrası sahəsində görülən işlər, əldə olunan nəticələrlə bağlı hansısa hesabat açıqlanmayıb. Amma 2020-ci ildə Prezident İlham Əliyevin hökumət müşavirəsində səsləndirdiyi tənqidi fikirlərdən aydın olmuşdu ki, həmin vaxtadək iri dövlət şirkətlərinin fəaliyyətində səmərəlilik baxımından heç bir irəliləyiş baş verməyib. 

Prezidentin həmin çıxışından sonra iri şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə veriliblər - vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması üçün. Bu müddətdə Nazirlər Kabinetinin siyahısında olan şirkətlərin əksəriyyətinin müşahidə şurası formalaşdırılıb, sağlamlaşdırma ilə bağlı müəyyən addımlar atılıb. Amma bu dəyişikliyin həmin şirkətlərin hesabatlılığı və şəffaflığını təmin etdiyini söyləmək, təəssüf ki, mümkün deyil. Çünki onların bir çoxu hələ də illik hesabatlarını vaxtında açıqlamır, bəziləri isə illərdir bu vəzifələrini “unudublar”.

Maraqlıdır ki, Nazirlər Kabineti fevralın 21-də “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı”nı yeni redaksiyada təsdiqləyib. Baş nazirin imzaladığı qərara görə, dəyişiklik iri dövlət şirkətlərinin gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, xərclərin optimallaşdırılması və səmərəlilik göstəricilərinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı qəbul olunmuş normativ hüquqi aktların icrasından irəli gələn məsələlərin həlli məqsədilə həyata keçirilib. 

Yeni qərarla SOCAR, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısından çıxarılıb. Siyahıya Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti və “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, həmçinin ötən müddət ərzində baş verən struktur dəyişikliyinə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan qurumlar (“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs) əlavə edilib. 

Qeyd olunanlardan əlavə, siyahıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi də var.

Yazını hazırladı: Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR