İnsanlara hürriyət, millətlərə istiqlal!

SABİQ DTK POLKOVNİKİ SİYASİ BOMBALARI PARTLATDI

12329 21.01.2013 09:47 Gündəm A A

(Əvvəli ötən sayımızda)

- Necə oldu ki, Əbülfəz Elçibəy Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işə götürüldü. Həbsdə olması ona maneçilik törətmirdi?

“Elçibəyin prezidentliyi zamanı Prezident Aparatında da, Nazirlər Kabinetində də, Milli Məclisdə də
DTK agentləri var idi”

- Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev vardı. Onun qaynı Cahangir Qəhrəmanov EA Əlyazmalar İnstitutunun direktoru idi. Əbülfəz Elçibəylə münasibəti yaxşı idi, onu instituta işə də o götürmüşdü. Mən Elçibəyin vəziyyətinin ağır olduğunu rəhbərliyə demişdim. Bakı Şəhər Polis İdarəsinin rəisi var idi - Rəsul Rəsulov, sonradan o, Polis Akademiyasının rəisi oldu. DTK sədrinin göstərişi ilə onun yanına şəxsən özüm getmişəm, Elçibəyin ailəsinin Bakıda qeydiyyata alınmasını istəmişəm. Rəsul Rəsulova dedim ki, bu adam həbsdən çıxıb, Elmlər Akademiyasında da nə maaş var, bu adamın ailəsi ət yeməlidir, ya yox? Özü də Elçibəy bərk şahmat həvəskarı idi. Məmməd Əsgərovun oğlu Ağabəy Əsgərovla bütün günü şahmat oynayırdılar. Elçibəy həyatı boyu pul dalınca qaçan, əyin-başına fikir verən, yaxşı yaşamağa can atan adam olmayıb. Rəsul Rəsulov ondan sonra onun ailəsini Bakıya daimi qeydiyyata aldı və onlara da talon verildi. Elçibəy özü də bunu bilirdi. Bir dəfə mənə dedi ki, qardaş ətin, yağın tapılmayan vaxtında sən mənim evimə ərzaq göndərmisən... Elçibəy xarakter xüsusiyyətlərinə görə DTK-ya işləmək üçün çox namünasib adam idi. DTK ziyalılıar arasında elə şəxsləri seçirdi ki, onun nüfuzu olsun, ətrafında xeyli insan olsun. Belələrinə təsir agentləri deyilir. Biz elə şəxslərlə işləyirdik ki, onlar xalq artistləri, akademik idilər. Elçibəyin prezidentliyi zamanı Prezident Aparatında da, Nazirlər Kabinetində də, Milli Məclisdə də DTK agentləri var idi. Ancaq agent xalq düşməni demək deyil ki?..

- Çox idimi sizinlə işləyən şəxslər?

- Əlbəttə. Biz elə adamları işə cəlb edirdik ki, onların cəmiyyətdə yeri olsun, təsir etmək gücü olsun. Siz bunları yaxşı mənada qəbul edin. Söhbət xalq üçün, dövlət üçün xeyirli işlərdən gedir. Sizə bir elementar məsələ deyim: 1989-cu ildə Sumqayıt hadisələri olanda Qarabağ məsələsi qalmışdı bir tərəfdə, Moskva Mərkəzi Komitənin birinici katibi Kamran Bağırovun boğazına çökmüşdü ki, Azərbaycanda beynəlmiləl tərbiyə yüksək səviyyədə olmadığına görə belə hadisələr baş verib. Dağlıq Qarabağ məsələsi də qalmışdı bir tərəfdə - ermənilərin orada törətdiklərinə heç toxunmurdular. Moskvadan gələn generallar da məhz belə bir sənəd yazıb Qorbaçova təqdim etmək istəyirdilər. Ancaq həmin o tanınmış elm xadimləri, incəsənət adamları olan təsir agentləri Moskvadan gələn generallara deyirdilər ki, problemin Azərbaycanda beynəlmiləl tərbiyə ilə heç bir əlaqəsi yoxdur. Bütün münaqişələr ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara, Azərbaycan kəndlərinə silahlı hücumundan başlayıb. Bu şəxslər Moskvadan gələn generalların qarşısına konkret faktlar qoyurdular.

- SSRİ DTK-sının Qarabağ məsələsində əli var idi, təbii...

- Əlbəttə var idi. Televiziyanın partladılması da, Sumqayıt hadisələri də, digər iğtişaşlar da bir mərkəzdən idarə olunurdu. Mən bir məsələni vurğulamaq istəyirəm - Heydər Əliyevin hakimiyyəti illərində ermənilər Azərbaycana hücum etmirdilər. Ermənilər Heydər Əliyevdən qorxurdular. Çünki o, Brejnevin sağ əliydi. Əslində Ermənilərin Azərbaycandan ərazi almaq niyyətləri həmişə olub. Bəzən bunu hətta hiyləylə həyata keçirməyə çalışıblar. Sizə bir faktı danışım: İndiki İdman və Gənclər Naziri Azad Rəhimovun babası Azərbaycan Nazirlər Sovetinin sədri olub. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov da Ermənistanda doktorluq dissertasiyası müdafiə etməliydi. O zaman Mikoyan katalokios Vazgenə göstəriş verib onu Bakıya  göndərmişdi. Vazgen gəlib Bakıda demişdi ki, ərəb ölkələrindən ermənilər gəlib, biz onları yerləşdirə bilmirik, Naxçıvanı verin Ermənistana. Dini xadim olduğuna görə, onu Mərkəzi Komitənin birinci katibi Vəli Axundov deyil, Nazirlər Sovetinin sədri Rəhimov qəbul edib. Vazgen Rəhimova deyib ki, bu məsələ Moskvada həll olunub, siz də razılıq verin. Rəhimov gözünə döndüyüm də ona ən ağır söyüşlə cavab verib. Özü də tərcüməçiyə deyib ki, mən nə dedimsə, olduğu kimi tərcümə elə. Söyüş də çox ağır söyüş olub. Tərcüməçi ağzını açmamış Vazgen Rəhimova demişdi ki, mən sizin dilinizi bilirəm, sizin söyüşünüzü də yaxşı başa düşdüm. Bu məsələdən az sonra - təxminən bir həftə keçmiş onu Nazirlər Sovetinin sədri vəzifəsindən çıxardılar. Onun məzarı indi Fəxri Xiyabandadı.

- Qayıdaq o ziyalıların DTK ilə işləməsi məsələsinə. Danos yazanlar aydındır, hansısa pivəsatan danos yazırdı. Maraqlı bilirsiniz kimlərdir - məşhurlar, özünü xalqın qəyyumu kimi göstərənlər...

“Əgər DTK arxivlərini açsalar, onda gərək bu ölkədə hamı bir-birinə düşmən ola”

- Onda da var idi, indi də var. Yenə deyirəm, DTK agenti adından xalq gərək heç zaman qorxmasın. Ancaq hələ bu xof qalır. İndi deyirlər, niyə DTK arxivləri açılmır? Mən sizə bir söz deyim, əgər bu gün DTK arxivlərini açsalar, onda gərək bu ölkədə hamı bir-birinə düşmən ola. Çünki SSRİ-də elə bir sistem qurulmuşdu ki, minlərlə insan inzibati orqanların məxfi əməkdaşlığına cəlb edilirdi - bunun sayı-hesabı yoxdur. DTK-da elə arxiv materialları var ki, o, bütün işçilərə açıqdır, bir də var ki, o informasiyaları yalnız rəhbərliyin yazılı icazəsi ilə əldə etmək mümkündür. Mənim həmin informasiyalara da giriş icazəm var idi. Bu işləri dərindən bilən şəxs kimi deyirəm, arxivlər açılsa, düşmənçilik başlayar.

- Üzdə olan şəxslərlə bağlı materiallar açıqlansın o zaman...

- Niyə? Niyə məsələn, sizin qohumlarla bağlı arxiv materialları açılmasın?

- Tutaq kimsə prezident olmaq istəyir, onun DTK arxivindəki dosyesi açılsın.

- Məncə, bu doğru yanaşma deyil. Əlbəttə, ola bilər ki, cəmiyyətin ümumi maraqlarına toxunan məsələ ilə bağlı mübahisəli məqam yaransın. O qədər həyatda olan insanlar var ki, kim xalqın, vətənin təəssübünü çəkirsə, çıxsın danışsın. Fəzail Ağamalı Elçibəyin həbsi ilə bağlı məsələni təhrif etmək istəyirdi, mən çıxdım həqiqəti danışdım. Mənim kimi nə qədər insanlar var. Ehtiyac olar, deyərik. Ancaq elə ucdantutma açılsa, indiyə qədər avtoritet saydığımız insanlar gözümüzdən düşəcək. Hələ mən bunu yumşaq ifadə edirəm. Ona görə də DTK arxivlərinin açılmasını rəva bilməzdim.

- Bəlkə arxivlərin açılmasını mərhələ-mərhələ həyata keçirmək olar? Məsələn, ötən əsrin 30-40-cı illərindən başlamaq məsələsi.

“O dövrün mətbuatına baxın görün, Səməd Vurğun Hüseyn Cavidin həbsindən bir həftə sonra “Kommunist” qəzetində hansı şeirlə çıxış edib...”

- 30-40-cı illər elə uzaq tarix deyil ki... O dövrü bilmək üçün elə həmin illərin mətbuatını oxumaq yetərlidir. Həm də o zaman üzdə olan, tanınan şəxslərin övladları, nəvələri bu gün yaşayır, ictimai xadim olanı da var, yazıçı, publisist olanı da... Axı bu, birbaşa onlara qarşı yönələcək, cəmiyyət çalxalanacaq. Səməd Vurğun bizim ən sevimli şairimiz deyil? Siz o dövrün mətbuatına baxın görün, Səməd Vurğun Hüseyn Cavidin həbsindən düz bir həftə sonra “Kommunist” qəzetində hansı şeirlə çıxış edib. Demirəm Səməd Vurğun agentdir, ya Rəsul Rza agentdir... O zaman hökumətin tapşırığını qeyd-şərtsiz yerinə yetirməyi dövrün, zamanın ideologiyası tələb edirdi. Burada söhbət agent olmaqdan getmir. Onlar bunu eləməliydi.

- 80-ci illərin sonunda SSRİ-nin ayrı-ayrı respublikalarında xalq hərəkatları yarananda ziyalılar bu prosesin önündə gələ bilmədi. Onların çoxunun bir zaman DTK-nın agenti olmasının bu məsələyə təsiri ola bilərmi?

- Xalq hərəkatı Azərbaycanda “Çənlibel” dərnəyi ilə başladı. Rəhbərlik etdiyim şöbədə qeyri-formal təşkilatlarla iş üzrə əməkdaş vardı. Həmin təşkilatlarda da bizim agent şəbəkəmiz yaradılmışdı. Sizin hörmət etdiyiniz bir çox liderlər, şairlər, bəstəkarlar, ən çox hörmət etdiyiniz baletmeyster mənim agentlərim olub.

- Açaq bəlkə onların adlarını.

- Niyə açırıq ki?.. Sizin lider dedim, ... məsələn, İsa Qəmbər DTK-nın agenti olmayıb. Bu gün Azərbaycan xalqının güzəranı pisdir. Güzəran pis olduğuna görə mənəvi aşınma gedir. Azərbaycanda o qədər ali savadlı, qabiliyyətli ancaq işsiz gənclər var ki... Cəmiyyət bu problemi çözməyin yollarını düşünməlidir. İndi DTK arxivlərini açaraq cəmiyyətin diqqətini keçmişdə yaşananların müzakirəsinə yönəltmək çox yolverilməzdir.

- Azərbaycan DTK-sında 80-ci illərdə ermənilər çox idi?

- Mən işlədiyim dönəmdə yox. Ruslar var idi. Məsələn, 1978-ci ildə 100-ə yaxın rus Azərbaycan DTK-ya gətirildi. SSRİ-nin rəhbərliyində Azərbaycanın əleyhinə olan qüvvələr qeyri millətlərin əli ilə Azərbaycanda baş verənlər haqqında informasiyaların özlərinə sərf edən formada təqdim olunmasını istəyirdilər. Qeyri millətlərdən olan əməkdaşlar Azərbaycan DTK rəhbərliyinin başının üstündən belə informasiyaları yuxarılara ötürürdü.

- Ölkə rəhbərliyi bunun qarşısını ala bilmirdi?

- Bilirsiz, Heydər Əliyev Azərbaycandan gedəndən sonra Azərbaycana bir samballı rəhbər gəlmədi. Kamran Bağırov Mərkəzi Komitənin birinci katibi vəzifəsi üçün çox zəif adam idi.

- Heydər Əliyev birinci katib olandan siz hansı vəzifədə çalışırdınız?

- Dövlət, hökumət rəhbərlərinin təhlükəsizliyinin təmin edilməsi, eləcə də Azərbaycanda ictimai-siyasi tədbirlərin təhlükəsizliyinin təmin edilməsində məsul şəxs idim. H.Əliyevin şəxsi təhlükəsizliyinin təmin edilməsi də mənim tabeliyimdə idi. O, Moskvaya gedəndən sonra ölkədə humanitar sahəyə nəzarət funksiyasını həyata keçirməyə başladım.

- Belə bir mif də var ki, Azərbaycanda hamının DTK-da dosyesi var. Bu nə dərəcədə əsaslıdır?

- Siz nə danışırsınız? Bu, birinci fiziki cəhətdən mümkün deyil, ikincisi də buna nə ehtiyac var? DTK o zaman çox olsa, 15 nəfərin telefonuna qulaq asa bilərdi.

- İsa Qəmbərin 80-ci illərin sonunda Zori Balayanın “Ocaq” kitabına bir cavabı vardı. DTK buna necə reaksiya vermişdi?

- Biz İsa Qəmbərlə bir-birimizi çox yaxşı tanıyırıq. Demək, Əbdürrəhman Vəzirov Azərbaycana birinci katib təyin olunanda Moskvada Kommunist Partiyasının XIX konfransı keçiriləcəkdi. Biz belə bir məsələ qaldırdıq ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə konfrans iştirakçılarına Azərbaycan həqiqətləri ilə bağlı dolğun informasiya verən şəxslər salınsın. Çünki ermənilərin təbliğatına mütləq cavab verilməliydi. Hansı gənc alimlərin bu işə cəlb edilməsi ilə bağlı təqdimatı şəxsən özüm hazırlamışam. O zaman Elmlər Akademiyasının institutlarında çalışan İsa Qəmbər, Zərdüşt Əlizadə, Eldar Namazov, Leyla Yunus, indi ABŞ-dakı səfirimiz Yaşar Əliyev, Tofiq Qasımov və daha bir neçə nəfər gənc, ancaq samballı, eyni zamanda rus dilini mükəmməl bilən alimlər haqqında təqdimat yazmışdım ki, onları həmin Moskvada nəzərdə tutulan təbliğat işinə yaxından cəlb etmək lazımdır. Adlarını çəkdiyim şəxslərin heç biri DTK agenti olmayıb. Əgər sovet dövründə kimsə mənim agentimi tanısaydı, partiya biletimi əlimdən alardılar. Bu məsələlər olduqca məxfi saxlanırdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR