İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzuli və Cəbrayılın işğal günü Şəhidlər Xiyabanında anıldı

5148 24.08.2013 09:46 Gündəm A A
“20 il gözləmək olar?...”

İşğal günü ilə bağlı təşkil olunan yürüşə respublikanın bir neçə rayonundan gələn əslən Füzuli və Cəbrayıl rayonundan olan sakinlər Qarabağın iki böyük rayonunun işğal gününün olduqca sönük şəkildə anılmasından şikayətləndilər. Cəbrayıl sakini Sevda İbrahimova bildirdi ki, tədbirə daha çox insanın toplaşacağını gözləyirmiş: “İki böyük rayon işğal olunub. Füzuli və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin çoxu Bakıda məskunlaşıb. İldə bir dəfə Şəhidlər Xiyabanına toplaşırıq, onda da heç kəs gəlmir. Erməninin torpağı işğal olunsaydı, bütün dünyaya səs-küy salardı. Anım tədbiri keçirməyə yer istəmişik veriblər. 100 nəfərlik zalı doldura bilməmişik. Bununla biz hara qədər gedəcəyik ?”.
Bir başqa Cəbrayıl sakini Saleh Məmmədov isə 20 il gözləmə mövqeyində duran Azərbaycan hökumətini qınadı: “20 ildir gözləyirik. Nəticə qaçqın və məcburi köçkünlərə ev verilməsi oldu. İndi torpaq, itirdiyimiz şəhidlər yaddan çıxıb. Baxın həmin o şəxslərdən heç biri bura gəlməyib. Bütün buna baxmayaraq, biz hər il bura toplaşırıq və bundan sonra da toplaşacağıq”.

“Hakimiyyət nəyə görə müharibəni başlatmır?”

Anım yürüşünə Qarabağ Azadlıq Təşkilatının (QAT) fəal üzvləri də qatılmışdılar. “Yeni Müsavat” a danışan QAT sədri Akif Nağı Azərbaycan hakimiyyətinin təcili müharibəyə başlamasını tələb etdi: “Hər iki rayon uğrunda ağır döyüşlər gedib. Uğurlarımız da var idi. Qarabağ müharibəsi vaxtı Füzulidə olduqca uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Rayonun bir neçə kəndi və yaşayış məntəqəsi ermənilərdən təmizləndi. Bütün buna baxmayaraq, nəticə bizim üçün ağır oldu ”.
A.Nağı bildirdi ki, hər kəsi narahat edən birinci məsələ Qarabağın nə üçün işğal altında qalması olmalıdır: “Mənim torpağım işğal altında qalıb, bunlar təhlükəsizlik zonası yaradıblar. Bu nə deməkdir? Qarabağı xarabaya çeviriblər. Azərbaycanın kifayət qədər güclü ordusu var. Bu gün dünya ölkələri də qəbul edir ki, Qarabağ Azərbaycanındır və işğal altındadır. Belə olan halda Azərbaycan hakimiyyəti nəyi gözləyir? Nəyə görə müharibəni başlatmır? QAT və Azərbaycan cəmiyyəti olaraq biz bu hakimiyyətdən müharibə tələb edirik. Qoy izah etsinlər, biz də bilək ki, onlara mane olan kimlərdir. Rusiyadır, Amerikadır və yaxud hansı ölkədir ki, onlara mane olur. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin cəsarəti çatmadığından müharibəyə başlaya bilmir”. 
Xatırladaq ki, ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. 1994-cü ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. Hazırda ərazidə 54 min nəfər məcburi köçkün məskunlaşıb. Ümumilikdə rayonun 30 min kvadrat km ərazisi işğaldan azad olunub. Hazırda Füzuli şəhəri və 58 kənd erməni işğalı altındadır.
Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq orada yerləşdirilib. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100 nəfərdən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Cəbrayıl rayonu uğrunda erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılardan 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb. 2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.

  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR