İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı vəhhabi fondunda qəfil yoxlama və həbslər

18624 22.08.2014 09:00 Gündəm A A


Mətbuatda hüquq-mühafizə orqanlarının vəhhabilərə yaxınlığı ilə tanınan beynəlxalq şirkətin Bakı ofisində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb. aznews.az saytının yaydığı məlumatında qeyd olunurdu ki, “Dar əl-Bir” humanitar təşkilatının ofisində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Saytın xəbərində qeyd olunur ki, iki saata yaxın davam edən axtarışın sonunda ofisdə olan bəzi sənədlər və maddi sübutlar götürülüb.

Bundan başqa, ofisin əməkdaşları da saxlanılaraq, hüquq-mühafizə orqanına aparılıb.
Ötən gün haqqında həbs xəbəri yayılan “Dar əl-Bir” təşkilatının özü açıqlama yayaraq həbs xəbərini təkzib edib. Cəmiyyətin Azərbaycan nümayəndəliyi həbs və dini təriqətlərlə əlaqəsi iddiasını rədd edib. Azerinfo.org saytında yayılan təkzib bəyanatında həbs xəbərinin doğru olmadığı, yalnız təşkilatda yoxlamalar aparıldığı bildirilir: “Humanitar təşkilat olduğumuz üçün vergidən azad olan ”Dar əl-Bir" xeyriyyə cəmiyyətinin Azərbaycan nümayəndəliyinin fəaliyyəti hazırda Vergilər Nazirliyi tərəfindən yoxlanılmaqdadır. Hər hansı üzvümüzün həbs olunması və ya saxlanılması xəbəri doğru deyil. Biz Azərbaycanın bütün dövlət qurumları kimi vergi orqanları ilə də əməkdaşlıq edir və fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun aparırıq".


Bəyanatda daha sonra qeyd olunur ki, “Dar əl-Bir”in Azərbaycan nümayəndəliyi Bakıda 1994-cü ildə açılıb. Cəmiyyət Bakıda fəaliyyətə başladığı gündən etibarən Azərbaycan hökuməti, xüsusən Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilib. 2007-ci ildən “Darul-Bir” Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrin himayəyə götürülməsi layihəsi çərçivəsində Azərbaycanın aztəminatlı ailələrinə də yardım göstərir. Sözügedən layihədən hazırda respublikanın müxtəlif bölgələrinə mənsub, əksəriyyəti qaçqın və məcburi köçkün olmaqla onlarla aztəminatlı azərbaycanlı ailəsi yararlanıb.


Mənzil-qərargahı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində yerləşən “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti 1979-cu ildə, Birləşmiş Ərəb Əmirliklərində Əmək və Sosial Məsələlər Nazirliyinin 23/79 saylı sərəncamı ilə təsis edilib. Xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Birləşmiş Ərəb Əmirlikləri dövlətinin vitse-prezidenti, eyni zamanda baş nazir və Dubay şəhərinin meri olan Şeyx Muhəmməd ibn Raşid əl-Məktum tərəfindən təsdiq edilmiş idarə heyəti sözügedən cəmiyyətə rəhbərlik edir.

Qeyd edək ki, xeyriyyə cəmiyyəti 1990-cı illərin əvvəllərində Azərbaycanda fəaliyyətə başlayan 15-ə yaxın ərəb xeyriyyə fondundan biridir. Azərbaycanda qaçqın və məcbur köçkünlərin maddi durumunun ağır olduğu vaxtda ölkəyə gələn bu qurumlar böyük həcmdə yardım fəaliyyətləri həyata keçirib. Ancaq eyni zamanda bu qurumlar Azərbaycanda din təbliğatı, Quran kursları, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması, məscidlərin tikilməsi kimi dini yönümlü fəaliyyətlər də həyata keçiriblər. Ancaq zamanla Azərbaycan hökuməti bu şübhəli fəaliyyətləri olan bir çox təşkilatları ölkədən çıxarıb. Yalnız bir neçə təşkilat, o cümlədən “Dar əl-Bir”, eləcə də Küveytin Asiya Müsəlmanları Komitəsi və daha bir neçə yardım qurumu mövcudluğunu qoruyub saxlaya bilib. Bu qurumlar əsasən yardım fəaliyyətləri həyata keçiriblər. 


Konkret olaraq “Dar əl-Bir” təşkilatına gəlincə, bu qurumun əsasən yardım aksiyaları keçirdiyi, ehtiyaclı insanlara yardımlar payladığı bildirilir. Digər ərəb yardım qurumlarından fərqli olaraq “Dar əl-Bir”in məscid tikintisi və digər dini fəaliyyətlərdən kənar olduğu deyilir. Bu qurum Azərbaycandakı sələfi camaatına, xüsusən də hazırda fəaliyyətini dayandırmış “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanova yaxın təşkilat hesab olunur. Bu səbəbdən bizə çatan bilgilərə görə, “Dar əl-Bir” uzun illər ölkədə rahat şəkildə fəaliyyət göstərə bilib. 

Yalnız 2000-ci illərin əvvəllərində hökumət orqanları “Dar əl-Bir” təşkilatına təzyiq ediblər. Ancaq bildirilir ki, qurumun radikal deyil, mötədil sələfi camaatına yaxın olması, eyni zamanda hökumətdə dayaqları olması səbəbindən fəaliyyətini davam etdirə bilib. 
Xeyriyyə cəmiyyətində həbs və yoxlama xəbəri ilə bağlı Baş Prokurorluğa müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirdilər ki, onlarda bu barədə məlumat yoxdur. Xatırladaq ki, bir qədər əvvəl qəzetimizdə ölkə ərazisində dini icmaların qeyri-qanuni maliyyələşməsinə dəstək olan qurumlara qarşı əməliyyatların keçirilməsi haqda xəbər verilmişdi. Xəbərdə qeyd olunurdu ki, hökumət icmaların və dini fəaliyyətlərin gizli şəkildə maliyyələşməsində iştirak edən biznes qurumları və şəxsləri ifşa edərək cəzalandırır. “Dar əl-Bir”də yoxlamaların məhz bu əməliyyatlar çərçivəsində aparılması istisna edilmir. 
Mövzunu araşdırmaqda davam edəcəyik.

Kənan RÖVŞƏNOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR