İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzu Kazımovun məhkəməsində ilginc ifadələr

2754 17.07.2013 03:47 Gündəm A A
Proses şahid Rövşanə Arazxanlıya (Əliyeva) dövlət ittihamçısının suallar verməsi ilə davam etdi. Xatırladaq ki, ötən prosesdə R.Əliyevanın səhhəti qəfil pisləşdiyi üçün proses təxirə salınmışdı.
Budəfəki prosesdə də R.Arazxanlı Abdullayev qardaşları ilə əlaqəsinin Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı yarandığını bildirdi. Onun sözlərinə görə, ilkin olaraq qardaşlardan Eldəniz Abdullayevlə tanışlığı olub. Şahid söylədi ki, 1998-ci ildə Eldəniz Bakı Dövlət Universitetində Sədiyar müəllimin kafedrasında işləyirdi. Elşad Abdullayevi isə ilk dəfə Təhsil Nazirliyində Nəzakət Sultanovanın otağında görüb: “Eldənizlə münasibətlərimiz yaxşı olub, o mənə bacı deyib. Mən də elmi iş müdafiə etmək istəyirdim, Eldəniz dedi ki, bizim universitetdə asandır. Mən də bütün sənədlərimi, elmi işimi vermişdim ona, sonradan da qaytarmadı”. 
R.Arazxanlı ifadəsində onu da bildirdi ki, universitetdə işləmək üçün də sənəd versə də, E.Abdullayev nə onu işə götürüb, nə də əmək haqqı verib. Şahidin sözlərinə görə, Mahir Abdullayevin yoxa çıxması ilə bağlı xəbəri ilk dəfə ona Eldəniz Abdullayev verib: “Eldəniz israr etdi ki, onlarla Arzu Kazımov arasında əlaqə yaradım. Arzu Kazımovun qaynı Hüseyn Səfərovla Elşadın özü yaxın idi. Lakin Hüseyn Arzu ilə əlaqə yaratmağa kömək etməmişdi, ona görə mənə dedilər ki, Zahid Dünyamalıyevlə əlaqə yaratmaq üçün Arzunun telefonu lazımdır. Mən isə dedim ki, mənlik deyil. Sonra dedilər ki, həm də tikinti işlərimiz olacaq, onunla iş görəcəyik. Bundan sonra mən Arzu Kazımova dedim ki, icazə ver, sənin telefon nömrəni verim onlara”. 
R.Arazxanlı həmçinin onu da dedi ki, Zahid Dünyamalıyevi tanımayıb və onunla hər hansı ünsiyyəti, əlaqəsi də olmayıb. Prokuror isə daha öncəki prosesdə Abdullayev qardaşlarının “bu qadın ABU-da bizə yaxınlaşaraq, Arzu Kazımovla əlaqə yaratmağı təklif edib” ifadəsini yada salıb, şahiddən buna münasibət soruşdu. R.Arazxanlı isə öz növbəsində dedi ki, Eldəniz onu zorla E.Abdullayevin otağına apararaq “bizi öldürəcəklər, gedək bu məsələni yoluna qoyaq” söyləyib: “Elşad Abdullayev məndən Arzu Kazımovun əleyhinə istifadə də etmək istəyirdi. Onlar mənə 30 min dollar təklif etdilər ki, mən notariusla təsdiqləyim ki, Mahirin işi ilə Arzu Kazımova pul veriləndə mən orda olmuşam. Bu pulun içində məni işə götürmək də gedirdi. Mən isə razılaşmadım”. 
R.Arazxanlı prokurorun verdiyi bəzi sualların qarşısında isə bir çox detalları xatırlamadığını dedi. İstintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyən şahid E.Abdullayevin yaydığı, özünün də iştirak etdiyi videoçəkilişlərlər tanış olduğunu vurğuladı: “Həmin çəkilişlərdə mənim səsim montaj olunub”. 
R.Arazxanlı həmçinin məlum videolardan birində Arzu Kazımovun oğlu Zaur Kazımova zəng edərək, ondan Mahiri gətirməsini xahiş etməsi, daha sonra dəstəyi E.Abdullayevə verməsi ilə bağlı detala da münasibət bildirdi. Onun sözlərinə görə, buradakı proseslər Eldənizin diktəsi və tapşırığı ilə baş verib. Belə ki, Eldəniz ondan Elşad Abdullayevin yanında Zaura zəng etməsini xahiş edib: “O deyirdi ki, elə et, Elşad elə bilsin ki, məsələ həll olunur. Mən də onun dediyini etdim. Zəng edib telefonu Elşada verdim ki, danışın. Elşad da ona dedi ki, ”Mahiri götür qucağına gətir". Sonradan Zaur da mənə zəng etdi ki, bu adam nə danışır, mən dənizdəyəm".
Prokurorun “bəs sizin bu işdə marağınız nədən ibarət idi” sualına cavab olaraq R.Əliyeva sadəcə ABU-da dekan olmaq istədiyini, başqa heç bir maddi marağının olmadığını bildirdi. 
Daha sonra şahid qismində ifadə verən Arzu Kazımovun oğlu Zaur Kazımov isə bildirdi ki, Elşad Abdullayevi atasının yaxın adamı, dostu kimi tanıyıb və bir dəfə onunla görüşərək, söhbət edib. “O mənə suallar verdi, mən də ona, bütün bunlar isə Elşad Abdullayevin yaydığı videolarda əks olunub” deyən Zaur Kazimov əlavə etdi ki, sözügedən videodakı bütün götüntülər və danışıqlar ona məxsusdur. “Atam bir dəfə mənə dedi ki, Elşad müəllim zəng edəcək, sənə də bir sxem verəcək. Mən də getdim yanına, başladı ordan-burdan danışmağa, heç bir sənəd, sxem də vermədi”.
O suallara cavab olaraq bildirdi ki, Mahir Abdullayevi tanımayıb, onu tapılması üçün Elşad Abdullayevə heç bir xidmət təklif etməyib. Elşad Abdullayevlə isə 2-3 dəfə görüşüb: “Bilirdim ki, atamla biznes əlaqələri var. Çünki bir dəfə atam xaricə gedəndə mənə demişdi ki, bu kişilərlə işbirliyimiz var, onlardan pul almışam, başıma bir iş gəlsə məbləği yazıb işdəki seyfdə qoymuşam. Sonradan isə bildim ki, onların işləri alınmadı. Atam dedi ki, bizim daha onlara borcumuz yoxdur, əmin əvəzində torpaq verib, indi borcumuz Nizami əmiyədir”.
Z.Kazımov ifadəsində bildirdi ki, Mahir Abdullayevin tapılması üçün Dağıstana getməsi söhbəti yalandır. Onun sözlərinə görə, Mahir itən il, yəni 2003-cü ildə onun 23 yaşı olub və İnterpolda işləyib. 
Hakimin “niyə o zaman 23 yaşı olan oğlunu bu işlərə qatırdın” sualına cavabda isə Arzu Kazımov bildirdi ki, Elşad Abdullayev ona zəng edərək, Telman adlı bir şəxsin Mahiri Dağıstanda gördüyünü deyib və ona kömək etməsini istəyib: “O zaman Elşadla münasibətlərimiz yaxın idi. O dostluğun xətrinə Zaura dedim ki, Elşada kömək etsin”.
Daha sonra Arzu Kazımovun qardaşı Nizami Kazımov ifadə verdi. O bildirdi ki, 2005-ci ilin aprelin 8-də qardaşı Arzu Kazımovun ofisinə gələrkən mübahisə və səs-küyün şahidi olub. “3 nəfər idilər, Arzudan soruşdum nə məsələdir, dedi ki, bu, Elşad Abdullayevdir, qardaşlarıdır, pul söhbəti var, qabaqcadan istəyirlər. Elşad onlara ev təklif etdi, razılaşmadılar, mən də dedim ki, mənim torpağım var. Mənim maşınımla gedib ora baxdıq, xoşlarına gəldi götürdülər. Səhəri gün - aprelin 9-da isə getdik notariusa torpağı Hüseyn Əhmədovun adına sənədləşdirdik” deyə, Nizami Kazımov bildirib.
Hakim növbəti prosesi 25 iyul saat 14.00-a təyin edib.
Qeyd edək ki, rəsmi ittihama əsasən, A. Kazımov özünü mənzil-tikinti kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR