İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü yandıran Qarabağ qazisi işində Səfər Əbiyev izi

9460 11.01.2014 09:00 Gündəm A A
Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Qarabağ qazisi Zaur Həsənov olayı ilə bağlı yeni xəbər yayıb. Həmin xəbər özündə hadisənin mahiyyətinə, başvermə səbəblərinə dair ciddi dəlillər, faktlar daşıyır. Yanvarın 10-da ölkədə fəaliyyət göstərən əksər sayt və xəbər agentlikləri, musavat.com da daxil olmaqla, AHİK-in bu məlumatını yaydı. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı həmin xəbəri olduğu kimi dərc edirik: 

“Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi göstərildi. İaşə obyekti sökülmüş, banklardan götürülmüş vəsait geri qaytarılmamış, bank faizləri artmışdır. İlk baxışda tutarlı səbəblərdir, hətta bankların mərhumun mülkünə əl qoyması da söylənildi. Amma dəqiq məbləğ heç kim tərəfindən açıqlanmadı. Bugünlərdə əlimizə düşən rəsmi bir sənəd bu müəmmaya aydınlıq gətirir. ”Edis Qroup" şirkəti 2011-ci ilin avqust ayında Ali Məhkəməyə əlavə kasasiya şikayəti verib. Həmin şikayətin bir bəndini olduğu kimi nəzərinizə çatdırırıq:


“04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələrin qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kv metr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar”. 


Beləliklə, məlum olur ki, Bibiheybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olub. Ali Məhkəmənin Plenumuna verilən kasasiya şikayətində həmin çayxana yerinin şirkət tərəfindən təmir olunub abadlaşdırılması və müvafiq tikintinin aparılması qeyd edilir. Eyni zamanda çayxananın həmin şirkətin balansında olması haqda məhkəməyə müvafiq sənədlər də təqdim edilib. “Edis Qroup” şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kasasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir, Z.Həsənov və digər 15 Qarabağ əlili ailəsi isə sadəcə oradan dolanıblar. Bundan başqa, qeyd edilir ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Z.Həsənov “Edis Qroup” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi və s. üçün şirkət bütün xərcləri özü çəkib, tikintini isə öz balansına qəbul edib. Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kasasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb".


AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi “Edis Qroup”un Ali Məhkəmənin sədrinə ünvanlandığı əlavə kasasiya şikayətinin surətini də yaydığı məlumata əlavə edib. Həmin şikayətdə “Edis Qroup” şirkəti Ali Məhkəmə sədrindən cavabdeh qismində işə cəlb edilmələrini, Bakı Apelyasiya Məhkəməsinin qərarlarının ləğv olunmasını, işə şirkət nümayəndəsinin iştirakı ilə apelyasiya instansiyasında yenidən baxılmasını xahiş edir. 
AHİK-in yaydığı bu məlumatdan sonra “Edis Qroup”la bağlı araşdırma apardıq. Dünya torunda “Edis Qroup” adlı şirkətlə bağlı bir neçə məlumat var. Həmin məlumatların heç birində şirkətin Azərbaycanda fəaliyyəti haqda isə bilgi yoxdur.


 Apardığımız araşdırma zamanı Azərbaycanda fəaliyyət göstərən “Edis Qroup” şirkətinin sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın şəxslər tərəfindən idarə edildiyini öyrəndik. Belə məlumatlar da var ki, “Edis Qroup” sabiq nazirin özünə məxsus çoxsaylı şirkətlərdən biridir. Araşdırmalar zamanı onu da öyrəndik ki, hadisə baş verən gün Z.Həsənovu AHİK binası qarşısına gətirən də şirkətin nümayəndələri olub. İddialara görə, Qarabağ qazisini Həmkarlar İttifaqları Konfederasiyası binasının qarşısına Səfər Əbiyevə yaxın adamların cip maşınında gətiriblər. Mənbəmiz deyir ki, həmin avtomobil və onun sahibi istintaqa məlumdur. 

Hələlik bu məlumatın nə dərəcədə həqiqət olmasını aydınlaşdıra bilməmişik. Amma əlimizə çatan məlumatlara əsasən demək olar ki, Z.Həsənov olayının arxasında sabiq müdafiə nazirinin silueti görünür.  
Mövzuya qayıdacağıq.

E.HÜSEYNOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR