İnsanlara hürriyət, millətlərə istiqlal!

FUTBOL QUMARBAZLARININ OYUNU

2026 21.07.2011 09:30 Yazarlar A A
Qumarın böyük-kiçiyi yoxdur - kənd yerində ağac kölgəsində çoməltmə oturaraq 20 qəpikdən bank qoyub, “iyirmi bir” oynamaq da qumardır, Las-Veqasa uçub kazinoda kəpənək qalstuklu qumarbaşı ilə eyni oyunu oynamaq və banka 10 min dollar qoymaq da. Fərq eləməz, hamısında adamlar udur, uduzur.
Əslində, udub-uduzmaq məsələsi şərti söhbətdir. İstənilən qumarda (hətta dövlət lotereyalarında belə) yalnız qumarı təşkil edənlər həmişə udur, iştirakçılar isə ya bir dəfə udanda beş dəfə uduzurlar, ya da ömür boyu uduzurlar, heç əllərinin gətirdiyi vaxt olmur.
Qumar şövqlü və bahalı əyləncə növüdür - adamlar bir dəfə udub nəşələnməyin (sevinmək mənasında) xətrinə 10 dəfə uduzmağa və revanş hissi ilə yanmağa hazırdırlar.
Əyninə şalvar geyən, əlinə telefon götürən kişilərin böyük əksəriyyəti qumara meyllidir. Elə ona görə də adını çox dəqiqliklə “futbol qumarı” qoyduğumuz futbol totalizatoru ölkəmizdə gündən-günə çiçəklənir, bukmeker kontorlarının (onların da adını “futbol qumarxanaları” qoyaq) sayı saatbasaat artır.
Futbol qumarı qumarların ən gənci, ən maraqlısı və ən qəlizidir. Futbolu başqaları oynayır və adamı ya uduzdururlar, ya da uddururlar. Gənc qumarbaz qalır televizorun qarşısında atılıb düşə-düşə.
Məsələn, olur ki, hər oyuna bir-iki qol vuran Ronaldonun yenə qol vuracağını proqnozlaşdıran və bu sövdəyə 100 manatlıq pul qoyuluşu edib, əlavə 150-200 manat qazanacağını düşünən qumarbaz görür ki, Ronaldo bu dəfə mərkəz xətti keçə bilmir. Onda o, qışqırır, “irəli get də, ay... (burada zövqə görə müxtəlif xitab-söyüşlər səslənir)” deyir. Həmin oyunda Ronaldo qol vursa adam udur və bəyan edir ki, Ronaldo yekdir, yox, vurmasa, adam uduzur və deyir, Messinin qadası düşsün Ronaldonun ürəyinə, onun ayağına dəyən təpik bunun peysərindən dəysin və s.
Yaxud olur ki, son illərdə dünya üzərində məğlub etmədiyi komanda qoymayan “Barselona” öz meydanında Allahın “Herkules”inə uduzur və özüylə bərabər milyonlarla futbol qumarbazını uduzdurur. İndi sıralamaya baxın: Qvardiola və onun qvardiyası (Puyol, Messi, Xavi) məğlub olur, dünya üzrə milyonlarla qumarbaz - Şarl, Maykl, Xose, Nquyen, İvan, Mamed, Aşot, Givi, Peter, Diter və digərləri uduzur, amma “Hafka”, Fazil Məmmədov, Ziya Məmmədov və onların başqa ölkələrdəki qumar təşkil edən həmkarları udurlar.
Söz yox, qumarda uduzulan milyardlarla paranın bir hissəsi dövlət büdcəsinə daxil olur, amma biz bilirik ki, o büdcənin paraları da yerli timsahlar tərəfindən para-para edilib loppurtu ilə udulur.
Heç kim deyə bilməz ki, yox, mən futbolu bilirəm, onun nəticələrini yüzdə doxsan dəqiqliklə proqnozlaşdırmağı bacarıram, dediklərim düz çıxır, uda bilərəm. Əsla mümkün deyil. Futbol oyunlarının qarpız kimi alınıb-satıldığı dünyada hansı nəticəni proqnozlaşdırmaq olar? Nə bilirsən ki, “Milan”ın yiyəsi Berluskoni “Çelsi”nin sahibi Abramoviçlə komandaların oyunu barədə hansı razılığa gəliblər. Futbolçular oynamağında, sən pul yatırıb, proqnoz verməyində ol, güclü komanda da oyunu satmış olsun, nə edə bilərsən...
Ötən illərdə ara-sıra xırda pul ilə (3-5 manat) futbol qumarına aludə olmuş arkadaşlardan biri növbəti dəfə uğursuzluğa məruz qalanda və dostları ona “proqnozun yenə yanlış çıxdı, düzgün hesab qura bilmirsən” deyəndə o, orijinal bir cavab verdi: “Mən düz proqnoz verirəm e, əclaflar yanlış oynayır”.
Belə baxırsan ki, heç futbolçular da yanlış oynamır, hər şeyi klubların sahibləri, futbol qumarı təşkil edənlər yüzdəyüz dəqiqliklə düzüb-qoşurlar və hər həftə sonu milyonlarla azarkeşin milyardlarla pulunu qamarlayıb ciblərinə basırlar.
Futbol qumarı artıq dünyanın üç ən gəlirli biznes sahələrini (silah, narkotik maddə və qadın ticarəti) üstələməkdədir. Həm də ona görə ki, digərlərinə nisbətən o, artıq əksər ölkələrdə leqaldır.
Kazino qumarı da leqallaşsaydı, dövlət daha çox pul qazanardı. Axı kazino qumarı pulluların əyləncəsidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR