İnsanlara hürriyət, millətlərə istiqlal!

Fürerin dezinformasiya siyasəti – SSRİ-yə hücum tarixi hansı səbəbdən 26 dəfə dəyişib  

4953 29.10.2023 13:10 Yaxın tarix A A

 

 

İstər sülh, istərsə də müharibə şəraitində dövlətin apardığı təbliğat, ideoloji iş böyük təsirə malikdir. Xüsusilə müharibə şəraitində təbliğat işinin düzgün qurulması ən vacib şərtlərdən biridir. Tarixə nəzər salsaq şahidi olaraq ki, bütün müharibələrdə təbliğat sahəsinə cavabdehlik daşıyanlar dezinformasiyalardan geniş istifadə ediblər və bir çox hallarda qısa müddətə olsa da, dezinformasiyaların yayılması istənilən nəticəni verib.

Nasist Almaniyasında da dezinformasiyaların dövriyyəyə buraxılması bir müddət Üçüncü Reyxin xeyrinə işləyib.

1939-cu ilin yayında İkinci Dünya müharibəsinə hazırlıq işləri yekunlaşan ərəfədə sıravi almanlar böyük həyəcan işində yaşayıblar. Müharibə qoxusu milyonlarla alman vətəndaşını narahat edib. Sözsüz ki, əhalinin bu ruhda köklənməsi Adolf Hitlerin haqlı narahatlığına səbəb olub. Belə bir vəziyyətdə fürer atmosferi dəyişmək üçün təbliğat maşınını işə salıb.

Əvvəlcə Almaniya mətbuatı öz səhifələrində Polşaya “hücum”a keçib, bu ölkənin alman xalqına qarşı nifrətli münasibəti təbliğ olunub. Daha sonra sıravi almanlarda polşalılara qarşı aqresiya yaratmaq üçün daha inandırıcı tədbirə əl atılıb. Polşa hərbçilərinə məxsus hərbi forma geyinən alman zabitləri Almaniyanın Qlyayvits radiostansiyasına “hücum” ediblər. Bu hücumdan sonra Almaniyanın Polşaya müharibə elan etməsi sıravi almanlar tərəfindən haqq işi kimi qəbul edilib. Beləliklə, Hitlerin, Almaniyanın təbliğat maşınının sükanı arxasında əyləşən Yozef Göbbelsin dezinformasiya siyasəti öz bəhrəsini verib.

hitler-mussolini-and-others-looking-at-a-map_copy.jpg (256 KB)

1940-cı ildə SSRİ real müharibə təhlükəsini hiss edəndə Almaniyanın hansı silahlı gücə malik olmasını öyrənmək məqsədi ilə bütün kəşfiyyatını işə salıb. Ancaq Almaniya buraxdığı dezinformasiyalarla kəşfiyyatın əldə etdiyi məlumatları alt-üst edib, həmin məlumatların dəqiqliyini şübhə altına salıb.  Məsələn, həmin ərəfədə Almaniya ordusunun təchizat xidmətinin başçısı general Udet SSRİ-dəki həmkarı, general Petrovla hərbi sənaye sahəsi ilə bağlı fikir mübadiləsi aparanda hər gün 70-80 hərbi təyyarənin istehsal olunduğunu bildirib. Hansı ki, məhz həmin ərəfədə istehsal olunan təyyarələrin maksimum sayı 25-30 olub. Bu dezinformasiyanı yaymaqla Almaniya öz gücünü nümayiş etdirmək, SSRİ-ni qorxuya salmaq məqsədini daşıyıb.

SSRİ-Almaniya münasibətlərinin görünən və görünməyən tərəflərindən, rəsmi və qeyri rəsmi danışıqlardan asılı olmayaraq İosif Stalin Almaniyanın SSRİ-yə hücum edəcəyini dəqiq bilib. Amma hücum tarixini, müharibənin nə vaxt başlanacağını dəqiqləşdirə bilməyib. Bu tarixi bilmək, alman qoşunlarının hansı istiqamətdən hücuma keçəciyini dəqiqləşdirmək Stalin üçün vacib olub. 2 min kilometrlik sərhədin hansı tərəfindən rəqibi qarşılamaq, müdafiə olunmaq, əks hücuma keçmək üçün Kremldə informasiya qıtlığı yaranıb. Sovet kəşfiyyatı müharibənin başlanacağı günlə bağlı bir neçə tarix söyləyiblər, 1941-ci ilin mart ayı, mayın 15-i, həmin ilin avqust ayı kimi fərqli tarixlər söylənilib. Tarixlərin qeyri-dəqiqi olması isə Almaniyanın təbliğat maşınının peşəkarlığı nəticəsində olub. Bununla bağlı arxiv sənədlərindən götürülmüş bir faktı qeyd etmək yerinə düşər. Təkcə 1939-1941-ci illərdə Hitler hücum planları ilə imzaladığı 27 əmrin 26-nı ləğv edib. Bu Hitlerin qeyri-ciddi dövlət başçısı olmağından və qeyri-peşəkarlığından irəli gəlməyib. Qarşı tərəfi çaş-baş salmaq, diqqəti yayındırmaq üçün Hitler bu cür dezinformasiya siyasətindən istifadə edib. Qeyd edək ki, belə ”tədbirlər” planlarının əsas təşəbbüskarı və müəllifi “dezinformasiya ustası” adı alan Göbbels olub.

Almaniyada dezinformasiya siyasəti müharibənin gedişatı, situasiyaya görə dəyişib. Ukrayna cəbhəsində almanların yaydıqları dezinformasiya sayəsində on minlərlə mülki əhali girova çevrilib. Belə ki, Vermaxt qoşunları müəyyən ərazilərə hücuma keçərkən həmin ərazini tərk etmək üçün digər mümkün dəhlizlərin də almanlar tərəfindən bağlandığını və bu informasiyanı əvvəlcədən ələ keçirdikləri satılmış yerli əhali vasitəsi ilə yayıblar. Bununla da, qaçmaq, yaxud da müqavimət göstərmək istəyən əhali fəaliyyətsiz halda girova çevriliblər.

scale_1200.jpg (213 KB)

Alman qoşunları SSRİ ərazisində itkilərə məruz qalanda, xüsusilə Stalinqrad və Kursk döyüşlərində məğlubiyyətə uğrayanda bu haqda Almaniya mətbuatı heç bir informasiya yazmayıb. Əvəzində Almaniyada guya ki, Moskvada çap olunmuş kiçik həcmli qəzetlər, vərəqələr paylanılıb ki, onun səhifələrində sovet qoşunlarının məğlubiyyət və itkiləri haqqında saxtalaşdırılmış rəqəmlər və faktlar yer alıb.

Almaniya radiosu da dezinformasiya sahəsində bütün gücü ilə işləyib. Radio vasitəsi ilə Stalinin çıxışı səsləndirilib. Danışan isə əslində Stalin olmayıb. Hələ oktyabr inqilabı ərəfəsində Almaniyaya mühacirət etmiş ruslardan, xüsusilə vaxtında incəsənət sahəsində çalışan ruslar bu işə cəlb edilib. Stalinin “çıxış”larında ruh düşkünlüyü, miskinlik, uğursuzluq daha qabarıq şəkildə büruzə verilib.

Bəli, faktlar göstərir ki, dezinformasiyalar müəyyən məqamlarda effekt verir. Hətta bəzən yayılan dezinformasiyalar bir hərbi əməliyyatın effekti qədər güclü olur. Amma qarşı tərəf ayıq olanda, sayıqlığını itirməyəndə dezinformasiyalar gücünü itirir, əsl həqiqəti qapamaq gücünə malik olmur.

 İlham Cəmiloğlu, Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR