İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX direktoru 6 ay əvvəl Bakıda “Vilayəti Xorasan” haqda nə demişdi?

1596 10.04.2024 09:31 Siyasət A A

Görünən budur ki, Rusiya terror xəbərdarlığı etsə də, özləri bundan lazımi nəticə çıxarmayıblar

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”a hücum edən terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini müəyyən edib. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, istintaq terrorçuların cinayətə hazırlığının məqamları haqqında artıq mühüm məlumatlar əldə edib. Qeyd olunub ki, əldə olunan məlumatlar terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər. Son məlumatlara görə, həbs edilən terrorçular Ukraynada onların Seyfullo adlı şəxsin sifarişini yerinə yetirdiklərini və pul aldıqlarını təsdiqləyiblər.

Rusiya prezidenti Vladimir Putin ötən həftə bu mövzuda çıxışı zamanı deyib ki, “xarici arenada Rusiyanın davranışları çətin ki, İslam fundamentalistlərinin hücum obyekti olsun”. 

Belə görünür ki, Rusiya terror aktının “Ukrayna izi”ndə israr etməklə bərabər, radikal islamçı terror qruplaşmalarının hədəfi ola biləcəkləri versiyasını yaxına buraxmaq istəmirlər.          

Haqqın.az yada salır ki, MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 2023-cü il oktyabrın 11-də Bakıda keçirilən iclasında FTX direktoru Aleksandr Bortnikov İŞİD terrorçuları haqda bu xəbərdarlığı edib: “Yaxın gələcəkdə "Vilayət Xorasan" Əfqanıstandan kənarda terror aktları həyata keçirməyə imkan verəcək potensiala nail ola bilər. Onun liderləri bir-birindən ayrı qrupları birləşdirərək onları qonşu ölkələrə, ilk növbədə Mərkəzi Asiya və Rusiyaya soxulmaq planlarını gizlətmirlər. Onların emissarları MDB ölkələrində əvvəllər hüquq-mühafizə orqanlarının diqqətinə düşməyən şəxsləri öz sıralarına cəlb edirlər. Bizdə məlumat var ki, “Vilayət Xorasan” sıralarına qoşulan Mərkəzi Asiya respublikalarının vətəndaşları sərhədyanı rayonlarda kəşfiyyat aparır, təxribat qruplarının və terror vasitələrinin ötürülməsi üçün həssas əraziləri müəyyənləşdirirlər".

Bortnikov onu da demişdi ki, ABŞ və onun müttəfiqləri mövcud inteqrasiya formatlarını - MDB, Aİİ, KTMT və ŞƏT-i məhv etmək üçün genişmiqyaslı səylərə başlayıblar. 

Görünən budur ki, Rusiya terror xəbərdarlığı etsə də, özləri bundan lazımi nəticə çıxarmayıblar.

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva Rusiya üçün təhdidlərin hələ də qaldığını düşünür: “Fikrimcə, Rusiya Federal Təhlükəsizlik Xidməti əvvəlki gücünü və imkanlarını itirib. Müharibə şəraitində olan bir ölkənin mərkəzində hansı ölkənin proksi qüvvələri onlarla insanın ölümünə səbəbiyyət verəcək bir terakt törədirsə, bunun başqa adı yoxdur. Görünür, FTX-nin yalnız mənbələrlə işləyə bilmək, məlumat almaq vərdişləri qalıb, digər kəşfiyyat vərdişləri isə unudulmaqdadır, ya da modern təhlükəsizlik çağırışlarına ayaq uydura bilmirlər. Fikrimcə, "Vilayəti Xorasan", İŞİD kimi radikal güclərin Rusiyanı hədəf alması heç də təsadüfi deyil. Çünki Kreml Ukrayna ilə savaşın ilk günlərindən İslam dininin və onun müqəddəs elementlərinin müdafiəçisi kimi çıxış etməyə başladı. Bu da Moskvaya başqa səbəblər üçün lazım idi. Kreml Rusiyada yaşayan çeçenləri və digər müsəlmanları Ukraynadakı savaşa sürükləmək üçün bu yolu seçmişdi. Həmin vaxt Qərb islamofobiya yolunu tutmuşdu və bu indi də davam edir. Həm də Kreml bununla İslam ictimaiyyətinin hörmətini qazanmaq istəyirdi. Məhz bu pərdəni aradan götürmək üçün Qərb öz islamçı radikal qruplarına Rusiyada partlayışlarla bağlı yeni tapşırıqlar verdi. Nəticə isə göz önündədir. Fikrimcə, Rusiyanı və bu savaşda onun yanında olan bir sıra ölkələri də bu cür təhdidlər gözləyir. Yəni təhdid dalğası hələ də bitməyib. FTX-nin beyin mərkəzləri bu cür təhlilləri aparacaq qədər güclü, amma nəticə çıxarıb tədbir görməyəcək qədər zəifdir. Bundan başqa, Qərb müstəqil siyasət yürütdüyünə, Avropadakı bəzi institutların imicinə böyük zərbələr vurduğuna görə Azərbaycanı da hədəf ala bilər. Ona görə biz də bu cür tendensiyalara hazırlıqlı olmalıyıq. Bizim üstünlüyümüz həm də ondadır ki, sərhədlərimiz qapalıdır".

Əziz Əlibəyli: “Göstərildi ki, bu qlobal savaşda Azərbaycan və  müttəfiqlərinin iradəsi həlledicidir” | 1news.az | Xəbərlər

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli terrorun hər bir ölkənin başına gələ biləcəyini qeyd etdi: “Bu qənaətlər yeni deyil. Sadəcə, burada müəyyən detallar var. İŞİD-ın son illər ərzində zəifləməsi heç də yoxa çıxmaq anlamına gəlmir. Sadəcə, onun xortladılması təzədən gündəmə gətirilir. Suriya, İraq və digər yerlərdə 2011-ci ildə gedən proseslərin tərkib hissəsi kimi Qərbin planlarından birini təşkil etməyə başlayıb. Hələ də o yerlərdə radikal islamçılar qalmaqdadır. Burada əsas suallardan biri odur ki, onların bağlılığını kim qoruyub saxlayıb. Rusiya daxilində İslam amili kifayət qədər genişdir. Burada nə üçün Rusiyanın nəticə çıxarmadığına gəlincə, Kremlin nə qədər səmimi və ya qeyri-səmimi olduğunu demək çətindir, amma terror aktları bəzi anlarda həlledici olur. Rusiya olmasın, başqa ölkə olsun, heç bir dövlət terrorun qarşısını alacaq gücdə deyil. Xüsusilə 140 milyonluq əhalisi olan ölkəni düşünək. Şimal qonşumuz üçün terrorun olacağı ehtimalı həmişə masa üzərində olub və gözlənilib. Digər bir məsələni da qeyd edək. Rusiya tərəfindən gələn açıqlamalarda onların terrordan xəbərlərinin olduğu görünür. Amma bunun qarşısı alına bilməyib, lakin bundan iqtidar öz xeyrinə yararlanmaqdadır. Bu terrorun fonunda Ukraynaya qarşı savaşda toplum da bir daha birləşir, hər halda, bu görüntünü görürük”. 

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı isə bildirdi ki, Moskvada baş verən terror aktının müəmmalı tərəfləri çoxdur: “Belə müəmmalardan biri də Bortnikovun 6 ay öncə xəbərdarlıq etməsi, buna baxmayaraq, terror aktının baş verməsidir. Burada ortaya çıxan ilk nəticə Rusiya təhlükəsizlik orqanlarındakı boşluğun olmasıdır. Görünür, təhlükəni bilsələr də, qarşısını ala bilməyiblər. Lakin terror aktının nəticələrinə baxdıqda bunun Rusiyaya da sərfəli olduğu görünür. Birincisi, Ukraynaya qarşı hücumların legitimləşdirilməsidir. İkincisi, Mərkəzi Asiya regionu üçün təhlükənin yaranmasıdır ki, Rusiya bundan KTMT-nin gücləndirilməsi üçün istifadə edə bilər. Bu baxımdan, terror təhlükəsindən xəbərdar olduqları halda bunun qarşısının alınmaması şübhəli suallar da yaradır. Lakin "Əl-Qaidə" və İŞİD təcrübəsi göstərir ki, belə terror aktlarının qarşısını almaq həmişə mümkün olmur. Xüsusilə İŞİD-in Xorasan qruplaşmasının Yaxın Şərqdə təcrübə qazanması onları daha təhlükəli edir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR