İnsanlara hürriyət, millətlərə istiqlal!

Fond direktoru qəzetlərin bağlanması iddiaları haqqında danışdı: “O demək deyil ki...”

1447 01.02.2019 14:55 Media A A

Vüqar Səfərli: “Qəzetlərin sayı azalacaq, ancaq o demək deyil ki, çap mediası sıradan çıxacaq”

“Biz gələcəkdə bu prosesdən kənarda qalan və onlayn rejimdə fəaliyyətə başlayan media orqanlarını da nəzərə alacağıq”
Xəbər verdiyimiz kimi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Müsabiqə şərtlərində müəyyən dəyişikliklərin aparılması isə mediada ajiotaja səbəb olub. Belə ki, müsabiqədə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər.

Hazırda bir çox mətbuat orqanları bu tələblərə cavab vermədiyindən onların maliyyəsinin dayandırılacağı və dolayısı ilə fəaliyyətinin də dayanması mətbuatda müzakirə edilir.

Onların sırasında “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetlərinin adı çəkilir.

Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoye Vremya”nın adları çəkilir.

Mediada yaranmış bu ajiotaja Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli musavat.com-a açıqlamasında münasibət bildirib.

İcraçı direktor qeyd edib ki, KİVDF heç bir qəzetin maliyyəsini dayandırmayıb: “Ötən il biz 6 aylıq layihə ilə 33 qəzeti maliyyələşdirirdik. Oktyabr ayında “Təhsil problemləri” qəzeti çapını dayandırdı. Halbuki biz onlara maliyyə ayırmışdıq. Bunun günahı bizdədirmi? “Ekspress” qəzetinə 30 min manat pul ayırmışdıq, yanvarın 1-dən çapı dayandırdılar. Bu maliyyənin dayandırılması demək deyil axı. Kimsə çapını dayandırırsa, bunun bizə aidiyyatı yoxdur. Biz sadəcə dünən bu ilin II rübü üçün yeni müsabiqə şərtlərini elan etmişik. Orada tirajları və yayımı qaldırmışıq. Bu isə bizdə həmişə zaman-zaman olub. Biz 10 ildir bu qəzetlərə vəsait ayırırıq. Bu müddətdə bir inkişaf olmalıdır, yoxsa yox”.

V.Səfərlinin sözlərinə görə, söhbət adı çəkilən qəzetlərə maliyyənin dayandırılmasından yox, müsabiqə şərtlərinin dəyişməsindən gedir: “Qəzetlər ayrılan maliyyənin əksər hissəsinin nəşriyyat xərclərinə sərf edirlər. Qəzeti saxlamaq üçün isə əlavə gəlirləri yoxdur. Buna görə də, çap versiyanı dayandırıb onlayn rejimə keçirlər. Biz gələcəkdə bu prosesdən kənarda qalan və onlayn rejimdə fəaliyyətə başlayan media orqanlarını da nəzərə alacağıq. Onlara da yardım göstəriləcək və bunun qaydaları müəyyənləşdiriləcək. Maliyyənin dayandırılması ilə bağlı ajiotaj yaratmaq lazım deyil. Hansı maliyyə dayandırılıb? Biz aprel ayının 1-ə qədər müsabiqə elan etmişik ki, növbəti rübdə hansı qəzetə nə qədər vəsait veriləcək. İlin birinci rübü üçünsə bu qəzetlərlə müqaviləmiz var, yanvar ayının maliyyəsini bu günlərdə ödəyəcəyik, daha iki ay da fəaliyyət göstərəcəklər və layihə çərçivəsində maliyyə alacaqlar. Kimsə qəzet versiyanı bağlayıb, onlayn rejimə keçirsə, bunu onlara biz deməmişik ki... Biz heç bir qəzetin maliyyəsini dayandırmamışıq. Maliyyələşmə qaydalarını dəyişməklə, maliyyə verilməsini dayandırmaq tamamilə fərqli anlayışlardır”.

Çap mediasının getdikcə sıradan çıxmasına gəlincə, V.Səfərli bildirdi ki, bu onların istəyindən asılı deyil, bütün dünyada gedən bir prosesdir: “Bu məsələləri zaman həll edir. Bir qəzetin 5 min tirajı, 2 min yayımı yoxdursa, o qəzet kimə lazımdır? Bəzi qəzetlər əvvəlki şərtlərimizi birtəhər düzəldib gətirirdilər. Çox vacibdirmi makluaturaya bu qədər pul sərf edilsin? Ayırdığımız maliyyəni makluaturaya çevirib ziyan edirlər... O səbəbdən getdikcə çap mediasının sayı azalacaq. Artıq özləri qəzetlərinin fəaliyyətini dayandırırlar, çünki bu zamanın tələbidir. İndi internet əsridir, bütün dünyada bu proses gedir. Hər kəsin əlində telefon, planşet var və informasiyanı oradan alır. Bir çox qəzetlərin fəaliyyətinə ehtiyac qalmır. Qəzetlərin sayı azalacaq, ancaq o demək deyil ki, çap mediası sıradan çıxacaq. Dövlət müəyyən qəzetlərə maliyyə dəstəyi verəcək ki, onlar yaşasınlar və çap mediası da qalsın. Biz elan vermişik, qaydalar müəyyən etmişik. Buna uyğun kim sənədlərini təqdim edəcəksə, onlara maliyyə yardımı ayrılacaq”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR