İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Qasımova: “Heç bir şəhid valideyni demədi ki...” - FOTOLAR

2183 08.11.2022 22:12 Müsahibə A A

Şəhid  Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq deputat Flora Qasımova bu günlərdə Yardımlı rayonunda səfərdə olub və bir neçə şəhid ailəsini ziyarət edib. Keçmiş parlament üzvü səfərlə bağlı təəssüratlarını Hafta.az əməkdaşı ilə söhbətində bölüşüb.

Musavat.com Flora Qasımova ilə müsahibəni təqdim edir: 

-  Yardımlı rayonuna belə bir səfərə getməyə niyə qərar verdiniz?

- I Qarabağ müharibəsinin ağrı-acılarını həm bütövlükdə soydaşlarımızın, həm qohum-əqrəbanın, həm də bilavasitə öz taleyində yaşamış, öz doğma dədə-baba yurdlarını, ata ocağını itirmiş, ömür-gün yoldaşı şəhid olmuş bir Azərbaycan xanımı olaraq 44 günlük müzəffər savaşımız qəlbimdə bir sıra emosional təbəddülatlara səbəb oldu.

II Qarabağ savaşındakı zəfərimizdən, xüsusən Şuşanın azad olunmasından sonra, sanki özümü şəhid, qazi ailələrinə başqalarından daha çox borclu hiss etməyə başladım. Həm də ona görə ki, onların, o ata, oğul, qardaş, həyat yoldaşı itirmiş insanların: anaların, bacıların, qızların, xanımların nə yaşadıqlarını yaxşı duyuram... Həm də axı mən özüm doğma torpağını itirmiş qarabağlılardan biriyəm... Bu mənada xüsusən Azərbaycanın digər bölgələrindən olan, heç ömründə Qarabağda, Zəngəzurda olmamış şəhid övladlarımızın ailələri, doğmaları qarşısında özümü borclu hiss edirəm...  Ona görə də daim paytaxtda, səfər etdiyim əyalətlərdə, şəhər və kəndlərdəki şəhid, qazi ailələrini ziyarət etməyə, ən azı onların dərdlərini dinləməyə, kədər və ağrılarına şərik olmağa çalışıram... Özümə borc bilirəm ki, o şəhid anaları, ataları, bacıları, xanımları ilə görüşüb onlara, heç olmasa, bir “sağ ol” deyim...Yardımlıya səfərimiz də məhz belə istək və niyyətlərdən  qaynaqlanaraq baş tutdu...

Bilirsiniz, o da var ki, hər şeyi dövlətin üzərinə atmaq doğru deyil... Dövlət şəhid və qazi ailələri üçün mümkün dəstəyin, imtiyazların icrasından ötrü əlindən gələni edir. Bizlər isə o ailələlərə, o ata-analara, bacılara bütövlükdə bir cəmiyyət, xalq olaraq daim arxalarında durduğumuzu hiss etdirməliyik...

Məhz Yardımlıya səfər etməyimin əsas səbəbkarı isə parlamentdə fəaliyyətim dövründən bir vətənpərvər insan, yazar, jurnalist kimi tanıdığım “Yeni Müsavat” qəzetinin yazarı Elşad Paşasoy oldu. Bilirsiz ki, Elşad bəyin bacısı oğlu Xüsusi Təyinatlı Qoşunların əsgəri Əli Rzalı da II Qarabağ savaşında döyüşüb və Kəlbəcər istiqamətindəki döyüşlərdə şəhid olub...  18 yaşında şəhid olmuş Əli Rzalının anım günü olacağı haqda məlumat alan kimi Elşad Paşasoyla əlaqə saxladım... Bu minvalla öncə şəhidimizin doğulub boya-başa çatdığı Yardımlının Bilnə kəndinə, sonra isə rayon mərkəzinə səfərimiz alındı... Bu səfəri təşkil etdiyinə görə Elşad bəyə dərin təşəkkürümü bildirirəm...

Yardımlının dağlar qoynundakı Bilnə kəndinə gəldik... Bu dünyada cəmi 18 il yaşamış Vətən müharibəsi şəhidi Əli Rzalının anası Samirə xanımın, atası Nuru bəyin nələr çəkdiyini sözlə təsəvvür etmək mümkün deyil. Bütün ağrı-acılarına rəğmən bizi əsl Azərbaycan ailəsinə xas mehribanlıq, qonaqpərvərlik hissi ilə qarşılayaraq gəlişimizin onlarda yaratdığı qürur duyğularını da hiss etdirdilər...

Əli o uşaq-cavan canı ilə Qarabağın, Cəbrayılın, Kəlbəcərin azadlığı uğrundakı döyüşlərdə necə qəhrəmanlıqlar göstərib. Kəlbəcər uğrunda döyüşlərdə - Koroğlu postunda qəhrəmanlıqla həlak olub.  Ölümündən sonra  "Rəşadət" ordeni və 5 medalla təltif edilib. Şəhid Əli Rzalının anım mərasimi məzarı başında qeyd olundu. Mərasimə rayon ictimaiyyəti, İcra Hakimiyyəti nümayəndələri, kənd sakinləri, ziyalılar, məktəblilər qatılmışdı. Çıxış edənlər Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Əli Rzalının həyat və döyüş yolundan danışdılar, onun işıqlı xatirəsinə ehtiramlarını ifadə etdilər. Şəhidimizin xatirəsinə Bilnə kənd sakinlərinin maliyyəsi və zəhməti sayəsində qısa müddətdə inşa olunmuş Şəhid Əli bulağını da ziyarət etdik... 

- Daha hansı şəhid ailəsi ilə görüşdünüz?

- Yardımlı rayonunun Əsədabad kəndində Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi Cavid Sahratovun ailəsi ilə, valideynləri ilə görüşdük.  Cavid 2020-ci il oktyabrın 9-da Füzuli uğrundakı döyüşlərdə  həlak olub. Anası Səkinə Sahratova öz şəhid övladının tabutunu çiyinlərində daşımış nadir analardan biridir. Bizimlə söhbətində də 5 oğul böyütmüş Səkinə xanımın iradəli, səbirli  əsl türk, Azərbaycan anası, xanımı olmasının şahidi olduq....

- Görüşdüyünüz şəhid ailələrinə hökumət qurumlarının qayğısı hiss olunurdumu?

- Əlbəttə... Yardımlıda şəhid ailələrini  ziyarət edərkən hiss etdim ki, onlara rayonun İcra Hakimiyyəti tərəfindən diqqət var- ünsiyyətdə olduğum ailələrin üzvlərin hamısı bu mənada razılıq edirdi. Şikayət edənə rast gəlmədim. Heç bir şəhid vaideyni demədi ki, niyə məhz mənim övladım həlak olub.... Hamısı “Vətən sağ olsun!” dedi... Şəhid Əli Rzalının anım tədbirində İcra Hakimiyyətinin nümayəndəsi Əfsanə Məmmədovanın fəallıq göstərməsi dediklərimə sübut oldu....

 Yeri gəlmişkən, bir fikrimi nəzərə çatdırmağı vacib sanıram.  Zənnimcə, kəndlərimizdə, şəhərlərimizdə şəhidlərimizlə bağlı belə tədbirləri məzar, abidə önü ilə yanaşı, bir ictimai məkanda, klubda, iclas zalında da  təşkil etmək və oraya şagirdlərimizi, gənclərimizi də toplamaq lazımdır. Çünki belə məkanlarda o qəhrəmanlarımız haqda daha geniş danışmaq, onların foto və video-görüntülərini nümayiş etdirməklə yaddaşlara daha dərin şəkildə hopdurulması üçün şərait var...

- Görüşdüyünüz ailələr sizin də şəhid ailəsi olduğunu biləndə necə reaksiya verdilər?

- Hamısı çox təsirləndi... Bunu biləndən sonra sanki öz dərdlərini daha ürəklə bölüşməyə başlayırdılar... Dönə-dönə minnətdarlıq edirdilər... Onu da deyim ki, digər bölgələrimiz kimi Yardımlı camaatının da necə qonaqpərvər, mehriban və səmimi olduğunun şahidi oldum...

Səfər zamanı Yardımlının Şəhidlər Xiyabını da ziyarət etdik. Öyrəndik ki, Yardımlı rayonu I və II Qarabağ savaşından bəri 100-ə qədər şəhid verib...

- Flora xanım, şəhid ailələrinizi növbəti ziyarətinizdən sonra qəlbinizdə erməni faşizminə qarşı daha hansı duyğular, düşüncələr baş qaldırdı?

- Ermənilər bu 30 ildən çox işğal dövründə yalnız Azərbaycanın tarixi yurdlarını dağıdıb-talamaqla məşğul olublar... Bizə uşaq vaxtı böyüklərimiz deyirdi ki, quşların yuvalarını dağıtmayın – günahdır. Amma bu vandal, qaniçən ermənilər yüz minlərlə insanın yurdunu-yuvasını, ocağını dağıdıblar. Düşmənlərimiz eyni zamanda qətlə yetirdikləri hərbçi və ya mülki vətəndaşlarının ailələrini, evlərini mənəvi baxımdan da dağıdıblar. Yəni nəinki 1988-1994-cü illərdə Qarabağda işğal edilmiş bölgələrimizdəki evlər, ailələr,  həmçinin 44 günlük savaşda  Gəncədə, Tərtərdə, Bərdədə və s. bombalanan evlər, eləcə də bu günədən bütün müharibə və döyüşlərdə hansı bölgədən olmasına rəğmən şəhid olanların evləri, ailələri bu qatillər, canilər tərəfindən dağıdılıb. Odur ki, bu işğalları, vəhşilikləri, alçaqlıqları törətmiş ermənilər daim bu dünyada, həm də o dünyada da bu çox ağır günahlarının cəzasını çəkəcəklər.Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Və bir də xalqımıza övladlarımızın şəhid olacağı günlər yaşatmasın!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR