İnsanlara hürriyət, millətlərə istiqlal!

“Flora Kərimovanın nəticə oynadan, mənim isə təzə ərə gedən vaxtımdır”- Afət Fərmanqızıdan qalmaqallı MÜSAHİBƏ

3687 04.08.2022 18:15 Müsahibə A A

 

Arıq bir müddətdir ki, Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında məhkəmə qalmaqalı davam edir. Məhkəmələrə gəlməyən müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub. Bəs müğənni niyə məhkəmə proseslərinə gəlmir? Müğənnilər arasında barışıq mümkündürmü?

Hazırda Rusiyada yaşayan Afət Fərmanqızı Musavat.com-un bu və digər suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Afət xanım, necəsiniz? Rusiyada işləriniz necədir? 

 - Burada işlərim yaxşıdır, hətta gözlədiyimdən də çox yaxşı. Bir təəssüfləndiyim odur ki, gərək çoxdan bura gələrdim. Bir sözlə, Rusiyada hər şey gözəldir.

- Bir müddət bundan əvvəl yeni ailə həyatı qurdunuz. Ailə həyatınız necə gedir? 

 - Ailə həyatım da  çox gözəl gedir. Bir də o sarıdan yarımışam ki, həyat yoldaşımla demək olar ki, eyni sahədəyik. Belə ki, o, restoran sahibidir, mən isə müğənni. Bizim iş saatımız demək olar ki, eyni vaxtda başlayıb, eyni vaxtda da bitir. Yəni evdən  eyni vaxtda çıxıb-gəlirik. Əksər toy sifarişlərim də elə onun restoranında olur. Bu baxımdan bir-birimizi çox yaxşı başa düşür, anlayırıq və ümid edirəm ki, sona qədər də belə olar.

- Uzun zamandır ki, Xalq artisti Flora Kərimova ilə aranızda intriqa yaşanır. Söz davası artıq məhkəmə davasına çevrilib. Son vəziyyət nə yerdədir? 

 - Bildiyiniz kimi 2019-cu ildə “Pəncu-Şeş” mahnısını ifa etdiyim ərəfədə Flora Kərimova əvvəlcə məni tənqid, sonra isə təhqir etməyə başladı. Heç bir halda, heç bir vaxt mən onun atmacalarına cavab vermədim. Lakin nədənsə mənim bəzi açıqlamalarımı özünə götürərək 3 ildən sonra məni məhkəməyə verdi. İnanmazdım ki, bu iş icraata götürülsün, çünki ad çəkilməyib. Yəni mənim açıqlamalarımda heç bir ad çəkilməyib. Mən sadəcə barəmdə hansısa səhv məlumatı yayan saytı nəzərdə tutaraq, tənqidi fikirlər səsləndirmişəm. Flora Kərimova isə həmin tənqidləri üzərinə götürərək, uzun iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. O məni məhkəməyə verəndə artıq Rusiyaya köçmüşdüm. Yalnız bir dəfə -may ayında hansısa sənəd işləri ilə bağlı vətənə gəlmişdim ki, tez məsələləri həll edim. Çünki bilirdim ki, hamiləliyim ilə bağlı sonradan gələ bilməyəcəm.
Amma sonra məhkəmədən özümə qarşı bir qərəz hiss etdim. Çünki mən ad çəkməmişdim, buna baxmayaraq məhkəmə məni təqsirli bilərək işi icraata götürmüşdü. Bütün bunlar mənim səhhətimə təsir etdi və həkim də bildirdi ki, məhkəmə prosesi, üstəlik 43 yaşında ana olmağa hazırlaşan qadın üçün təyyarəyə minmək riskdir. Bununla bağlı əlimdə arayışımın olmasına baxmayaraq, məhkəmə sənədi görməzdən gəldi və barəmdə axtarış elan etdi.

- Flora Kərimova haqqında təhqiredici fikirlər səsləndirdiyiniz üçün sizi xeyli qınayanlar oldu...

 - Xeyr,  onu təhqir etməmişəm. Bununla bağlı mənə bir nümunə göstərin, onda cavab verəcəm.
Sözümü demişəm, Flora Kərimova öz üzərinə götürüb. Hətta bir ifaçı xanım var, o soruşmuşdu ki, məni deyirsən? Yəni sözü hərə özünə götürür. Göstərin mənə ki, açıqlamalarımda Flora Kərimovanın adı var.

- Barışıq mümkündürmü? 

- Məhkəməmiz olacaq, çünki məni təhqir edib və həmin təhqirlə bağlı faktım var. O ki qaldı barışığa, Flora Kərimova anam deyil, hətta nənəm yaşda qadındır. Onun nəticə oynadan, mənim də təzə ərə gedən vaxtımdır.

- Flora xanım deyir ki, siz hər dəfə müxtəlif bəhanələrlə, hansı ki, o bəhanələrin arasında sizin hamilə olmağınız da var, məhkəmədən yayınmağa çalışırsınız. 

- Flora xanım çox söz deyə bilər, amma bu bir faktdır ki, o məni mart ayında məhkəməyə verib, mən isə fevral ayından Rusiyaya köçürmüşəm. Həkim nə zaman icazə versə, məhkəməyə o zaman gələcəm.

- Azərbaycana nə zaman dönməyi düşünürsünüz?

- Əgər əzizlərim Azərbaycanda yaşasaydı, vətənə dönərdim. Amma əzizlərimdən heç kəs Azərbaycanda yaşamır. Bacım, qardaşım övladı hamısı Avropa vətəndaşıdır, orada yaşayırlar, ərim isə Rusiya vətəndaşıdır. Yəni ərim, işim, nikahım Rusiyadadır, ona görə də niyə dönməliyəm?

Sonda onu qeyd etmək istəyirəm, necə oldu ki, Flora Kərimova 2019-cu ildə olan aqresiyasını 3 ildən sonra mənə qarşı yönəltdi? Hesab edirəm ki, bu ona deyil, başqasına aid ideyadır. Belə ki, şou-biznesdə 60 yaşında, ağzı slikondan əyilmiş, gözü çəp, qıçı əyri, xaric oxuyan bir müğənninin planıdır, işidir. Yəni bütün bunlar hamısı onun diktəsilədir. Onun məndə səs yazıları da var, deyib ki, guya ölənə qədər məndən əl çəkməyəcək. Ola bilər ki, yaxın günlərdə bu haqda geniş açıqlama verəcəm”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR