İnsanlara hürriyət, millətlərə istiqlal!

Fermerlərin məhsullarını satmaq üçün xaricə aparmasına gərək qalmadı - yeni qanun...

1354 01.04.2022 08:00 KİVDF layihələri A A

Vahid Əhmədov: “Fermerlər üçün çox əhəmiyyətli yenilikdir, məhsulunu satacaq, pulu da dövlət ödəyəcək”

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və rublun dəyərdən düşməsi Azərbaycanda fermerlərin işini də çətinləşdirib. Yaxın günlərdə Azərbaycandan xurma ixrac edən onlarla kəndli-fermer min bir əziyyətlə, xərclə ərsəyə gətirdikləri xurmanı zibilə tullamağa məcbur olublar. Yalnız bu deyil, fermerlər zaman-zaman bu kimi problemlərlə üz-üzə qalırlar.

Bir gün öncə isə Azərbaycan Prezidenti mühüm bir fərman imzalayıb. Fərmana əsasən, “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib. “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na edilən dəyişikliyə görə, ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirməlidirlər. Bu fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabineti tapşırılıb.

Bəs görəsən, bu  dəyişikliklərdən fermerlər yararlana biləcəklərmi? Əvvəldə qeyd etdiyimiz problemlər öz həllini tapacaqmı?  

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a bunları deyib: “Dövlət ehtiyacı olan məhsulların xüsusi büdcə təşkilatları var. O cümlədən qapalı təşkilatların. Bunlar istənilən yerdən məhsulları alıb gətirirlər, amma faktiki olaraq orada yerli məhsulları nəzərə almırlar. Yerli məhsulların satılmasında çox ciddi problemlər var idi. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində elektron portal yaradılır. Burada göstərilir ki, sentyabrın 1-nə qədər hansı hüquqi və fiziki şəxs kənd təsərrüfatı məhsulunu satmaq istəyirsə, portala yerləşdirsin. Məhsulun növü, qiyməti, hər bir məlumat orada yerləşdirilir. Amma digər tərəfdən də büdcədən maliyyələşən təşkilatlar da yəqin ki, həmin portalda öz tələbatlarını yerləşdirəcəklər. Kimə, nə qədər ərzaq məhsulu lazımdır, sonra onlar uzlaşdırılacaq və burada satınalmalar həyata keçiriləcək. Çünki bu satınalmalar məsələsində çox ciddi problemlər var idi. Orada tenderlər çox vaxt düzgün keçirilmir, müəyyən problem yaradılır. Əsasən tanışa, yaxın adamlara tenderdə istifadəyə icazə verirdilər. Bu dəyişiklik bir növ şəffaflığı təmin edəcək çox mühüm fərmandır. Həm də fermerlər üçün çox əhəmiyyətli yenilikdir. Artıq fermer öz məhsulunu satmaq üçün bazar axtarmayacaq. Hazır bazar var, portala yerləşdirəcək və ona müraciət edəcək. Misal üçün, bu təşkilat sənin məhsulunu istəyir. Pulu də dövlət, yəni Kənd Təsərrüfatı Nazirliyi ödəyəcək. Sonra həmin təşkilata ödəyəcək. Yəni bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlara şamil olunur”.

Vahid Əhmədov Rüfət Aslanlını sərt tənqid etdi » Sfera.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Vahid Əhmədov 

Millət vəkili qeyd edib ki, fərmanda edilən dəyişiklik əsas fermerlər üçün əhəmiyyət daşıyacaq: “Çox vaxt məhsullarını sata bilmirlər, məhsulları xarab olur. Hansısa dövlətlə müqavilə bağlayırlar, həmin dövlət qəbul etmir. Hazırda dövlət çərçivəsində büdcədən maliyyə ayrılır. O maliyyə əsasında da o məhsullar Azərbaycanda qəbul olunur, fermerlərə vəsait ödənilir. Amma kimə verəcəklər, artıq bu dövlətin öz işidir. Bu çox böyük köməkdir. Ümumiyyətlə, bu gün Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışı ən ciddi problemdir. Mən də izlədim, Göyçayda fermerlər məhsullarını sata bilməyiblər, məhv olub gedib. Amma ola bilər ki, o məhsul hansısa bir nazirlikdə, məsələn,  Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, yaxud da Penitensiar Xidmətdə ona ehtiyac var. Özümüzün istehsal etdiyimiz məhsulları niyə xaricdən gətirməlidirlər? Portalda hər bir şey göstərilib. Məhsul nə qədər var, qiyməti neçəyədir və sairə. Fermerlər üçün asan olacaq. Daha gedib məhsulu üçün bazar axtarmayacaq, əziyyət çəkməyəcək. Nəqliyyat xərcləri kimi xərclər çəkməyəcək. Bu kimi məsələlər birdəfəlik həll olunacaq. Əsas da odur ki, ödəmə sistemi dövlət büdcəsi hesabına həyata keçirilir”.

Hazırladı: Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR